Azərbaycanın ən gözəl guşələrindən biri olan Altıağac qəsəbəsində Bakı Dövlət Universitetinin Tədris-təcrübə bazası (TTB) 1990-cı ildən fəaliyyət göstərir. Bazada yeni kotteclər və akt zalı inşa olunaraq istifadəyə verilmişdir. 2001-ci ildə Altıağac TTB əsaslı təmirdən sonra həm də professor-müəllim heyətinin istirahəti üçün istifadə edilir.
Altıağac qəsəbəsi Böyük Qafqazın ətəklərində və Bakıdan 120 km məsafədə, dəniz səviyyəsindən təxminən 1100 metr yüksəklikdə yerləşir. Mülayim-isti iqlimə malikdir. Altıağac qəsəbəsində yayda mütləq maksimum temperatur +39.8, qışda mütləq minimum temperatur isə - 24 dərəcədir. Burada havanın nisbi rütubətliyi 73%, yanvarda 82%, iyulda 59%-dir. Orta illik yağıntının miqdarı 587mm, ən çox yağıntılı aylar fevral (77mm), iyun (92 mm), sentyabr (99.6 mm), ən az yağıntılı aylar iyul (30 mm), avqust (10 mm), dekabr (10 mm)-dir. Bazanın yerləşdiyi Ataçay çayının hövzəsində palıd, vələs, fısdıq, cır armud, alma, əzgil ağacları, yemişan, itburnu, zirinc, murdarça, yovşan kolları və digər bitkilər geniş yayılıb.
Gözəl, füsunkar təbiətinə, təmiz havasına görə Şirvan xanlarının istirahət yeri kimi nəzərdə tutulmuş Altıağac o zamankı paytaxt Şamaxıdan 42 km (1 ağac təxminən 7km-ə bərabər götürülürdü) aralı yerləşdiyi üçün belə adlandırılmışdır. Altıağac qəsəbəsi iqliminə, havanın və suyun kimyəvi tərkibinə görə nəinki Azərbaycanın, həmçinin bütün Qafqazın mənzərəli məkanlarından biri sayılır.