Azərbaycanın tərəqqisi, inkişafı və çiçəklənməsi uğrunda böyük əzmlə çalışan vətənpərvər ziyalıların çoxu bu milli təhsil ocağının yetirmələri olmuşlar... Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli lideri
Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti (BDU) müsəlman Şərqində yaradılmış Avropa tipli ilk ali məktəbdir. Zəngin və şərəfli tarixə malik olan BDU 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə təsis edilmişdir. Tarixin müxtəlif keşməkeşli dövrlərindən keçən Universitet bütün inkişafı boyu öz müqəddəs missiyasını şərəflə daşımış, ölkəmizin əsas elm və təhsil məbədi kimi nüfuz qazanmışdır.
1919-cu ildə Tarix-filologiya və Tibb fakültələri ilə fəaliyyətə başlayan Universitetdə noyabrın 15-də ilk mühazirə oxunmuşdur. Xalq Cümhuriyyəti dövründə çox qısa zaman ərzində fəaliyyət göstərsə də, xalqımızın maariflənməsinə mühüm töhfələr vermişdir.
Sovet hakimiyyəti illərində hər cür təzyiq və basqılara rəğmən ölkəmizdə elm və təhsilin mərkəzi, xüsusilə milli ruhun daşıyıcısı olmuşdur. 1969-cu ildən – Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etməsindən sonra BDU-nun həyatında yeni mərhələ başlamış, Azərbaycan elminin və təhsilinin flaqmanı kimi ölkədə və ittifaq respublikalarının təhsil və elm ocaqları arasında böyük nüfuz qazanmışdır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra öz inkişafının yeni mərhələsinə qədəm qoyan BDU elmi potensialını və maddi-texniki bazasını daha da möhkəmləndirmişdir. Azərbaycan xalqının Ümummilli Lideri, BDU-nun ən böyük məzunu Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və qayğısını əsirgəmədiyi Universitet ölkəmizdə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirən, fundamental elmi-tədqiqat işlərinin aparıldığı əsas elm və təhsil mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. 2019-cu il 26 noyabr tarixində cənab Prezident yubiley mərasimində proqram xarakterli çıxış etmişdir.
1919-cu ildə 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Universitetdə hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, elmi-tədqiqat mərkəz və laboratoriyaları, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 lisey fəaliyyət göstərir. Universitetdə ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbə təhsil alır. 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 1000 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir.
Bu gün BDU-da 86 ixtisas, 264 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Dünyanın nüfuzlu universitetləri ilə (İsrailin HUJİ, Holon Texnologiya İnstitutu, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Fransanın Lumière Lyon 2 Universiteti, İsveçrənin UBİS, ABŞ-nin Linkoln Universiteti, Qazaxıstanın Satbayev adına Qazax milli Tədqiqat Texniki Universiteti və s.) 11 ikili diplom proqramı həyata keçirilir.
Hazırda Universitetdə tədris tarixi ənənələrin və innovativ dünya təcrübəsinin vəhdəti şəklində həyata keçirilir, elmi-tədqiqat işlərinin məzmunu yenilənir, beynəlxalq akademik əlaqələr, eyni zamanda ölkədaxili əməkdaşlıq, xüsusilə sənaye müəssisələri ilə əlaqələr inkişaf etdirilir. Tələbələrin yüksək səviyyədə təhsil almaları, elmi-tədqiqata təşviq olunmaları və dəstəklənmələri üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Tələbələr müxtəlif platformalarda Universitetin idarəçilliyinə cəlb olunur, tələbə təşkilatlarının rolu günbəgün artırılır.