Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti (BDU) müsəlman Şərqində yaradılmış Avropa tipli ilk ali məktəbdir. Zəngin və şərəfli tarixə malik olan BDU 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə təsis edilmişdir. Tarixin müxtəlif keşməkeşli dövrlərindən keçən Universitet bütün inkişafı boyu öz müqəddəs missiyasını şərəflə daşımış, ölkəmizin əsas elm və təhsil məbədi kimi nüfuz qazanmışdır.
BDU-da bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı həyata keçirilir. 1919-cu ildə 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Universitetin nəzdində hazırda Qazax filialı, İqtisadiyyat və humanitar kollec, Gənc İstedadlar liseyi, 3 elmi tədqiqat Mərkəzi, 11 tədris və müxtəlif istiqamətləri əhatə edən Mərkəzlər, 4 muzey, mətbəə, nəşriyyat, 24 elmi tədqiqat laboratoriyası, 55 tədris laboratoriyası fəaliyyət göstərir. Hazırda Universitetdə 16 fakültə fəaliyyət göstərir, o cümlədən bakalavriat səviyyəsi üzrə 83 ixtisas, magistratura səviyyəsində 226 ixtisaslaşma üzrə tədris həyata keçirilir. Bakalavriat səviyyəsində Azərbaycan dilində 72, rus dilində 44 və ingilis dilində 24 ixtisas üzrə tədris aparılır. Hər üç səviyyə üzrə BDU-da 25 mindən çox tələbə, magistrant və doktorant təhsil alır. Bunlardan 13 mindən çox təhsilalan müxtəlif təqaüdlərə layiq görülmüşdür.
BDU-da pedaqoji heyət 120 kafedrada birləşən üç mindən çox müəllimdən ibarətdir. Onların arasında AR Prezidentinin fəxri təqaüdçüləri, Şərəf və Şöhrət ordenli, Tərəqqi medallı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar elm xadimləri olan 224 professor və 637 dosent çalışır.
Universitet nəzdinə olan bölmələrlə birlikdə 27 mindən çox tələbə və şagirdi özündə birləşdirir. Hər il Bakı Dövlət Universitetini seçən tələbələrin sayı artan templə davam edir. 2022/2023-cü tədris ilində 7000-ə yaxın tələbə Bakı Dövlət Universitetinin tələbəsi adını qazanıb, bununla da Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olan hər 8 nəfərdən biri BDU-nu seçib. Bolonya prosesinin təşviqi, kredit sistemi ilə tədrisin təşkili, AKTS sisteminin tətbiq edilməsi və tələbələrə köməklik göstərilməsi məqsədi ilə BDU-da akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil edilmişdir. Hazırda Universitetdə 100-dən çox tyutor tələbələrə xidmət edir.
Bakı Dövlət Universitetində tədris prosesi əyani və qiyabi təhsilalma formaları üzrə həyata keçirilir. Müvafiq Qaydalara uyğun olaraq əlavə təhsil istiqaməti üzrə tələbə qəbulu və kadr hazırlığı aparılır. Ümumilikdə hər il 100-dən çox tələbə müxtəlif ixtisaslar üzrə təkrar ali təhsil almaq imkanından istifadə edir. Hazırda BDU-da Hüquqşünaslıq, Psixologiya, İqtisadiyyat, Tarix, Beynəlxalq münasibətlər və s. ixtisasları üzrə 400-dən çox tələbə təkrar ali təhsil istiqaməti üzrə təhsilini davam etdirir.
BDU-nun əsas məqsədi əmək bazarının tələblərinə uyğun, peşəkar, savadlı, müasir informasiya texnologiyalarına, yüksək intellektə malik mütəxəssislər yetişdirməkdir. Bu məqsədə nail olmanın ən birinci yolu məhz əməkdaşlıq və təcrübə mübadiləsidir. Kompüter elmləri BDU-nun təbiət elmləri sahəsində əsas 5 elmi prioritetindən biridir. Təsadüfi deyil ki, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Rəqəmsal Araşdırmalar elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada mövcud sənaye problemlərinin elmi-tədqiqatlar əsasında həll yolları araşdırılır, “BP Azerbaijan” və SOCAR kimi tanınmış şirkətlərlə müqavilə əsaslı layihələr yerinə yetirilir. Həmin layihələrdə əsasən tələbə və gənc tədqiqatçılar iştirak edirlər.
BDU-da müxtəlif ixtisaslarda tələbələrə 13 dil (ingilis, rus, fransız, alman, ərəb, fars, ibri, urdu, yapon, çin, koreya, erməni, gürcü dilləri) tədris olunur. Eyni zamanda, tələbələr və əməkdaşlar üçün dil bacarıqlarının inkiş etdirilməsi məqsədilə BDU kampusunda “You will speak“ Dil Mərkəzi yaradılmışdır. Mərkəzdə ümumi ingilis dili, IELTS və doktorantura imtahanlarına hazırlıq üzrə təlimlər təşkil edilir. Həmçinin burada tələbə və əməkdaşlar asudə vaxtlarını ödənişsiz “Conversation Club”, seminar və müxtəlif intellektual oyunlarla faydalı zaman keçirirlər. Bundan başqa, 2021-ci ildən etibarən “Code For Future” layihəsi Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və “Code Academy” Təhsil Mərkəzinin iştirakı ilə uğurla icra olunmaqdadır. 2022-ci ildən etibarən isə “DevEducation” şirkəti də bu istiqamətdə fəaliyyət göstərir. Hazırda BDU-da “Code Academy” və “DevEducation” layihələri üzrə 6 auditoriyada 200-ə yaxın BDU tələbəsi təhsil alır.
BDU-da dünyanın 21 ölkəsindən olan 300-dən çox tələbə və magistr təhsil alır. Hazırda BDU-da 11 ikili diplom layihəsi proqramı fəaliyyət göstərir. Bakalavriat səviyyəsi üzrə İsrailin Holon Texnologiya İnstitutu arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən “Komputer elmləri” sahəsində, Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti arasında 2022-ci il tarixli müqaviləyə əsasən Beynəlxalq münasibətlər ixtisası üzrə, magistratura səviyyəsində isə İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında 2023-cü il tarixli müqaviləyə əsasən “Biotexnologiya” ixtisaslaşması, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında 2022-ci il tarixli müqaviləyə əsasən MBA ixtisası üzrə, Satbayev adına Qazax milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci il tarixli müqaviləyə əsasən BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutunun magistratura proqramı bazasında Neft kimyası ixtisaslaşması, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti (Lincoln University) arasında 2021-ci ildə imzalanmış sazişə əsasən, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və Linkoln Universitetinin Biznes inzibatçılığı üzrə magistratura (MBA) proqramı bazasında Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) ixtisaslaşması, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında Dəniz və enerji hüququ ixtisaslaşması üzrə, Fransanın Lumière Lyon 2 Universiteti arasında Əqli mülkiyət hüququ sahəsi üzrə, Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa Hüququ ixtisası üzrə, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında imzalanmış Sazişə əsasən hüquq sahəsində birgə doktorant hazırlığı ilə bağlı ikili diplom proqramları həyata keçirilir. Əlavə məlumat üçün linkə daxil olun.
BDU 2021-ci ildən etibarən ABŞ-nin təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində dünya lideri olan “Blackboard” şirkəti ilə əməkdaşlığa başlamışdır. “Blackboard” 1997-ci ildə qurulmuş, dünyanın əksər bölgələrində ali təhsil, K-12, biznes və dövlət sektorundakı müştərilərə xidmət göstərən aparıcı rəqəmsal təhsil-texnologiya şirkətidir. “Blackboard”un missiyası tələbə və universitet səviyyəsində uğur qazanmaq, innovativ texnologiya və xidmətlərdən maksimum yararlanmaq üçün qlobal təhsil cəmiyyəti ilə tərəfdaşlığa nail olmaqdır. “Blackboard”, Azərbaycanın ADA Universiteti də daxil olmaqla dünyanın bir çox universitetlərində istifadə edilir. Sistem Universitetdə beynəlxalq təcrübənin tətbiqinə, e-təhsilin təkmilləşdirilməsinə və təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına şərait yaradır. “Blackboard” şirkəti üçün mühüm yerli tərəfdaşlardan biri hesab edilən Bakı Dövlət Universitetində şirkət tərəfindən təklif olunan xidmətlərin böyük əksəriyyətinin tətbiqi nəzərdə tutulmuşdur. "Blackboard” - tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə ilə tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradır. Elektron idarəetmə sisteminin təkmilləşdirilməsi üçün “Blackboard Learn”, “Virtual Classroom Solution”, “Collaborate”, “Accessibility Solution” və “Blackboard Ally” kimi komponentlərindən istifadə olunur. BDU-da 2020/2021-ci tədris ilinin yay semestrində “Blackboard” – tədrisin idarə edilməsi sistemi vasitəsilə təşkilinə start verilmişdir. Tədris materiallarının elektron qaydada sistemə yüklənməsi, tələbələrə asan yolla çatdırılması, “Blackboard Collaborate” platforması vasitəsilə tədris prosesinin onlayn qaydada təşkili həyata keçirilir. Tələbələr artıq sistem üzərindən qiymətləndirilir, dərslərin video yazılışı aparılır və tələbələrin davamiyyəti sistem tərəfindən avtomatik qaydada yoxlanılaraq şəxsi kabinetlərdə öz əksini tapır. Gündəlik olaraq tələbə və müəllimlərin aktivliyi təhlil olunur, sistemə giriş zamanı çətinlik yaşayan tələbələr üçün video təlimatlar hazırlanaraq təqdim edilir. Fərdi qaydada problemin həlli, “Qaynar xətt” vasitəsilə çətinliyin aradan qaldırılması istiqamətində işlər görülür. Bundan başqa, BDU-nun müəllim kollektivinə könüllülük prinsipi əsasında təlimlərin keçirilməsi davam etdirilir. 2021/2022-ci tədris ilindən etibarən tam olaraq tədris prosesinin elektron idarə olunması üçün “Blackboard” sisteminin bütün tələbə və müəllim kontingenti arasında tətbiqinə start verilmişdir. BDU-nun təşəbbüsü ilə “Blackboard” sisteminin Azərbaycan dilli versiyası yaradılmışdır. Blackboard platformasına aid video materiallarla tanış olmaq üçün linkə daxil ola bilərsiniz.