BDU-da elmi-tədqiqat

Təhsil-elmi tədqiqat-istehsalat inteqrasiyasının gücləndirilməsi yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatlarda yeni ideyaların, metod və yanaşmaların tətbiq edilməsi, prioritet elmi istiqamətlərdə mövcud elmi məktəblərin inkişaf etdirilməsi və yeni elmi məktəblərin formalaşdırılması, elmi nəticələrin kommersiyalaşdırılması, habelə, ölkənin sosial-iqtisadi inkişafına töhfə verə biləcək əlverişli elmi mühitin yaradılması, mövcud elmi-tədqiqat institut, mərkəz və laboratoriyaların dövrün tələblərinə uyğun olaraq yenidən qurulması və fəaliyyətinin optimallaşdırılması, innovativ və sənaye yönümlü yeni elmi-tədqiqat mərkəz və laboratoriyalarının, təhsilalanlarda dərsdənkənar elmi-texniki və mühəndis fəaliyyətinin inkişaf etdirilməsi, elmi ideyalarının reallaşdırılması üçün inkubasiya-akselerasiya mərkəzlərinin yaradılması, dünyanın aparıcı universitet, institut və mərkəzləri ilə elmi əməkdaşlığı genişləndirilməklə beynəlxalq təhsil məkanına inteqrasiya etmək BDU-nun əsas məqsədlərindəndir.

BDU-da elmi-tədqiqat fəaliyyəti institut, mərkəz, laboratoriya və kafedraların, professor-müəllim heyəti, elmi işçi, doktorant və tələbələrin fəaliyyətinin mühüm hissəsidir. BDU-da elmi-tədqiqat fəaliyyəti onun formaları, həcmi və istiqamətlərini müəyyən edən normativ sənədlərə əsaslanır.

BDU-da akademik heyətin elmi-tədqiqat fəaliyyəti aparılan elmi-tədqiqat işinin mövzusu ilə bağlıdır və aşağıdakı təşkilati formalar çərçivəsində həyata keçirilir: elmi məlumatlarla fərdi iş; qrant və proqram müsabiqələrində iştirak; istehsalat müəssisələri ilə müqavilə üzrə tədqiqat işlərində iştirak; doktorluq və magistr dissertasiyalarına, buraxılış işlərinə rəhbərlik; dissertasiya şuralarının işində iştirak; elmi nəşrlərin hazırlanması və nəşri; elmi konfrans, simpozium və seminarlarda, müsabiqələrdə və elmi işlərin sərgilərində iştirak.

Elmi-tədqiqat fəaliyyəti sahəsində BDU-nun əsas vəzifələrinə aşağıdakılar daxildir:

  • elmi-pedaqoji işçilərin və tələbələrin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi;
  • yeni biliklərin formalaşdırılması, yeni texnologiyaların inkişaf etdirilməsi, elm və texnikanın ən mühüm sahələri üzrə elmi məktəblərin və aparıcı elmi-pedaqoji kollektivlərin formalaşdırılması və inkişafı üçün prioritet istiqamətlərdə fundamental tədqiqatların aparılması;
  • elmi-texniki tərəqqinin ən son nailiyyətləri əsasında ixtisaslı mütəxəssislərin və yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasının təmin edilməsi;
  • ali təhsilin formalaşması və inkişafının nəzəri və metodoloji əsaslarının tədqiqi və işlənməsi, təhsil və tədris problemlərinin həllinə elmin təsirinin gücləndirilməsi, ali təhsilin inkişafı üçün elmin əsas və müəyyənedici mahiyyətinin qorunub saxlanılması və möhkəmləndirilməsi;
  • sosial-iqtisadi dəyişikliklərin aparılmasının prioritet problemlərinin həlli üçün ali təhsilin elmi-texniki potensialından səmərəli istifadə edilməsi;
  • ən mühüm elmi-texniki problemlərin birgə həlli, yüksək texnologiyaların yaradılması və elmi nəticələrin istehsalatda tətbiqinin genişləndirilməsi məqsədi ilə elmi, layihə, tədqiqat təşkilatları və sənaye müəssisələri ilə elmi-texniki əməkdaşlığın yeni və mütərəqqi formalarının işlənilib hazırlanması;
  • yeni və ya təkmilləşdirilmiş məhsulların, texnoloji proseslərin, xidmətlərin və ya yeni həllərin yaradılması və mənimsənilməsi məqsədi ilə innovasiya fəaliyyətinin inkişaf etdirilməsi;
  • əqli mülkiyyətin formalaşdırılması və kommersiyalaşdırılması sahəsində idarəetmənin təkmilləşdirilməsi;
  • səmərəli universitet siyasətinin formalaşdırılması yolu ilə əqli mülkiyyətin yaradılması və istifadəsi proseslərinin stimullaşdırılması;
  • dünya elm və təhsil sisteminə daxil olmaq və elmi-texniki məhsulların birgə hazırlanması məqsədi ilə xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələri, elmi-tədqiqat müəssisələri və şirkətləri ilə beynəlxalq elmi-texniki əməkdaşlığın genişləndirilməsi;
  • BDU-nun elm sektoruna əlavə büdcə və büdcədənkənar maliyyə vəsaitlərinin cəlb edilməsi;
  • elmi göstəricilərin yaxşılaşdırılması üçün akademik heyətin və gənc tədqiqatçıların əməyinin stumullaşdırılması sisteminin təkmilləşdirilməsi;
  • BDU əməkdaşlarının elmi nailiyyətlərinin müasir elektron məlumat bazasının yaradılması və mütəmadi yenilənməsi.

BDU-da illik elmi-tədqiqat fəaliyyətin nəticələri aşağıdakı aspektlərdə əks olunur:

  • elmi-tədqiqat işlərinin mövzularının yenilənməsi, prioritet elmi istiqamətlərə uyğunlaşdırılması, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması;
  • elmi-tədqiqat qrant və ya müqavilə əsaslı layihələrin yerinə yetirilməsi;
  • yeni elmi nəticələrin patentləşdirilməsi və tətbiq sahələrinin müəyyən edilməsi, tətbiqi üzrə işlərin aparılması;
  • elmi jurnalların nəşri, akademik heyətin və tələbələrin elmi fəaliyyət nəticələrinin məqalə və monoqrafiya şəklində nəşr olunması;
  • elmi tədbirlərin təşkili, akademik heyətin və tələbələrin elmi tədbirlərdə (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar və s.) iştirakı;
  • elmi-tədqiqat nəticələrinin tədrisə, idarəetmə fəaliyyətinə, istehsalata, habelə, tədqiqat və sahibkarlıq ekosisteminin formalaşması və inkişafı prosesinə inteqrasiyası;
  • Respublikanın və dünyanın aparıcı ali təhsil müəssisələri, elmi-tədqiqat institut və mərkəzləri ilə qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi.