Tələbə Həmkarlar İttifaqı Komitəsi

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (BDU THİK) 1974-cü ildən fəaliyyət göstərir. Komitə  tələbə gənclərin potensialının üzə çıxarılması, tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, sosial cəhətdən həssas qrupa daxil olan tələbələrə maddi dəstək verilməsi, onların sosial problemlərinin həll olunmasına yardım göstərən tələbə təşkilatıdır. Təşkilat öz sıralarında BDU-nun tələbə, magistrant və doktorantlarını birləşdirir.

BDU THİK tələbələrlə sistemli iş aparır, Ümummilli Lider Heydər Əliyev irsinin və azərbaycançılıq ideyasının öyrənilməsi və təbliği, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər həyata keçirir, onların ölkənin və BDU-nun ictimai həyatına fəal qoşulmasına kömək edir.

Təşkilat əsasən təhsilalanların hüquqlarının qorunması, onların Universitetetin ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə aktiv iştirakının təmin edilməsi, tələbələrin sosial problemlərinin həlli, onların təhsil şəraitinin yaxşılaşdırılması, təhsilsalanlar arasında maarifləndirmə işinin aparılması, respublika və beynəlxalq müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi, tələbələr arasında zərərli vərdişlərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, tələbələrin iştirakı ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi və s. istiqamətində fəaliyyət göstərir.

THİK tələbələrin elmə və biliyə olan marağının artırılması, sağlam gənclərin formalaşması, tələbələr arasında vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq, dövlətçilik və azərbaycançılıq ideyalarının, yoldaşlıq, kollektivçilik münasibətlərinin təbliği, sağlamlığın və təhlükəsizliyin qorunması, asudə vaxtın və istirahətin səmərəli təşkili və s. istiqamətində layihələr həyata keçirir, dəyirmi masalar, konfranslar, müsabiqələr, sərgilər və s. təşkil edir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvü olan BDU THİK hazırda Azərbaycan ali təhsil müəssisələri arasında ən böyük və fəal tələbə həmkarlar təşkilatıdır. 2024-cü ildə BDU THİK-in yaranmasının 50 illiyi qeyd olunmuş, bu münasibətlə Respublika səviyyəli konfrans keçirilmişdir.

Təhsilalanların sosial, akademik və mədəni inkişafına xüsusi önəm verən təşkilat müxtəlif tədbirlər, layihələr və proqramlar həyata keçirərək tələbələrin həm sosial rifahına, həm də intellektual inkişafına dəstək göstərir.

BDU THİK təhsilalanların sosial rifahının yüksəldilməsi məqsədilə mütəmadi olaraq maddi yardımlar göstərir. Xüsusilə şəhid və müharibə iştirakçılarının övladlarına, ailə başçısı, bir və ya hər iki valideynini itirmiş, ailəsində əlillik və işsizlik olan, sosial həssas ailə qrupuna daxil olan tələbələrə üstünlük verilir. Bundan əlavə, BDU tələbə yeməkxanalarında qidalanmaq üçün sosial həssas qrupa aid olan təhsilalanlar xüsusi talonlarla təmin olunurlar.