“Ümummilli Lider Heydər Əliyev mühazirələri”: BDU-da Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyevlə görüş
Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Türk Ağsaqqalları Birliyinin sədri, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, 1-ci dərəcəli “Vətənə xidmətə görə”, “Şöhrət” və “Şərəf” ordenli, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Sudeif İmamverdiyev ilə BDU tələbələrinin görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Ulu Öndərin zəngin irsinin, azərbaycançılıq ideologiyasının tələbə-gənclərə aşılanması onların milli ruhda formalaşması üçün vacib addımlardan biridir. YAP tərəfindən bu istiqamətdə çoxşaxəli tədbirlər görülür, ölkənin ali təhsilinin flaqmanı olan BDU da bu işə öz layiqli töhfəsini verir.
BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə Ulu Öndərin məzunu olması ilə fəxr etdiyi və ölkənin ən qədim ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində bu cür görüşlərin keçirilməsinin rəmzi mənası ilə yanaşı, xüsusi mənəvi yükünün olduğunu bildirib. Qeyd edib ki, fəaliyyəti ilə ölkədə yüksəkixtisaslı kadrların hazırlığı məktəbinin əsasını qoymuş Universitet hazırda bu missiyanı layiqli şəkildə davam etdirir. Hələ Ümummilli Liderin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrlərdən BDU-ya göstərilən xüsusi diqqət və qayğı bu gün onun siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev məruzəsində Ümumilli Lider Heydər Əliyevin fəaliyyətində təhsil siyasətinin rolundan bəhs edib. O bildirib ki, Ulu Öndərin milli mənafeyimizə əsaslanan təhsil siyasəti ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət edib: “Ulu Öndər 1969-1982-ci illərdə kadrların milliləşdirilməsi istiqamətində sistemli tədbirlər görməyə başladı. Dövlət qurumlarında azərbaycanlı kadrlar irəli çəkildi, azərbaycanlı gənclər keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi, ana dilimizə diqqət artırıldı, çoxlu təhsil müəssisələri açıldı, iqtisadiyyatımız inkişaf etdi. Bütün bunlar müstəqil dövlətin təməl daşları idi. 1990-cı ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin Naxçıvana dönməsi və 80 mindən çox azərbaycanlının onu qarşılaması xalqın sevgi, hörmət və rəğbətinin göstəricisi sayılırdı. Ulu Öndər 1993-cü ildə siyasi uçurumda olan Azərbaycanı bu bəladan xilas etdi, ölkədə iqtisadi-siyasi sabitlik yaratdı. Ümummilli Liderin Azərbaycan xalqına ən böyük ərmağanı isə özündən sonra Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsidir. O siyasi varis ki, ata vəsiyyətini yerinə yetirərək, 30 illik erməni işğalına son qoydu, suverenliyimizi bərpa edərək, tarixi qələbəni Azərbaycana yaşatdı”.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.