.jpg)
“BDU könüllüləri” təşkilatı 2019-cu ildən fəaliyyət göstərir və bu günədək Bakı Dövlət Universitetində (BDU) könüllülük hərəkatının əsas mərkəzlərindən birinə çevrilmişdir. Hazırda təşkilat özündə 1500-ə yaxın könüllü tələbəni birləşdirərək onların bilik, bacarıq və sosial məsuliyyətlərinin artırılmasına xidmət edir.
2020-ci ildən etibarən “BDU könüllüləri” təşkilatı bir sıra uğurlu layihələrə imza atmış, universitetdə könüllülük hərəkatının genişlənməsinə mühüm töhfələr vermişdir. Tələbə təşkilatları ilə sıx əməkdaşlıq şəraitində sosial layihələr, maarifləndirici proqramlar, mədəni-kütləvi tədbirlər və müxtəlif humanitar aksiyalar həyata keçirilmişdir.
Bu gün könüllülər BDU-nun müxtəlif struktur bölmələrində fəaliyyət göstərməklə təcrübə toplayır, Universitetin ictimai həyatında fəal iştirak edir və gələcək karyeraları üçün əhəmiyyətli bilik və bacarıqlar qazanırlar. Hazırda 100-dən çox könüllü ən az 3 ay müddətinə universitetin müxtəlif struktur bölmələrində aktiv fəaliyyətini davam etdirir.
“BDU könüllüləri” təşkilatı yalnız Universitet çərçivəsində deyil, eyni zamanda respublika və beynəlxalq səviyyəli tədbirlərdə də fəal iştirak edir. Könüllülər ölkəmizdə keçirilən sosial layihələrə, humanitar aksiyalara və irimiqyaslı tədbirlərə qoşularaq dövlət gənclər siyasətinə və könüllülük hərəkatının inkişafına öz töhfələrini verirlər. Buna nümunə kimi Laçın-Xankəndi yolunda təşkil olunmuş ekoloji aksiyada 450-dən artıq BDU könüllüsünün iştirakı göstərilə bilər.
Təşkilat, həmçinin, könüllülük sahəsində əməkdaşlığın gücləndirilməsinə və ölkəmizdə fəaliyyət göstərən digər könüllü təşkilatlarla qarşılıqlı əlaqələrin qurulmasına xüsusi diqqət yetirir. Bununla yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi, könüllülük dəyərlərinin gənclər arasında təşviqi və təbliği istiqamətində ardıcıl fəaliyyət həyata keçirir.
BDU-da könüllülük hərəkatının daha da inkişaf etdirilməsi məqsədilə BDU Elmi Şurasının 2023-cü il 27 oktyabr tarixli qərarı ilə “BDU Könüllüləri” təşkilatına rəsmi status verilmiş, Universitetdə könüllülük proqramı və könüllülük fəaliyyətinin qaydaları təsdiq olunmuşdur. Bu qərar təşkilatın fəaliyyətinin institusional əsasda inkişafına, könüllülük ənənələrinin möhkəmləndirilməsinə və tələbələrin ictimai fəallığının artırılmasına xidmət edir.