Gənc İstedadlar Liseyi

Ulu öndər Heydər Əliyev gənclərin hərtərəfli, ahəngdar inkişafında təhsilin imkanlarını yüksək qiymətləndirir, millətin, müstəqil dövlətin təməli olan təhsilə xüsusi qayğı göstərirdi. Heydər Əliyev siyasi kursunun ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də gənclərdə vətəndaşlıq mövqeyinin formalaşmasında, xüsusi istedadı olan gənclərin üzə çıxarılmasında təhsilə xüsusi önəm verir. Təsadüfi deyildir ki, 17 aprel 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” qəbul edilmişdir. Bu proqrama uyğun olaraq Respublika Təhsil Naziriliyinin razılığı ilə 2007-ci ildən BDU nəzdində “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Liseyin başlıca vəzifəsi milli amallara xidmət edəcək gənc istedadları axtarıb üzə çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq, dərin biliyə, həmçinin yüksək mənəvi keyfiyyətlərə malik gənclər yetişdirməkdən ibarətdir. Lisey öz fəaliy-yətində ümumtəhsil məktəblərinin nümunəvi tədris proqramlarını əsas götürməklə yanaşı, həmçinin BDU-nun Elmi Şurasının tövsiyələrini, təhsil və tərbiyə haqqında müasir pedaqogikanın son nəaliyyətlərini də rəhbər tutur. Lisey təsisçisi Bakı Dövlət Universitetidir; lisey BDU-nun tabeliyindədir. Lisey 19 ildir fəaliyyət göstərir, belə ki, hazırda tələb olunan kadrlara və maddi-texniki bazaya malikdir.

Liseydə tədris Azərbaycan və rus dilindədir. Şagirdlər V-XI siniflərdə təhsil alırlar. Liseydə idarəetmənin struktur komponentləri: pedaqoji şura, direktor, tədris (təlim-tərbiyə), litsey (gimnaziya) v s. profil, Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı və təsərrüfat işləri üzrə direktor müavinləri, metodiki şuralar, sinif rəhbərləri, valideyn komitəsi. Şagirdlərin təlim-tərbiyəsi ilə 69 müəllim məşğul olur. Bunların içərisində 13 nəfər fəlsəfə doktoru, 1 nəfər əməkdar müəllim, 1 nəfər Tərəqqi medalına layiq görülən, ali kateqoriyalı müəllimlər, müxtəlif vaxtlarda ilin ən yaxşı müəllimi adını alanlar, həm də Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı ilə mükafatlandırılan qabaqcıl təhsil işçiləri var. Müəllimlər müsabiqə yolu ilə seçilərək əmək müqaviləsi ilə fəaliyyət göstərirlər. Müsabiqədə həm orta məktəb müəllimləri, həm də ali məktəb və elmi-tədqiqat institutlarının əməkdaşları iştirak edirlər.

Liseyi, təlim-tərbiyə prosesi inkişaf etdirmək və təkmilləşdirmək, eləcə də müəllimlərin peşə ustalığını, yaradıcılıq meylini yüksəltmək məqsədilə liseydə Pedaqoji şura yaradılmışdır. Pedaqoji Şura Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun fəaliyyət göstərir. Pedaqoji şuranın tərkibinə direktor, direktor müavinləri, bütün müəllimlər, əlaçı şagird və valideynlər komitəsinin sədri daxildir. Tədris ili ərzində pedaqoji şuranın 6-8 iclası keçirilir.

2024-2025-ci tədris ilində liseyin V-XI siniflərində 627 nəfər şagird təhsil alır.
İstedadlı şagirdlərin liseyin V sinfinə qəbulu hər il iyun ayının ikinci yarısında təst və müsabiqə yolu ilə həyata keçirilir. Qəbulu BDU rektorunun əmri ilə yaradılmış qəbul komissiyası həyata keçirir. Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi lisey daxili yoxlamalar, Elm və Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin sınaq imtahanları, həmçinin digər qurumların keçirdiyi “Bilik” yarışları vasitəsilə həyata keçirilir. Lisey Pedaqoji Şurasının qərarı, valideynlərin razılığı ilə riyaziyyat, fizika və kimya fənlərindən şagirdlərin biliyi yazılı, digər fənlərdən isə şifahi yoxlamalar yolu ilə qiymətləndirilir. Bu üsul onların təfəkkürünün və nitq mədəniyyətinin inkişafına kömək edir. V-VII siniflərdə şagirdlərin ifadə, yuxarı siniflərdə isə inşa yazmalarına xüsusi diqqət yetirilir. Buraxılış sinif şagirdlərinin biliyinin müqayisəli təhlili, tədris illəri üzrə lisey şagirdlərinin mənimsəmə və keyfiyyət göstəriciləri və əlaçı şagirdlər haqqında məlumat tədris prosesində tətbiq etdiyimiz üsulun düzgünlüyünü təsdiq edir.