Tələbə Gənclər Təşkilatı

Bakı Dövlət Universitetində (BDU) gənclər siyasətinin həyata keçirilməsində, tələbələrlə tərbiyə işinin təkmilləşdirilməsi, tələbələr arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ideyalarının, milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və s. təbliği, gənclərin ölkənin və Universitetin ictimai həyatına daha fəal cəlb olunmasında 2005-ci ildən fəaliyyət göstərən BDU-nun Tələbə Gənclər Təşkilatı (BDU TGT) mühüm rol oynayır.

BDU TGT tələbə gənclərin vətənpərvərlik ruhunda, innovativ düşüncəli və bilikli mütəxəssislər kimi yetişdirilməsi istiqamətində sistemli iş aparır, tərbiyə işini, bu sahədə səmərəliyinin artırılmasını, təhsilalanlar arasında demokratik dəyərlərin təşviqini həyata keçirir. Tələbə-gənclərin Universitetin və ölkənin ictimai həyatına daha fəal qoşulmasını təmin edir. Təhsilalanlarla ideoloji işin gücləndirilməsi, onlarda elmə böyük həvəs oyadılması, tələbələrin ictimai həyatda iştirakının təşviq edilməsi, əmək fəaliyyətinə hazırlanması məqsədilə tədbirlər görür.

Təşkilat əsasən tələbələrin ictimai fəallığının artırılması, ölkə miqyaslı sosial layihələrdə, mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi, tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi, tələbələr arasında maarifləndirmə işinin aparılması, respublika və beynəlxalq müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi, tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi, tələbə gənclərlə bağlı həyata keçirilən tədbirlər, tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi və s. istiqamətində fəaliyyət göstərir.

Hazırda BDU TGT Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ən böyük və fəal üzvlərindən biridir.

Təşkilatın tərkibində Fərdi inkişaf klubu, İntellektual oyunlar klubu, Gənc istedadlar klubu, Diskussiya klubu, Actor club, Music club, Art club, Eco club fəaliyyət göstərir.