Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyev muzeyi 1997-ci ildə Ulu Öndərin şəxsi razılığı ilə yaradılmışdır. Muzey BDU-nun məzunu və Fəxri doktoru olmuş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideyasının dərindən öyrənilməsini, tədqiqini və geniş təbliğini həyata keçirir. Muzeyin fəaliyyəti Ulu Öndərin keçdiyi şərəfli həyat yolunu əks etdirən konkret fakt və materialların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, BDU-da təhsil alan gənclərin əsl vətəndaş, şəxsiyyət kimi formalaşması, onlara vətənə məhəbbət, sədaqət, Azərbaycançılıq ideyasına və milli-mənəvi dəyərlərə bağlılıq kimi dəyərlərin aşılanması baxımından böyük əhəmiyyət kəsb edir.
Muzeydə dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar – sənədlər və fotolar mühafizə olunur.
Heydər Əliyev muzeyi və muzeyin tərkibində fəaliyyət göstərən Heydər Əliyev lektoriyası Ulu Öndərin 100 illik yubileyi münasibətilə 2023-cü ildə yenidən qurulmuş, elektronlaşdırılmış və yeni eksponatlarla zənginləşdirilmişdir.
Muzeydə eksponatlar və audiovizual materiallar 5 bölmədə təqdim olunur. Ulu Öndər Heydər Əliyevin mənalı həyatı, 1969-cu ildən 2003-cü ilədək olan dövrü ilə bağlı olan böyük şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən nadir fotolar, gəncliyi, Azərbaycana ilk dəfə rəhbərlik etdiyi vaxtlar, Moskvada işlədiyi, Naxçıvanda yaşadığı illər, Bakıya qayıdışı, müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövrünə aid foto və sənədlər, elektron monitorlarda foto, sənəd və filmlər yer alır.
Birinci bölmə Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolunu əks etdirir. Burada onun uşaqlıq, gənclik dövrü, ailə üzvləri ilə fotoları, Heydər Əliyevin keçdiyi təkrarolunmaz həyat yolunun təsirli epizodlarını, tarixi anlarını özündə yaşan fotolar yer alır.
İkinci bölmə Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrü əhatə edir. Burada dahi şəxsiyyətin sovet hakimiyyəti illərində respublikamıza rəhbərliyi dövründə aparılan abadlıq və quruculuq işləri, respublikamızın güclü sosial-iqtisadi bazasının və intellektual potensialının gücləndirilməsi uğrunda fəaliyyətini, zəhmətkeşlərlə görüşlərini əks etdirən fotolar yer alır.
Üçüncü bölmə Ulu Öndər Heydər Əliyevin Sovet dövlətinin rəhbərlərindən biri, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı 1982-1987-ci illəri əhatə edir. Burada Heydər Əliyevin Sovet İttifaqının sosial-iqtisadi həyatının ən mühüm sahələrinə rəhbərliyi zamanı ittifaqda quru və dəniz yollarının tikintisi, nəqliyyat-kommunikasiya, dəmir yolu tikintisi, səhiyyə və mədəniyyət, elm və təhsilin inkişafı üçün gördüyü çoxşaxəli fəaliyyətini, eləcə də xarici ölkələrə işgüzar səfərləri, əcnəbi qonaqlarla görüşlərini və s. əks etdirən fotolar yer alır.
Dördüncü bölmə Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövrünü əks etdirir. Burada Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışı, ölkəni xaos və parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etmək üçün apardığı mübarizə, gənc müstəqil respublikanın dövlətçilik əsaslarının yaradılması, ordu quruculuğu, iqtisadiyyatın dirçəldilməsi, beynəlxalq əlaqələrin qurulması və s. istiqamətində yorulmaz fəaliyyətini əks etdirən fotolar yer alır. Böyük siyasi fəhmi və qətiyyəti ilə xalq üçün taleyüklü və həlledici anlarda liderlik missiyasını həyata keçirən tarixi şəxsiyyətin müstəqilliyin qorunması və möhkəmləndirilməsi, dünya azərbaycanlılarının həmrəyliyi uğrunda gördüyü misilsiz işlər, cəbhə xəttində əsgərlərlə, qaçqın və məcburi köçkünlərlə görüşləri, dünya liderləri ilə danışıqları və s. əhatə edən nadir fotolar da bu bölmədə təqdim olunur.
Beşinci bölmədə BDU-nun ən böyük məzunu, Ulu Öndər Heydər Əliyevin BDU-ya səfərləri, Universitetin yubileylərində çıxışları, Universitet kollektivi ilə görüşlərini əks etdirən fotolar yer alır.
Hər bölmə üzrə audiovizual materiallar – Ulu Öndərin çoxşaxəli dövlətçilik fəaliyyətindən bəhs edən sənədli filmlər, sənəd və fotolar elektron formada da təqdim olunur.
Heydər Əliyev Muzeyinin tərkibində Heydər Əliyev lektoriyası fəaliyyət göstərir. Lektoriyada müntəzəm olaraq Ümummilli Liderin dövlətçilik irsinin və Azərbaycançılıq ideologiyasının öyrənilməsi və təbliğinə həsr olunmuş mühazirələr təşkil olunur. Lektoriyada Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, ədəbiyyat və mədəniyyət nümayəndələri, BDU-nun nüfuzlu alimləri Ulu Öndərin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan Azərbaycançılıq ideologiyasından, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi həyata keçirdiyi işlərdən, Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin və milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində misilsiz fəaliyyətindən bəhs edən mühazirələr oxuyurlar.
.