Ali Təhsildə Dayanıqlılığın İnkişafı Assosiasiyası (The Association for the Advancement of Sustainability in Higher Education - AASHE) ali təhsildə davamlılığın inkişafı üçün aparıcı qurumdur. 2005-ci ildə yaradılmış AASHE 22 ölkədən 900-dən çox ali təhsil müəssisəsi, müəssisə və qeyri-kommersiya təşkilatından ibarətdir. AASHE üzvlüyü icma kolleclərindən tutmuş tədqiqat universitetlərinə və davamlılıq proqramlarına yeni başlayan institutlardan uzunmüddətli kampus dayanıqlılığı liderlərinə qədər bütün ali təhsil müəssisələri və təşkilatları üçün nəzərdə tutulmuşdur. AASHE ali təhsil sahəsində çalışan müəllimlərə, idarəçilərə, işçilərə və tələbələrə effektiv dəyişiklikləri izləmək və dayanıqlılıq innovasiyalarının iştirakçıları olmaq imkanı verir. Bakı Dövlət Universiteti 2024-cü ildən Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının üzvüdür. |
|
Əsası 1990-cı ildə qoyulmuş Avropa Paytaxtları Universitetləri Şəbəkəsi (Network of Universities from the Capitals of Europe - UNICA) Avropa paytaxtlarında yerləşən universitetlərin institusional şəbəkəsidir və 40 paytaxtdan nüfuzlu qlobal reytinqlərdə top-1000-də təmsil olunan 53 universitetdən ibarətdir. UNICA üzvləri arasında ali təhsil və tədqiqat sahələrində beynəlxalq əməkdaşlığı genişləndirməyi və gücləndirməyi, akademik nüfuzu yüksəltməyi və akademik icmalar arasında şəbəkələşməni artırmağı hədəfləyir. Bakı Dövlət Universiteti UNICA-nın İsveçin paytaxtı Stokholmda baş tutan Baş Assambleyasında quruma daxil olan üzvlərin sesverməsi ilə 2024-cü ildə quruma tamhüquqlu üzv qəbul edilib. BDU UNICA-da ölkəmizi və paytaxtımızı təmsil edən yeganə ali təhsil müəssisəsidir. |
|
Bakı Dövlət Universiteti (BDU) 2024-cü ildə Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyasına (World Association of Industrial and Technological Research Organizations - WAITRO) tamhüquqlu üzv seçilib. Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyası 1970-ci ildə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında yaradılmış müstəqil, qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. Assosiasiya beynəlxalq miqyasda tədqiqat və texnologiya təşkilatları, o cümlədən tədqiqat universitetləri də daxil olmaqla elm, texnologiya və innovasiya sahələrində maraqlı tərəfləri bir araya gətirir. Özünün hərtərəfli fəaliyyəti sayəsində üzv və tərəfdaş təşkilatlar arasında davamlı gələcək üçün qlobal problemlərin həlli istiqamətində irəli sürülən təklif, innovativ ideya və nailiyyətləri əlaqələndirir, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq imkanlarını gücləndirir. Hazırda dünyanın 75-dən çox ölkəsinin 170-dən artıq qurumu bu assosiasiyaya üzvdür. Yüz mindən çox tədqiqatçının cəmləşdiyi assosiasiyada 100-dən çox layihə həyata keçirilməkdədir. BDU Cənubi Qafqaz regionundan WAITRO-da yeganə üzvdür. |
|
Əsası 1951-ci ildə qoyulan Beynəlxalq Astronavtika Federasiyası (IAF) dünyanın aparıcı kosmik agentlikləri, şirkətləri, tədqiqat institutları, universitetləri, cəmiyyətləri, assosiasiyaları, institutları və muzeyləri də daxil olmaqla, 75 ölkədən 468 üzvü ilə dünyanın aparıcı kosmik təbliğat qurumudur. Dünyanın əsas qlobal kosmik tədbiri olan illik Beynəlxalq Astronavtika Konqresinin (IAC) və digər tematik tədbirlərin təşkilatçısı kimi IAF astronavtikanın dinc məqsədlərlə inkişafını fəal şəkildə təşviq edir və kosmosla bağlı elmi və texniki məlumatların yayılmasını dəstəkləyir. Bakı Dövlət Universiteti 2023-cü ildə Federasiyanın sıralarına qoşulmuşdur. |
|
İslam Dünyasının Universitetləri Federasiyası - 2022-ci ilin fevral ayından etibarən Bakı Dövlət Universiteti (BDU) İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) çərçivəsində fəlaiyyət göstərən İslam Dünyasının Universitetləri Federasiyasının (FUIW) üzvüdür. |
|
Avropa Universitetlər Assosiasiyası - 48 ölkənin 800-dən çox universitetinin təmsil olunduğu Avropa Universitetləri Assosiasiyası qlobal dayanıqlı inkişafda əhəmiyyətli rol oynayan bir qurum olaraq fəaliyyət göstərir. Bir sıra Avropa və beynəlxalq təşkilatlarla davamlı qarşılıqlı əlaqəsi sayəsində EUA Avropa universitetlərinin müstəqil səsinin onların fəaliyyətinə təsir edəcək qərarların qəbul edildiyi məqamlarda eşidilməsini təmin edir. Həmçinin EUA geniş miqyasda universitetləri əhatə edən layihə və tədbirlərdə iştirak etməklə üzvlərinə ən yaxşı təcrübələri bölüşmək üçün misilsiz imkanlar təqdim edir. Bakı Dövlət Universiteti 2022-ci ildən sözügedən assosiasiyanın üzvüdür |
|
Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası - Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası (SİMBA )1928-ci ildə Parisdə keçirilən İlk Beynəlxalq Sosial İş Konfransında yaradılmışdır. Sosial iş təhsili institutlarının, sosial iş təhsilini dəstəkləyən birliklərin və sosial iş müəllimlərinin qlobal assosiasiyası olan təşkilatın əsas missiyası aşağıdakılardır: |
|
Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili regional şəbəkəsi – STAR-NET- Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili regional şəbəkəsi (STAR-NET) 2015-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin dəstəyi ilə nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi məqsədilə təsis edilmişdir. Hal-hazırda 8 ölkədən 15 ali təhsil müəssisəsi şəbəkənin üzvüdür. Bakı Dövlət Universiteti 2015-ci ildən assosiasiyaya qoşulmuşdur. Sözügedən qurum texnologiyanın təkmilləşməsi ilə yanaşı reaktor sistemi üzərində nəzarəti, idarəetməni və işçi heyətinin hazırlığını təmin etmək imkanlarına malik təşkilatdır. STAR-NET Şərqi Avropa ölkələrini əhatə edir və hal-hazırda AEBA-nın nəzarəti altında bu qəbildən olan 4 şəbəkə mövcuddur. STAR-NET-in məqsədi bu şəbəkəyə qoşulmuş ölkələrdə nüvə biliklərini inkişaf etdirmək, idarə etmək, qorumaq və nüvə sahəsində ixtisaslı insan resursları ilə təmin etmək, həmçinin, təhlükəsiz nüvə texnologiyalarının inkişafı və istifadəsi üçün kadrların bacarıqlarını artırmaq, bu sahədə koordinasiya olunmuş tədris planlarının hazırlanması, tələbə, müəllim və tədqiqatçı mübadiləsinin asanlaşdırılmasından ibarətdir. |
|
Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası - Azərbaycan Respublikasının və Rusiya Federasiyasının universitetləri arasında təcrübə mübadiləsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Bakıda yaradılıb.Assosiasiyanın tərkibinə Rusiyadan 32, Azərbaycandan isə 12 ali məktəb daxildir. |
|
MDB ölkələrinin Nanotexnologiya Beynəlxalq İnnovasiya Mərkəzi - 2009-cu ildə Dubna şəhərində təsis edilmişdir. Mərkəz MDB ölkələrinin humanitar əməkdaşlıq fondunun dəstəyi ilə yüksək texnologiyaya söykənən nanosənayenin formalaşması, MDB ölkələri arasında innovasiya, tədqiqat və təhsil əlaqələrinin inteqrasiyasına kömək məqsədilə yaradılmışdır. Mərkəzin təsis sənədlərinin imzalanmasında 9 MDB ölkəsinin 14 təşkilatı, 4 milli akademiya, o cümlədən Azərbaycan Respublikasından Bakı Dövlət Universiteti iştirak etmişdir. |
|
Avrasiya Universitetlər Birliyi - 2008-ci ildə İstanbulda təsis edilib. Bir qrup Türkiyə, Balkan ölkələri, Azərbaycan, Orta Asiya, Rusiya, Ukrayna və Moldova ali məktəblərinin təsis etdiyi EURAS universitetlər arasında işbirliyini gücləndirmək, yeni layihələr həyata keçirmək məqsədi ilə yaradılmışdır. 125 üzvü var. |
|
Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumu (EİFL.net) - 1999-cu ildə yaranmışdır. Dünyanın 47 ölkəsində fəaliyyət göstərən 2300 kitabxana bu təşkilatın üzvüdür. 2003-ci ilin dekabrında Bakı Dövlət Universitetinin Elmi kitabxanasında yaradılmış və 2004-ci ilin fevralından fəaliyyətinə başlamış Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) yarandığı ildən təşkilatda təmsilçilik hüququ qazanmışdır. Respublika üzrə Bakı Dövlət Universiteti bu təşkilatın koordinatorudur. |
|
Qara Dəniz Universitetlər Assosiasiyası (BSUN) - 1998-ci ildə yaradılmışdır. Assosiasiyaya 12 ölkədən 100-dən çox universitet daxildir. Təşkilat cəmiyyətdə ali təhsilin rolunun, keyfiyyətinin və nüfuzunun qaldırılması, üzv universitetlər arasında təhsil, fundamental və tətbiqi tədqiqatların aparılması, uğurlu təcrübə mübadiləsi və müxtəlif birgə layihələrin işlənməsində müstəsna rol oynamaqdadır. Bakı Dövlət Universiteti 1998-ci ildə BSUN-nun sıralarına qoşulmuşdur. |
|
Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyası - 1996-cı ildə Həştərxan Dövlət Texniki Universiteti və Qorqan Kənd Təsərrüfatı Elmləri və Təbii Sərvətlər Universitetinin təşəbbüsü ilə yaradılmışdır. Bakı Dövlət Universiteti 1997-ci ildə Assosiasiyanın sıralarına qoşulmuşdur. Assosiasiyaya 5 ölkədən 55 universitet daxildir. |
|
Avrasiya Universitetlər Assosiasiyası - 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşəbbüsü ilə SSRİ Universitetlər Assosiasiyası kimi yaradılmış, 1992-ci ildə adı dəyişdirilərək Avrasiya Universitetlər Assosiasiyası adlandırılmışdır.Assosiasiyanın ali rəhbər orqanı Assosiasiya Qurultayıdır. Avrasiya Universitetləri Assosiasiyası “Universitet və cəmiyyət” beynəlxalq elmi-praktiki konfransların təsisçisi və təşkilatçısıdır. Bakı Dövlət Universiteti 1989-cu ildə Assosiasiyanın sıralarına qoşulmuşdur. Assosiasiyaya 13 ölkədən 139 universitet daxildir. |