Akkreditasiya

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarına əsasən Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrətəhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 5 ildən bir həyata keçirilir.

İnstitusional akkreditasiya təhsil müəssisəsinin ümumi fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının, təhsilalanların say həddinin müəyyənləşdirilməsi və müəssisənin fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiqlənmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq beynəlxalq akkreditasiya xarici keyfiyyət təminatı qurumu tərəfindən hazırlanmış qayda və meyarlar əsasında keçirilən təhsilin keyfiyyətinə təminat yaradan prosedurdur. Müəyyən olunmuş qaydalar çərçivəsində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramının nəticələri dövlət akkreditasiyası üçün nəzərə alınır.

BDU-NUN İNSTİTUSİONAL AKKREDİTASİYASI

Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 8 iyun 2023-cü il tarixli qərarı ilə 5 (beş) il müddətinə institusional akkreditasiyadan keçmişdir. Klikləyin

 

 

BDU-NUN BEYNƏLXALQ PROQRAM AKKREDİTASİYASI

Bakı Dövlət Universitetinin ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə 6 ixtisaslaşması Qazaxıstanda fəaliyyət göstərən və Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (European Association for Quality Assurance in Higher Education - ENQA) üzvü və Avropa Ali Təhsildə Keyfiyyət Təminatı Reyestrində (The European Quality Assurance Register for Higher Education - EQAR) qeydiyyatda olan "Təhsildə Keyfiyyət Təminatı üzrə Müstəqil Agentlik" (Independent Agency for Quality Assurance in Education - IQAA) tərəfindən 5 (beş) il müddətinə beynəlxalq proqram akkreditasiyasından keçmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 20 sentyabr 2023-cü il tarixli qərarına əsasən, bu beynəlxalq akkreditasiya nəticələri dövlət akkreditasiyası üçün nəzərə alınmışdır.

İxtisaslaşmalar:

  • Qeyri-üzvi kimya
  • Fiziki kimya
  • Analitik kimya
  • Üzvi kimya
  • Yüksəkmolekullu birləşmələr kimyası
  • Neft kimyası

Eyni zamanda, 2026-cı ildə Bakı Dövlət Universitetinin magistratura səviyyəsi üzrə daha 14 ixtisaslaşması Qazaxıstanda fəaliyyət göstərən və Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (European Association for Quality Assurance in Higher Education - ENQA) üzvü və Avropa Ali Təhsildə Keyfiyyət Təminatı Reyestrində (The European Quality Assurance Register for Higher Education - EQAR) qeydiyyatda olan "Təhsildə Keyfiyyət Təminatı üzrə Müstəqil Agentlik" (Independent Agency for Quality Assurance in Education - IQAA) tərəfindən beynəlxalq proqram akkreditasiyasından keçmişdir. Müvafiq akkreditasiya şəhadətnamələri 5 il müddətinə 28 mart 2026-cı il tarixindən 27 mart 2031-ci il tarixinədək qüvvədədir.

İxtisaslaşmalar:

  • Molekulyar biologiya
  • Mikrobiologiya
  • Biofizika
  • Ekoloji kimya
  • Bərk cisim elektronikası
  • Radiasiya materialşünaslığı
  • Geokimya
  • Beynəlxalq hüquq
  • Nanomateriallar kimyası
  • Riyazi modelləşdirmə
  • Riyazi analiz
  • Diskret sistemlər
  • Konfliktologiya
  • Klinik psixologiya

 

Beynəlxalq proqram akkreditasiyası nəticələrinə dair müvafiq hesabatlarla tanış olmaq üçün klikləyin.