BDU-nun tələbə şəhərciyinə 1 nömrəli tələbə yataqxanası – Tələbə Evi və 2 nömrəli tələbə yataqxanası daxildir.
BDU-nun 5 mərtəbəli, 220 yerlik “Tələbə evi” 2021-ci ildə istifadəyə verilmişdir. Həm əcnəbi, həm də yerli tələbələr üçün nəzərdə tutulmuş yataqxanada 104 standart tələbə otağı və BDU-ya qısa müddətə səfərə gəlmiş qonaqlar üçün 2 qonaq otağı vardır.
“Tələbə evi”ndə müasir standartlara cavab verən şərait yaradılmış, otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin edilmişdir. Burada zəruri ədəbiyyat və əyani vəsaitlərlə təchiz edilmiş kitabxana – oxu zalı, iclas otağı, asudə vaxt otağı, mətbəx, camaşırxana göstərir. Yeməkxana bütün zəruri avadanlıqlarla təchiz edilmişdir. Yataqxananın həyətində tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman avadanlıqları quraşdırılmış, istirahət guşəsi yaradılmışdır.
Yataqxananın hər mərtəbəsində 24 ikinəfərlik və 2 üçnəfərlik otaq mövcuddur. Otaqlar hər bir tələbə üçün fərdi, xüsusi dizayna və rəngə malik stol, stul, müasir yataq mebeli və qarderobla təmin olunmuşdur. Hər mərtəbədə iki mətbəx və iki məişət otağı tələbələrin xidmətindədir. Mətbəxdə tələbələrin rahatlığının təmin olunması üçün soyuducular və digər zəruri avadanlıqlar yerləşdirilmişdir. Otaqlar yüksək sürətli internet şəbəkəsi ilə təchiz olunmuşdur.
Mərkəzi istilik sistemi ilə təchiz edilmiş yataqxananın bütün mərtəbələrində və otaqlarda yanğın əleyhinə avadanlıqlar quraşdırılmışdır.
Yataqxanada zəruri avadanlıq və dərmanlarla təmin olunmuş tibb məntəqəsi fəaliyyət göstərir. Yataqxana ərazisində təhlükəsizliyə isə kameralarla müntəzəm nəzarət edilir.