KLUBLAR

Xarici dil klubu

Tələbələrin dil biliklərinin təkmilləşdirilməsi və qlobal kommunikasiya bacarıqlarının artırılması məqsədilə yaradılmışdır. Klub çərçivəsində mütəmadi olaraq rus və ingilis dillərində təlimlər, danışıq dərsləri və interaktiv seminarlar keçirilir. Burada tələbələr həm nəzəri biliklərini, həm də danışıq bacarıqlarını inkişaf etdirirlər. Tələbələr arasındakı şəbəkələşməni artırmaq məqsədli təlimlərdə, xüsusilə danışıq dərslərində tez-tez BDU-nun xarici tələbələri də iştirak edir.


Debat klubu

Gənclərin analitik düşüncə və arqumentasiya qabiliyyətlərini gücləndirmək məqsədilə fəaliyyət göstərir. Klubda KPD (Karl Popper Debate) formatında turnirlər təşkil olunur. Tələbələr debat mədəniyyətini öyrənməklə yanaşı, müxtəlif mövzular üzrə fikirlərini əsaslandırmağı, düzgün arqumentasiya qurmağı və ictimai çıxış bacarıqlarını formalaşdırır.


İntellektual oyun klubu

Tələbələrin ümumi dünyagörüşünü, məntiqi və sürətli düşünmə qabiliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır. Klubda müxtəlif intellektual oyunlar və bilik yarışmaları keçirilir. Bu oyunlar tələbələr arasında həm sağlam rəqabət mühitini formalaşdırır, həm də komanda işinin əhəmiyyətini ön plana çıxarır.

Musiqi klubu

İncəsənətə marağı olan tələbələrin musiqi sahəsində inkişaf etməsi məqsədi ilə yaradılmışdır. Klub tərəfindən müxtəlif musiqili tədbirlər keçirilir, konsert proqramları təşkil olunur. İfaçılıq bacarıqları olan tələbələrin üzə çıxarılması klubun əsas vəzifələrindəndir.

 

Şahmat dərnəyi

Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və idmanın şahmat növünə olan marağın üzə çıxarılması məqsədilə yaradılmışdır. Gənclərin analitik düşüncə qabiliyyətlərini artırmaq və müxtəlif şahmat turnirlərində iştirak etmələrini təmin etmək bu klubun əsas məqsədidir. Dərnək müntəzəm olaraq təhsilalanlar arasında şahmat turnirləri və şəxsi birincilik yarışları keçirir.

 

Rəsm dərnəyi

Təhsilalanların rəssamlıq sahəsində inkişaf etmələri məqsədi ilə yaradılmışdır. Dərnək tərəfindən müxtəlif mövzularda rəsm müsabiqələri keçirilir, rəssamlıq bacarığı olan tələbələrin əsərlərinin sərgiləri nümayiş olunur.