Heydər Əliyev və BDU

                     

 

 

 

 Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam.

                          Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev

 

 

 

 

Bakı Dövlət Universiteti (BDU) 100 ildən artıq olan şərəfli tarixi boyu böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirmişdir. BDU-nun ən böyük məzunu xalqına, onun mədəniyyəti və mənəviyyatına son dərəcə bağlı olan, şəxsiyyəti ilə xalqın rəmzinə çevrilən, Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu, dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevdir.

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olan Heydər Əliyev həyatının bütün dövrlərində Universitetlə təmasda olmuş, heç vaxt bu tədris müəssisəsindən qayğısını əsirgəməmişdir. Bu, onun bitirdiyi Universitetə bağlılığı, ziyalılara olan sevgisi və doğmalığından irəli gəlirdi. Heydər Əliyev BDU ilə bağlı hər hansı qərarın qəbul olunmasından, onun yubileylərinin keçirilməsindən tutmuş, Universitet əməkdaşlarının təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə xüsusi həssaslıqla yanaşır, respublikanın bu ilk elm və təhsil məbədindən diqqətini əsirgəmirdi. O, BDU-nun həm Azərbaycan xalqının, həm də Universitetin şöhrətini yüksəklərə qaldıran, millətinə əvəzsiz xidmətlər göstərən ən məşhur məzunudur. Universitetin 50, 60, 75 və 80 illik yubileyləri Ümummilli Lider Heydər Əliyevin iştirakı və rəhbərliyi ilə keçirilmişdir.

 

 

 

BDU-nun məzunu Heydər Əliyevə verilmiş ali təhsil haqqında diplom (1957)

 

 

Ümummilli Lider Heydər Əliyevin məzunu olduğu Tarix fakültəsinin 1956/1957-ci il buraxılışı
(Tələbələr arasında ilk sırada soldan 4-cü Heydər Əliyev)

 

 

Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbər seçilməsi ilə Azərbaycanın tarixində dövlət müstəqilliyinə doğru böyük dönüş və milli oyanış dövrü başladı. Qazanılan nailiyyətlərin XX əsrin sonlarında xalqımızın dövlət müstəqilliyini bərpa etməsinə verdiyi əvəzolunmaz töhfəsi danılmaz faktdır. 1969-1982-ci illəri əhatə edən mühüm tarixi mərhələ Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə XX əsrin 80-ci illərinin sonlarında respublikada yüksələn milli-azadlıq hərəkatı arasında, bir növ, körpü rolunu oynamışdır. Respublikada Heydər Əliyevin müdrik siyasəti nəticəsində 14 il ərzində yaranmış güclü sosial, iqtisadi və intellektual potensial Azərbaycanın müstəqilliyinin bərpası üçün zəmin olmuşdur.

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev BDU-nun 50 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə (01 noyabr, 1969)

 

1970-1980-ci illərdə digər sahələr kimi elm, təhsil, maarif, ictimai-mədəni sahələrdə keyfiyyət dəyişiklikləri baş verdi. Respublikanın tərəqqisinin kifayət qədər savadlı, milli kadrlar hazırlandığı halda mümkün olduğunu qeyd edən Heydər Əliyev Azərbaycanda ali təhsilin inkişafına xüsusi diqqət yetirir, onun şəbəkəsini genişləndirir, tələbələrin sayını artırır, müəllimlərə qayğı göstərirdi. Nəticədə ali məktəblərin maddi-texniki bazası möhkəmləndirildi, cihazlar, müxtəlif ləvazimatlar alınıb gətirildi, yataqxanalar tikildi. Bütün bunlar Azərbaycanda təhsilin səviyyəsinin yüksəlməsinə təkan verdi.

Bu illərdə Universitetdə yeni inkişaf və tərəqqiyə nail olunması, fəaliyyətinin hərtərəfli genişlənməsi və təkmilləşməsi üçün geniş imkanlar meydana çıxdı. Bu, ilk növbədə respublika rəhbərliyinin SSRİ tərkibində maksimum müstəqilliyə yönəlmiş səyləri və apardığı siyasəti nəticəsində mümkün olmuşdu. Məhz həmin illərdə Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, elmin inkişafı, beynəlxalq əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradılmış, informatika-hesablama mərkəzi açılmış, yeni tədris binaları, laboratoriya və kafedralar, kitabxana, yataqxana və s. istifadəyə verilmişdir.

Heydər Əliyev ali məktəblər içərisində Azərbaycanın Avropa tipli ilk ali təhsil ocağı, Azərbaycanın elm, təhsil və mədəniyyətinin inkişafında müstəsna rol oynamış BDU-ya xüsusi qayğı göstərirdi. Ulu Öndərin fikrincə, Universitetin auditoriyalarında, kafedralarında çalışan, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyi, milli şüuru, milli ruhunun inkişaf etdirilməsində müstəsna rol oynayırdılar. Heydər Əliyev Azərbaycan müəlliminə, onun əməyinin qiymətləndirilməsinə xüsusi diqqət göstərirdi. Məhz onun respublikaya rəhbərliyi illərində müəllim Azərbaycanda ən hörmətli və nüfuzlu peşə sahibi hesab olunmağa başladı. Ümummilli Lider əsl ziyalını yüksək qiymətləndirirdi: “Ziyalını səciyyələndirən, ən əvvəl, nədir? Ali təhsil diplomu? Elmlər namizədi, doktorluq diplomu? Zənnimcə, yox. Ziyalının başlıca keyfiyyəti cəmiyyətə fədakarlıqla xidmət etməkdir...”

Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyev Universitetdə qəbul imtahanı zamanı (1 avqust, 1981)

Heydər Əliyev Azərbaycanın çağdaş inkişafının məhz bu təhsil ocağının nailiyyətləri əsasında mümkünlüyünü qeyd edirdi. O, Azərbaycanın tarixini, mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədindən ayrı təsəvvür etmirdi. Azərbaycanın gələcəyini Universitetdə görür, yeni nəslin yetişdirilməsinə hər cür şəraitin yaradılması üçün əlindən gələni edir, inanırdı ki, Vətənimizin inkişafı bu təhsil ocağının köməyi ilə baş verə bilər. Ulu Öndər bu məsələyə dövlət siyasətinin prioritet istiqaməti kimi yanaşırdı. Buna görə də Universitet daim təhsilə göstərilən qayğının mərkəzində dayanırdı.

Məhz bu qayğının nəticəsi idi ki, 10 illik yubileyinin qeyd edilməsi təşəbbüsündən uzun müddət sonra, nəhayət 1969-cu il noyabrın 1-də Universitetin 50 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd edildi. Ölkə rəhbəri Heydər Əliyevin F.E.Dzerjinski adına klubda (indiki Şəhriyar adına klub) keçirilən yubiley tədbirində iştirakı və ana dilində nitq söyləməsi təkcə Universitet kollektivi deyil, bütün Azərbaycan cəmiyyəti üçün milli ruhun oyanması istiqamətində bir dönüş anı oldu. Bu nitq totalitar sovet rejiminin o dönəmə qədərki repressiyaları və təqiblərindən əziyyət çəkən Universitet kollektivinin ürəyində ümid çırağı yandırdı, Universitetin həyatında yeni bir keyfiyyət mərhələsinin başlanğıcını qoydu.

Universitetin Azərbaycan xalqının həyatında, Azərbaycan elminin inkişafında, iqtisadiyyatımızın yüksəlişində möhtəşəm və səmərəli rolunu vurğulayan Heydər Əliyev çıxışında demişdir: “Azərbaycan xalqının torpağında birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır. Moskvanın, Leninqradın elm və təhsil mərkəzləri nümayəndələrinin yubiley şənliklərində iştirakı bu fikrimizə sübutdur. İzn verin, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncağımızın bütün iştirakçılarını Azərbaycan xalqı adından səmimi salamlayım. ...və onlara öz minnətdarlığımı bildirim. Bu gün, təntənəli yubiley günündə biz öz biliyini, öz istedadını Azərbaycan Universitetinin yaranmasına və inkişafına sərf edənlərin xatirəsini hörmətlə yad edirik. Biz görkəmli alimlərdən və ictimai xadimlərdən V.İ.Razumovski, T.Şahbazi, İ.İ.Şirokoqorov, Y.B.Lopuxin, Ə.Haqverdiyev, R.Məlikov, H.Şahtaxtinski, C.Nağıyev, X.Rzabəyli, B.Həsənbəyov, A.Qarayev, Y.Məmmədəliyev, M.Ələkbərli və bir sıra başqa məşhur xadimlərin adlarını hörmət və minnətdarlıqla çəkirik. Onların həyatı və yaradıcılıq fəaliyyəti Azərbaycan Universitetinin tarixi ilə qırılmaz tellərlə bağlıdır. Qocaman alimlər, Azərbaycan Dövlət Universitetinin veteranları, elmi hünər estafetini Universitetin yaradıcılarından qəbul edənlər buraya, bizim iclasımıza toplaşmışlar. İzn verin, onları Azərbaycan Dövlət Universitetinin şanlı yubileyi münasibətilə ilə ürəkdən təbrik edim və möhkəm cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq nailiyyətləri arzulayım. İcazə verin, öz qüvvə və biliklərini nəcib vəzifəyə – gənc mütəxəssislər hazırlamağa həsr etmiş Azərbaycan Universitetinin bütün professor və müəllimlərini ürəkdən təbrik edim. Eləcə də Azərbaycan Universitetinin bütün yetişdirmələrini, bütün tələbələrini və onların şəxsiyyətində bütün diqqətəlayiq gənclərimizi, böyük bir işin layiqli davamçılarını hərarətlə təbrik edim”. Universitetin tarixi xidmətini yüksək qiymətləndirən siyasi xadim onu qüdrətli bir ağaca bənzədir, digər universitetləri isə onun qol-budaqları adlandırırdı. O, çıxışında 1919-cu ildə Azərbaycanın ictimai dairələrində universitet açmaq haqqında məsələ müzakirə olunduğu dövrü xarakterizə edərək göstərirdi: “Bəziləri şəkk gətirib deyirdilər ki, bu iş baş tutmayacaqdır, yaxşısı budur, gəncləri xarici ölkələrin tanınmış universitet mərkəzlərində təhsil almağa göndərək. Bu gün biz həmin inamsızlara deyə bilərik ki, dörd qitənin elçiləri təhsil almaq üçün Azərbaycana gəlirlər. Azərbaycanın ali məktəblərində dünyanın 27 xarici ölkəsinin gəncləri təhsil alırlar. Azərbaycan Universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksəkixtisaslı mütəxəssislərin böyük bir dəstəsini hazırlamışdır”. Bakıda Universitetin Azərbaycan xalqının həyatının ağır günlərində yarandığını vurğulayan Heydər Əliyev o dövrdə mövcud olan vəziyyətin belə universitet yaradılması uğrunda hərəkatın qarşısını ala bilmədiyini çox cəsarətlə vurğulayırdı. Belə bir təlatüm içərisində Universitetin yaranmasını qabaqcıl qüvvələrin qələbəsi kimi qiymətləndirən görkəmli siyasi xadim bu mühüm hadisənin doğma xalqı maarifləndirmək, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunu olduğunu göstərirdi. 

Heydər Əliyev çıxışında Universitetin qabaqcıl elm və mədəniyyət ocağına, yüksəkixtisaslı kadrlar hazırlayan ali məktəbə çevrildiyini, Azərbaycan xalqının parlaq və özünəməxsus mədəniyyətinin ən yaxşı ənənələrinin Universitetdə inkişaf etdiyini belə açıqlayırdı: “Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsirəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsirlik tarixinin bəzəyidir. Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar. Bu gün Azərbaycan Dövlət Universitetinin keçdiyi yarıməsirlik yola yekun vurarkən tam əsasla deyə bilərik ki, yubilyar bu yüksək ada layiq olduğunu özünün bütün fəaliyyəti ilə sübut etmişdir”. Çıxışının sonunda Heydər Əliyev Universitet kollektivinin qarşısında böyük vəzifələr qoyaraq, onun etimadını doğruldacağına, çoxminlik kollektivin bundan sonra da respublikanın ali məktəblərinin flaqmanı olan Universitetin gözəl ənənələrinə sadiq qalacağına, qarşısında duran böyük və məsul vəzifələri şərəflə yerinə yetirəcəyinə inandığını bildirdi.

Belə bir beynəlxalq tədbirdə yüzlərlə əcnəbi qonağın, o cümlədən SSRİ-nin digər respublikalarından gələn yüksək vəzifəli məmurların qarşısında ana dilində nitq söyləməsi ilə Heydər Əliyev milli ruhu Universitet divarları arasına qaytardı. Heydər Əliyev mövcud qadağaları cəsarətlə qıraraq, nitqi ilə təkcə ana dilinə olan bağlılığını, sevgi və hörmətini nümayiş etdirmədi, eyni zamanda, milli tarixə xüsusi diqqət yetirilməsinə səsləyərək, bütövlükdə Azərbaycan cəmiyyəti üçün yeni inkişaf istiqaməti müəyyənləşdirdi. Bu istiqamət milli təəssübkeşlikdən uzaqlaşmaqda olan cəmiyyətdə böyük əks-səda doğurdu.

Elm və təhsilin layiqincə inkişaf etdirməsinin, elm və mədəniyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanması işində nailiyyətlər qazanmasının nəticəsi olaraq, 1971-ci il fevralın 11-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Dövlət Universitetini yaranmasının 50 illiyi münasibətilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi.


Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyev Qırmızı Əmək Bayrağı Ordeninin təqdimetmə mərasimində (1971)

Belə bayram tədbirləri sonrakı illərdə də keçirilmişdir. 1980-ci ildə Azərbaycan KP MK Bürosu ADU-nun 60 illik yubileyinin keçirilməsi barədə qərar qəbul etdi. Bu qərara müvafiq olaraq, 1980-ci ilin əvvəllərindən etibarən yubiley tədbirlərinə başlanıldı. 1980-ci il martın 13-də elmin inkişafında, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə və yaradılmasının 60 illiyi ilə əlaqədar Universitet Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olundu. Universitetdə həmin gün 60 illik yubileyə həsr olunmuş elmi sessiya keçirildi. Martın 14-də isə Universitet əməkdaşlarından 5 nəfərə Əməkdar elm xadimi, 2 nəfərə Əməkdar mədəniyyət işçisi, 2 nəfərə Əməkdar hüquqşünas, 1 nəfərə isə Əməkdar geoloq fəxri adı verildi. Universitetin 10 əməkdaşı isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olundu. Universitetin yubileyi və yüksək mükafatın təqdim edilməsi münasibəti ilə martın 14-də F.E.Dzerjinski adına klubda təntənəli tədbir keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ə.İbrahimov Universitetin professor-müəllim heyətini və tələbələrini bu hadisə ilə bağlı Azərbaycan KP MK, respublika Ali Sovetinin Rəyasət Heyəti və Nazirlər Soveti adından təbrik etdi. Yubiley tədbirində SSRİ-nin ayrı-ayrı respublikalarının və şəhərlərinin ali məktəblərinin nümayəndələri də iştirak etmişdirlər.

Sovet dövründə respublikada cərəyan edən hadisələrlə Universitetin həyatı arasında üzvi əlaqə vardı. Dünya şöhrətli görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyev XX əsrdə baş verən proseslərdə və milli-azadlıq hərəkatının formalaşmasında Universitetin rolunu yüksək qiymətləndirərək demişdir: “Bakı Dövlət Universitetinin auditoriyalarında, dərs otaqlarında, kafedralarında Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi üçün də çox işlər görülmüşdür. Mən bu gün bunu xüsusi qeyd edirəm. Çünki öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, elmiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim – onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəliyə getməsinə xidmət göstərir. Azərbaycanda milli-azadlıq hərəkatının yaranması, meydana çıxması, inkişaf etməsi, tariximizin səhifələrinin təxribatdan, təhrifdən qorunması, əsrlərdən əsrlərə xalqımızın böyük tarixə, böyük mədəniyyətə malik olması, böyük mənəviyyat sahibi olması – bunlar hamısı XX əsrdə alimlərimizin, müəllimlərimizin, ali təhsil ocaqlarında çalışanların fəaliyyəti nəticəsində olmuşdur. Bu sahədə Bakı Dövlət Universitetinin xidmətləri çox böyükdür və mən bu gün onu xüsusi qeyd etməyi lüzumlu hesab edirəm”. Bütün dövrlərdə Universitet Azərbaycan xalqının ziyalı potensialının formalaşmasında əsas mərkəz idi. Onun əməkdaşlarının Azərbaycan cəmiyyətinin bütün sahələrinin inkişafında böyük xidmətləri olmuşdur. Universitet alimləri Azərbaycan elminə əvəzsiz töhfələr vermişlər.

Universitetə qəbul prosesinə diqqətlə yanaşan Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci illərdə Universitetə keçirilən qəbul imtahanlarının obyektivliyini təmin etmək üçün həmin proseslərdə şəxsən iştirak edirdi. Onun Hüquq fakültəsinə fəhlə-kəndli övladlarının da qəbul olması məqsədilə 70-ci illərdə başladığı islahatlar bütün keçmiş SSRİ-də böyük əks-səda doğurmuş, Moskvanın mərkəzi qəzetlərindən biri olan “Literaturnaya qazeta”ya verdiyi “Qoy ədalət zəfər çalsın...” adlı müsahibə isə bütün milli dillərə tərcümə edilərək geniş yayılmışdı. Bu təcrübə sonralar digər respublikalarda da tətbiq olundu.

Beləliklə, 1969-cu ildə dünya şöhrətli dövlət və siyasi xadim, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın siyasi rəhbəri seçildikdən sonra respublikanın həyatında yüksəliş prosesi başladı. Ümummilli Lider Heydər Əliyev elm, təhsil, mədəniyyət məbədi olan Universitetə xüsusi qayğı ilə yanaşırdı. Həyata keçirilən tədbirlər Azərbaycanda ali təhsil müəssisələrinin bayraqdarı olan Azərbaycan Dövlət Universitetinin fəaliyyətinə də müsbət təsir göstərdi, Universitetin həyatında intibah dövrü başladı. Bu dövr 80-ci illərin sonuna qədər davam etdi.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, gərgin siyasi və iqtisadi böhranla qarşılaşan Azərbaycan hər an müstəqilliyini itirmək təhlükəsilə üz-üzə idi. Cərəyan edən siyasi proseslər bütövlükdə respublikanın, o cümlədən Universitetin həyatına mənfi təsir göstərirdi. Ölkəmizin dövlət müstəqiliyini bərpa etməsi BDU-nun fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi üçün zəmin yaratsa da, bu yüksəliş yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbilə ölkə rəhbərliyinə qayıtmasından sonra gerçəkləşdi. Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsilə Azərbaycan fəlakət və xaosdan, parçalanıb məhv olmaqdan, vətəndaş müharibəsindən xilas oldu. Ölkədə siyasi sabitlik yarandı və BDU əvvəlki nüfuzunu tədricən bərpa etməyə başladı. Görkəmli dövlət xadimi Heydər Əliyev hətta belə çətin vəziyyətdə də BDU-nu, onun gələcəyini düşünür, müstəqil dövlətin möhkəmləndirilməsində Universitetin rolunu yüksək qiymətləndirirdi.

Heydər Əliyev dəfələrlə Universitetə gələrək, bu təhsil ocağına yenidən həyat verdi. Onun hakimiyyətə qayıdışına qədər BDU çox acınacaqlı vəziyyətdə idi. Azərbaycanın ilk ali təhsil ocağında tədrisin səviyyəsi aşağı düşmüş, kollektivdə gələcəyə inam hissi zəifləmiş, təkcə Universitet deyil, respublikanın digər ali təhsil müəssisələri də dağılmaq təhlükəsilə üzləşmişdi. Alimlərin bir çoxu Azərbaycanı tərk edərək, başqa ölkələrə üz tutmuş, bəziləri pedaqoji və elmi fəaliyyətini dayandırmışdı.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı bütün elm və təhsil işçilərində, o cümlədən BDU kollektivində gələcəyə ümid və inam oyatdı. Hələ 1992-ci ildə aralarında BDU ziyalılarının da olduğu 91 nəfər ictimai və elm xadimi Heydər Əliyevə müraciət edərək, ondan böyük siyasətə – respublika rəhbərliyinə qayıtmasını xahiş etmişdi. Bu müraciət əlamətdar hadisəyə çevrilmiş, tariximizə respublikanın siyasi həyatında dönüş nöqtələrindən biri kimi yazılmışdır. Heydər Əliyevin “91-lər”ə cavab məktubu Ulu Öndərin siyasi irsinin incilərindən sayılır. Müraciətində Azərbaycan xalqının həyatına biganə qalmayacağını bəyan edən Ümummilli Lider xalqına verdiyi vədi yerinə yetirdi, ölkəni məhv olmaq təhlükəsindən xilas etdi.

Ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində Universitet böhran vəziyyətindən çıxdı. Görkəmli dövlət xadiminin hakimiyyətə qayıdışından sonra təhsil sahəsində həyata keçirilən strateji xətt, digər təhsil ocaqları kimi, BDU-da da əsaslı islahatların aparılmasına şərait yaratdı, onun gələcək inkişafını təmin etdi. 1993-cü ildən tədris fəaliyyətində, elmi-tədqiqat işlərində ciddi irəliləyiş hiss olundu, maddi-texniki bazanı möhkəmləndirmək üçün tədbirlər həyata keçirildi. Hər il Universitetə ayrılan vəsait və tələbə qəbulu artırıldı. Tədris prosesində mühüm islahatlar aparıldı, tədris intizamı möhkəmləndirildi. Heydər Əliyevin qayğısı sayəsində yeni fakültələr və ixtisaslar açıldı. Beynəlxalq əlaqələri genişlənən BDU artıq müstəqil dövlətin aparıcı ali məktəbi kimi, dünyanın qabaqcıl ali məktəblərilə birbaşa əlaqələr qurmaq imkanı qazandı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 3 sentyabr 1994-cü il tarixində Universitetin 75 illik yubileyinin keçirilməsi haqqında fərman imzaladı və bununla bağlı Yubiley Komissiyası yaradıldı. Ölkədə siyasi sabitlik hələ tam bərpa olunmasa da, iqtisadi vəziyyət ağır olsa da, komissiyaya Heydər Əliyevin şəxsən rəhbərlik etməsi dövlət başçısının Universitetin cəmiyyətin həyatında rolu və önəminə verdiyi yüksək dəyər və diqqətin, elm, təhsil və mədəniyyətə qayğısının təcəssümü idi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Universitetin 75 illiyi münasibətilə Respublika sarayında keçirilən yubiley tədbirində çıxış edərkən (26 noyabr, 1994)

Ölkə Prezidentinin müvafiq fərmanına əsasən, həmin il noyabrın 26-da Respublika sarayında (indiki Heydər Əliyev sarayı) Universitetin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Yubiley mərasimində Prezident Heydər Əliyev də iştirak edirdi. Mərasimdəki nitqində BDU-nun yaranmasını əlamətdar hadisə kimi qiymətləndirən Heydər Əliyev BDU-nu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdı və dedi: “...Biz Bakı Dövlət Universiteti haqqında danışanda Azərbaycanın həm elmini, həm təhsilini, həm mədəniyyətini, həm də bütün xalqımızın savadlanmasını düşünürük”. Azərbaycan elminin inkişafına xüsusi dəyər verən və diqqəti bu prosesdə Universitetin oynadığı rola yönəldən Ümummilli Lider nitqində dedi: ”Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun inkişafında Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Bakı Dövlət Universiteti yarandığı gündən Azərbaycanda elmi inkişaf etdirən mərkəzə çevrilmişdir. Sonrakı dövrlərdə Azərbaycanda yaranmış elmi-tədqiqat institutlarının əksəriyyəti, elm ocaqlarının hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürmüşdür”.

Universitet elminin və təhsilinin inkişafına göstərdiyi qayğıya, onun adını və şöhrətini yüksəklərə ucaltdığına, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinə görə, BDU Elmi Şurasının 28 oktyabr 1994-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakı Dövlət Universitetinin Fəxri doktoru adına layiq görüldü.


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə verilmiş Bakı Dövlət Universitetinin Fəxri doktoru diplomu (1994)

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu ildə BDU-nun yaradılmasının 80 illiyi münasibətilə Universitet kollektivinə ünvanladığı təbrik məktubunda yazırdı: “Azərbaycanın tərəqqisi, inkişafı və çiçəklənməsi uğrunda böyük əzmlə çalışan vətənpərvər ziyalıların çoxu bu milli təhsil ocağının yetirmələri olmuşlar. Universitet 80 illik tarixi ərzində respublikamızın elm, mədəniyyət və ədəbiyyat sahələrinə görkəmli simalar bəxş etmişdir...

Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək, onların xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm”. Böyük tarixi əhəmiyyətə malik bu fikirlər həm Universiteti quranların xatirəsinə ehtiramın ifadəsi, həm də BDU-nun Azərbaycan xalqının milli və mənəvi inkişafında oynadığı rola verilən yüksək qiymət idi.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkmənistan Respublikasının Prezidenti
Saparmurad Niyazova BDU-nun Fəxri doktoru diplomunun təqdim olunması mərasimində (18 mart, 1996)

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Baş naziri
Məsud Yılmaza BDU-nun Fəxri doktoru diplomunun təqdim edildiyi gün doğma universitetdə (15 aprel, 1996)
 
 

 

 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Özbəkistan Respublikasının Prezidenti
İslam Kərimova BDU-nun Fəxri doktoru diplomunun təqdim olunması mərasimində (27 may, 1996)

 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Moldova Respublikasının Prezidenti
Petru Luçinskiyə BDU-nun Fəxri doktoru diplomunun təqdimat mərasimində iştirak edib (28 noyabr, 1997)

 

2000-ci il 11 fevral tarixində Prezident Heydər Əliyev öz iqamətgahında yubiley tədbirlərinə gəlmiş xarici qonaqları və Universitetin bir qrup əməkdaşını qəbul etdi. Prezidentin BDU-nun 80 illik yubileyi münasibətilə imzaladığı 11 fevral 2000-ci il tarixli Fərmanla Universitet müəllimlərindən 17 nəfər “Şöhrət” ordeni, 18 nəfər “Tərəqqi” medalı ilə təltif olundu, 13 nəfər Əməkdar elm xadimi, 21 nəfər Əməkdar müəllim fəxri adlarına layiq görüldü. İlk dəfə idi ki, Universitetin bu qədər ziyalısı mükafata layiq görülürdü. Bu mükafatlandırma görkəmli dövlət xadimi Heydər Əlyevin təkcə Universitet kollektivinə deyil, bütün Azərbaycan elminə və təhsilinə göstərdiyi qayğının nəticəsi idi.

BDU-da Heydər Əliyev muzeyi

Hər gün minlərlə tələbə Ulu Öndərin məşhur kəlamı ilə dərslərə girir

BDU dünya şöhrətli məzununun qayğısını hər zaman hiss etmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin diqqət və qayğısı nəticəsində  Universitetdə yeni inkişaf və tərəqqiyə nail olunmuş, fəaliyyətinin hərtərəfli genişlənməsi və təkmilləşməsi üçün geniş imkanlar yaranmışdır. Universitet təhsildə, elmin inkişafında, maddi-texniki bazasının möhkəmləndirilməsində böyük uğurlar qazanmışdır.

BDU-nun dünyaca məşhur məzunu, Ümumilli Lider Heydər Əliyevin BDU-da qoyulmuş büstü

 

 

“Bakı Dövlət Universiteti. 100 ilin elm və təhsil məbədi” (Bakı, 2019)
kitabının materialları əsasında hazırlanmışdır.