Kampus

BAKI DÖVLƏT UNİVERSİTETİNİN KAMPUSU Bakının ən gözəl yerlərindən birində Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşir və Mətbuat prospekti, B.Vahabzadə küçəsi və Məmməd Rahim küçəsi ilə kəsişir. Ərazisi 8,65 hektar sahəni əhatə edir. Ərazidə 5 tədris korpusu (3 562,5 kv.m. sahəsi olan dördmərtəbəli Əsas bina (1964-cü ildə tikilib),   13 193,7 kv.m. sahəsi olan onmərtəbəli 1 saylı tədris korpusu (1978-ci ildə tikilib),  9 859,3 kv.m. sahəsi olan onmərtəbəli 2 saylı tədris korpusu (1987-ci ildə tikilib), 12 112,0 kv.m. sahəsi olan onmərtəbli Yeni tədris korpusu (2008-ci ildə tikilib) yerləşir. Ərazidə, həmçinin, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Fizika Problemləri və Tətbiqi Riyaziyyat elmi-tədqiqat institutlarının ikimərtəbəli inzibati binası, müxtəlif laboratoriyaların yerləşdiyi birmərtəbəli tikililər, İdman kompleksi, stadion, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi üçün 2022-ci ildə rekonstruksiya edilmiş birmərtəbəli tikili və ikimərtəbəli yeməkxana binası da yerləşmişdir. 
BDU-nun ərazisində hazırda Tədqiqat, inkişaf və innovasiyalar üzrə Mükəmməllik Mərkəzi üçün yeddimərtəbli inzibati binanın tikintisi həyata keçirilir. Burada Universitetin elmi-tədqiqat laboratoriyalarının yerləşdirilməsi, yüksək və  innovativ avadanlıqlar əsasında  fəaliyyətlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.