Azərbaycanda elm siyasəti


 
 
 
Ümummilli Lider Heydər Əliyev
 
Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının iclasında
Heydər Əliyevin giriş və yekun sözü, 1999-cu il 17 mart
 
 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
 
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə
Prezident İlham Əliyevin çıxışı, 2019-cu il 26 noyabr
 
 
Müstəqilliyimizin bərpasından keçən 30 il ərzində dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə elm və təhsil sahələri sürətlə inkişaf edib, bu istiqamətdə nailiyyətlər qazanılıb. Bu sahələrin inkişafı, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı, bütövlükdə, ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilmişdir. Son illər ərzində ölkəmizdə milli maraqlara və bəşəri dəyərlərə əsaslanan müasir elm və təhsil sistemi formalaşmışdır.
 
Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyev bütövlükdə Azərbaycan təhsilinin və elminin qurucusu və dinamik inkişafının tənzimləyicisi kimi yaddaşlara əbədi həkk olunub. Belə ki, Ulu Öndər bu sahələrə xüsusi həssaslıqla yanaşırdı və öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edirdi: təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır.
 
Ötən əsrin 60-cı illərində 3-cü sənaye inqilabı baş vermişdi. Artıq istehsalat prosesində avtomatlaşma geniş miqyasda tətbiq olunur və kompüterləşmə sürətlənirdi. Heydər Əliyevin Respublikamızın inkişafı yolundakı böyük xidmətlərindən biri də məhz həmin illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində azərbaycanlıların elm, təhsil və mədəniyyətinin 80-dən atrıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq Azərbaycanlı gəncin keçmiş İttifaqın 50-dən artıq böyük şəhərinin 170-dən çox ən tanınmış ali məktəbində təhsil alması və yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şəraitin yaradılmasıdır. Məhz həmin dövrdə ölkəmizdə avtomatlaşdırılmış yeni-yeni zavodlar, fabriklər və iri sənaye müəssisələri tikildi. Azərbaycan müstəqillik qazandıqdan sonra məhz bu insan kapitalı bazasından səmərəli istifadə elm və təhsilin dinamik inkişafına zəmin yaratdı.
 
Müstəqillik əldə etdikdən sonra ölkəmizdə elm və təhsilin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndərin yenidən Azərbaycan rəhbərliyinə qayıdışından dərhal sonra elmə və alimlərə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində müşahidə edilən uzunmüddətli durğunluq inkişaf mərhələsi ilə əvəz olundu. Yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə müəllimlərin və alimlərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul edildi, tədbirlər həyata keçirildi. Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramının təsdiq edilməsi haqqında ölkə başçısının 1999-cu il 15 iyun tarixli sərəncamı elm-təhsil sahəsində yaranmış problemlərin aradan qaldırılması və Azərbaycanın elm, təhsil və iqtisadi sahələr üzrə regionun lider dövlətinə çevrilməsi istiqamətində müstəsna əhəmiyyətə malik dövlət sənədi oldu.
 
Ümummilli lider Heydər Əliyev elm və təhsilin ölkəmizin inkişafındakı rolundan danışarkən deyirdi: Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”. Ulu öndər elm və təhsil siyasətini daim prioritet olaraq önə çəkmiş, hər iki sahənin idarə edilməsində yeni yanaşmaların tətbiq edilməsini əsas vəzifələrdən biri hesab etmişdir.
 
Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğıya birbaşa olaraq dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsinə, xalqımızın tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən məqsədyönlü siyasətin tərkib hissəsi kimi baxılır. 4-cü sənaye inqilabının baş verdiyi XXI əsrdə elm, təhsil və sənayenin məharətlə əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə və müasir texnologiyalar və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsi ən aktual və prioritet məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm və davamlı işlər görülür.
 
Danılmaz həqiqətdir ki, ölkəmizdə 4-cü Sənaye İnqilabının sürətli axınında dayanıqlı və stabil ölkəyə çevrilmək üçün elektronlaşma və rəqəmsallaşmada sürətli elmi-texniki tərrəqiyə nail olmaq istiqamətində önəmli addımlar atılır. Ölkədə dövlət idarəetmə sisteminin, demək olar ki, bütün sahələri elektronlaşdırılıb. Həmçinin, Azərbaycanın kosmik ölkəyə çevrilməsi də 4-cü Sənaye İnqilabının formalaşdırdığı hədəflərin miqyasını təsəvvür etməyə imkan verir. Azərbaycanı regionda innovasiyalar mərkəzinə çevirmək üçün səsləndirilən fikirlər, Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədi yeni inqilabi dövrə ölkəmizin yanaşmasını ortaya qoyur. Ölkəmizdə rəqəmsallaşdırılmanın sürətləndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, informasiya texnologiyaları, kiber təhlükəsizlik və süni intellekt sahələrində bilik və bacarıqların yüksəldilməsi, milli kontentin inkişaf etdirilməsi, cəmiyyətin bütün üzvlərinin informasiya texnologiyalarının yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması diqqət mərkəzində saxlanılır.
 
 
Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən özünəməxsus kreativliklə və yeni çalarlarla zəngiləşdirilməklə keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının parlaq gələcəyinə xidmət edəcək səviyyədə peşəkarlıqla həyata keçirilir və gələcəyə daha böyük nikbinliklə baxmağa əsas verir. Əlbəttə ki, bütün bunların əsas meyarı elm və təhsilin inkişafının innovativ iqtisadi islahatlarla da uzlaşdırılmasıdır. Ölkə rəhbərinin müvafiq fərmanları ilə Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və ilk dəfə olaraq Elm haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Bu qanun müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir və bu sahənin inkişafı baxımından böyük önəmə malikdir. Qanunun qarşıya qoyduğu əsas vəzifələr Azərbaycan alimlərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək kimi vacib məsələlərdir. Qanun elmin inkişaf etdirilməsi, elmi məktəblərin yaradılması, elmi biliklərin yayılması və tanıdılması, elmi işçilərin əməyinin stimullaşdırılması, yaradıcı gənclərin elmi fəaliyyətə fəal cəlb edilməsi məqsədilə müxtəlif sosial həvəsləndirmə vasitə və mexanizmlərindən istifadə olunması, gənc alimlərin sosial müdafiəsinin yaxşılaşdırılması, doktorantura və magistraturanı müvəffəqiyyətlə bitirən gənc mütəxəssislərin müvafiq elmi vəzifəyə müsabiqədənkənar təyin olunması kimi əsas vəzifələri də qarşıya qoyur.
 
Son onilliklərdə ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət başçısının müvafiq fərman və sərəncamlarına əsasən, Gənclər FonduElmin İnkişafı Fondu (indiki Azərbaycan Elm Fondu) yaradılmış, Gənclər üçün Prezident Mükafatı, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları təsis edilmiş, Mərkəzi Elmi Kitabxananın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları müasir üslubda tikilib istifadəyə verilmiş, bir şox elm və təhsil qurumları əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya  Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər, bütövlükdə, Azərbaycanda elmin inkişafına böyük təkan vermişdir.
 
Strategiya çərçivəsində elm sahəsində idarəetmə sisteminin və elmi infrastrukturun modernləşdirilməsi, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, elmi-mədəni problemlərinin həllinə, dünya elminin inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirilməsi, elmi-tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, beynəlxalq elm məkanına inteqrasiya istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Elm və təhsilin davamlı inkişafı ölkədə gənclər siyasətinin düzgün qurulmasından da bilavasitə asılıdır. Çünki, müasir Azərbaycan gəncliyi digər sahələrlə yanaşı, elm və təhsilin də davamlı inkişafının, innovasiyaların tətbiqinin hərəkətverici qüvvəsi və gələcək üçün qarantıdır.
 
Müstəqilliyimizin zəmanəti olan elm, təhsil və innovasiyalar – bilik, savad və müasirlikdir, gəncliyi gələcəyə aparan işıqlı yoldur. Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın yeni, məsuliyyətli və mürəkkəb mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolunu məhz bu sahələrin rəqabətədavamlı inkişafında, onların müasir tələblər səviyyəsinə çatdırılmasında görür. Bu proseslərdə isə gənclərin böyük potensialından rasional istifadə olunmaqdadır. Azərbaycanın innovasiyaların tətbiqini nəzərdə tutan yeni xarakterli inkişaf strategiyası isə qlobal rəqabət şəraitində ölkənin elmi potensialının davamlı şəkildə yüksəldilməsini, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından rasional şəkildə istifadə olunmasını nəzərdə tutur.
 
Bu gün Azərbaycanda innovativ biliklərə və tətbiqlərə əsaslanan yeni texnologiyaların yaradılması, innovativ və rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasına, universitet və elmi-tədqiqat müəssisələrində elmi və innovativ proseslərin idarə olunmasına, prioritet istiqamətlərin düzgün və çevik olaraq müəyyənləşdirilməsinə, elmi nəticələrin kommersiyalaşdırılmasına, təhsilalanlarda, müəllim və alimlərdə yaradıcı və innovativ yönümlü düşüncənin inkişaf etdirilməsinə xüsusi diqqət verilir, uyğun şərait yaradılır. Elə bu səbəbdəndir ki, bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən və modernləşən dövlət kimi tanınır və qəbul edilir, beynəlxalq indekslər üzrə sıralamada inamla irəliləyir.
 
Son illər ölkəmizdə həyata keçirilən islahatların başlıca məqsədlərindən biri də beynəlxalq təcrübədən istifadə etməklə innovasiyaların inkişafı üçün zəruri olan bütün şərait və imkanların, rəqabətədavamlı insan kapitalının formalaşdırılması və rəqabətədavamlı milli innovasiya sisteminin yaradılmasıdır. Çünki bu gün müasir dünya bazarına çıxış üçün həlledici amil rəqabətqabiliyyətli və innovativ sənayenin yaradılması və inkişaf etdirilməsidir. Sənayenin rəqabətqabiliyyətliliyi isə artıq investisiyaların həcmi ilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir.
 
Hazırda cəmiyyətimizin bütün səviyyələrində innovasiya fəaliyyətinin genişləndirilməsi və tətbiqinin sürətləndirilməsi məqsədilə bütün istiqamətlərdə stimullaşdırıcı mexanizmlərin işlənib-hazırlanmasına start verilmişdir. Bu məsələ Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır.
 
Dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifələr sırasında sosial-iqtisadi inkişafın innovativ və kreativ vasitələrlə sürətləndirilməsi də mühüm yer tutur. İnnovasiya proseslərinin intensivliyinin artırılması hazırda qlobal iqtisadi sistemdə baş verən dəyişikliklərin mühüm istiqamətlərindəndir. Bu mənada, tədqiqat və sənaye qurumları ilə əməkdaşlıq edən və innovativ inkişaf sisteminə malik təhsil müəssisələri cəmiyyətimizin təhsil və elm sahəsində yüksəkixtisaslı kadrlara olan ehtiyacını təmin etməklə yanaşı, “sosial ehtiyacların ödənilməsi” missiyasını da öz üzərlərinə götürür. Əlbəttə ki, bu missiyanın yerinə yetirilməsində əlverişli “öyrənmə-öyrətmə” mühiti ilə yanaşı, çevik qərarlar qəbul edə bilən istedadlı mütəxəsisslərin, xüsusilə də, gənc nəslin də olması vacibdir. Məhz belə təhsil müəsisələrində elmi araşdırmalar və innovasiyalar təhsil prosesinin ayrılmaz tərkib hissəsinə çevrilir, əmək bazarında rəqabətədavamlı yüksək ixtisaslı mütəxəssislər hazırlanır, nəticəsi nüfuzlu elmi nəşrlərdə dərc olunan və prioritet istiqamətlərdə elmi tədqiqatlar aparılır və patentlərin lisenziyalaşdırılması yolu ilə elmi-tədqiqat yönümlü yeni texnologiyaların inkişafına mühüm töhfə verilir.
 
Azərbaycan gəncləri hər zaman dövlətimizin diqqət mərkəzindədir və onların hərtərəfli inkişafı ölkəmizin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir. Yetişməkdə olan gənc nəslin öz bilik, savad və bacarıqlarının, böyük potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə özünə layiqli yer tutmasını və xidmətini təmin edən şəraitin yaradılması məqsədilə dövlətin gənclər siyasətinin tərkib hissəsi kimi prioritetlər müəyyənləşdirilmiş və kompleks tədbirlər mütəmadi olaraq həyata keçirilməkdədir. Son illər ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında gənclərin fəal iştirakı, yeni tələbə və gənclər təşkilatlarının formalaşması və onların inkişafı üçün hər cür şəraitin yaradılması, gənclərin sosial problemlərinin həlli, beynəlxalq əməkdaşlıq sahəsində layihələrinin həyata keçirilməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması, Azərbaycanda bununla bağlı mötəbər tədbirlərin, forumların keçirilməsi, daşıyıcısı gənclər olan mədəniyyətlərarası dialoqun təşkili istiqamətində qətiyyətli addımlar atılıb, mühüm qərarlar qəbul edilmişdir.
 
Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. Bu proqram çərçivəsində yüzlərlə gənc dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirir. Azərbaycan gəncləri ölkənin elmi, ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli fərmanı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə Gənclər üçün Prezident Mükafatı təsis olundu. Həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində, milli vətənpərvərlik ruhunda inkişaf etməsində, gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasında mühüm rol oynayıb. 44 günlük Vətən müharibəsi dövründə biz bunun bir daha şahidi olduq.
 
Son illərdə ölkədə aparılan kadr islahatları, gənclərin dövlət strukturlarında məsuliyyətli vəzifələrə təyinatı müasir dövrdə ölkəmizdə dərin bilikli və yüksək bacarıqlı gənc kadrlar korpusunun formalaşmasında, yüksək təhsil göstəriciləri olan gəncləri cəlb etməklə idarəçilik sistemində beynəlxalq təcrübənin öyrənilməsi və innovativliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ölkənin kadr potensialında aparılan gəncləşmə siyasəti bu gün, bir çox sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də öz bəhrəsini verməkdədir. Ali təhsil almış gənclərə göstərilən yüksək etimad müxtəlif ixtisaslar üzrə elmi biliklərə yiyələnən tələbələrin stimullaşdırılması baxımından xüsusilə əhəmiyyətlidir.
 
Müasir dövrdə də ölkəmizdə mövcud elmi potensialdan səmərəli istifadə etmək, onu ictimai tərəqqinin mühüm hərəkətverici qüvvələrindən birinə çevirmək ümdə vəzifələrdəndir. Bunun üçün elmin təşkilati strukturunun milli xüsusiyyətlərə, imkanlara və çağdaş tələblərə uyğun surətdə optimallaşdırılmasına, müxtəlifyönlü və fərqli tabeli qurumlardakı elm-təhsil, elmi-tədqiqat müəssisələrinin, o cümlədən sahə elmlərinin əlaqələrinin təkmilləşdirilməsi məqsədilə ciddi tədbirlərin görülməsinə böyük ehtiyac vardı. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi yolunda mühüm sənəddir. Sənədə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra elmi müəssisə və təşkilatları, habelə digər qurumları Elm və Təhsil Nazirliyinin, bir neçə muzeyi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi. Göründüyü kimi, keçmiş SSRİ Elmlər Akademiyasının orbitindən qopmuş və təşkilati forması yeni masştabda tələblərə uyğun olmayan AMEA-nın hazırkı vəziyyətini qoruyub saxlamaqdansa, mövcud elmi potensialdan, bu sahədəki sərvətlərimizdən səmərəli istifadə etməklə daha mobil, çevik, optimal və məqsədyönlü bir qurum yaratmaqdır, yəni qısaca desək, məqsəd EA-nı deyil, elmi potensialı böyük intellekt sahiblərini qoruyub saxlamaq və bu elmi potensialın bazasında rentabelli, işlək bir elm modeli qurmaqdır.
 
Azərbaycan dövlətinin elm, təhsil və gənclər siyasətinə ölkəmizin ali təhsil ocaqlarının flaqmanı olan Bakı Dövlət Universiteti də öz məxsusi töhfəsini verməkdədir. Universitet rəhbərliyi və professor-müəllim heyətinin ümdə məqsədi gənclərin savadlı, dərin bilikli və yüksək bacarıqlı, geniş dünyagörüşünə malik, vətənpərvər və dövlətçilik ənənələrinə sadiq vətəndaş kimi formalaşdırılması, Azərbaycanın parlaq gələcəyini təmin edə biləcək yüksəkixtisaslı peşəkar kadrlar yetişdirməklə ölkəmizin intellektual insan kapitalını zənginləşdirməkdir.