
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) 2005-ci ildən fəaliyyət göstərir. Təşkilat dövlət gənclər siyasətinin həyata keçirilməsində, tələbələr arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ideyalarının, milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və s. təbliği, gənclərin ölkənin və Universitetin ictimai həyatına daha fəal cəlb olunmasında əhəmiyyətli rol oynayır.
BDU TGT tələbə gənclərin vətənpərvərlik ruhunda, innovativ düşüncəli və bilikli mütəxəssislər kimi yetişdirilməsi istiqamətində sistemli iş aparır, tərbiyə işini, bu sahədə səmərəliyinin artırılmasını, təhsilalanlar arasında demokratik dəyərlərin təşviqini həyata keçirir. Tələbə gənclərin Universitetin və ölkənin ictimai həyatına daha fəal qoşulmasını təmin edir. Təhsilalanlarla ideoloji işin gücləndirilməsi, onlarda elmə böyük həvəs oyadılması, tələbələrin ictimai həyatda iştirakının təşviq edilməsi, əmək fəaliyyətinə hazırlanması məqsədilə tədbirlər görür.
Təşkilat əsasən tələbələrin ictimai fəallığının artırılması, ölkə miqyaslı sosial layihələrdə, mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi, tələbələr arasında maarifləndirmə işinin aparılması, respublika və beynəlxalq müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi, tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi, tələbə gənclərlə bağlı həyata keçirilən tədbirlər, tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi və s. istiqamətində fəaliyyət göstərir.
Hazırda BDU TGT Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ən böyük və fəal üzvlərindən biridir. BDU TGT Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Gənclərin İnkişaf və Karyera Mərkəzi və s. qurumlarla sıx əməkdşalıq edir, birgə tədbirlər və layihələr həyata keçirir.
BDU TGT 2021 və 2023-cü illərdə “İlin Tələbə Gənclər Təşkilatı” nominasıyasının, 2024-cü ildə isə BDU TGT-nin sədri Ələkbər Həsənov “İlin Tələbə Gənclər Təşkilatı sədri” nominasiyasının qalibi olmuşdur.
Təşkilatın tərkibində “Fərdi inkişaf klubu”, “İntellektual oyunlar klubu”, “Gənc istedadlar klubu”, “Diskussiya klubu”, “Actor club”, “Music club”, “Art club”, “Eco club” fəaliyyət göstərir.