Ölkənin davamlı inkişafı naminə elmi yenilikləri və innovasiyaları tədris prosesinə tətbiq etməklə fəaliyyəti “təhsil - elm - istehsalat” formatında qurmaq, insan kapitalının inkişafında aparıcı mövqeni qorumaq, tələbələrdə tədqiqatçılıq vərdişlərinin formalaşdırılması üçün ölkədaxili və beynəlxalq əməkdaşlığı yeni müstəviyə yüksəltmək, əməkdaşların, doktorantların və tələbələrin vaxtaşırı olaraq dünya miqyasında tanınmış universitetlərə, tədqiqat institutlarına və sənaye yönümlü elmi-tədqiqat mərkəzlərinə ezam olunmasını təmin etməklə müasir dünya elminin prioritet istiqamətlərini öyrənmək, təcrübə mübadiləsi aparmaq, birgə elmi-tədqiqatlar aparmaq, ən yeni elmi yeniliklərin gənc tədqiqatçılara ötürülməsi məqsədilə dünyanın müxtəlif ölkələrinin elmi-tədqiqat institutlarında və universitetlərində çalışan alim və mütəxəssislərin ustad dərslərini (master class), mühazirələrini və elmi seminarlarını təşkil etmək, habelə, dünyanın tanınmış ali təhsil müəssisələri ilə tələbə-müəllim mübadiləsi əsasında professor-müəllim heyətinin tərcrübəsini artırmaq, yeni elmi nəticələrin istehsalatda tətbiq olunmasına nail olmaq, ölkənin və cəmiyyətin sosial-iqtisadi problemlərinin həllində iştirak edən “Tədqiqat Universiteti”nə çevrilmək BDU-nun gələcəyə baxışının əsas tərkib hissəsini təşkil edir. Bu gün BDU tələbəsi elmi seminarlarda və konfranslarda iştirak edir, məruzələrlə çıxış edir, elmi-tədqiqat mövzuları üzrə tədqiqatlara cəlb olunur, müxtəlif elmi-tədqiqat layihələrində bilavasitə iştirak edir. BDU-da bir neçə elmi-tədqiqat laboratoriyasını özündə birləşdirən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi tələbələrin bilavasitə elmi-tədqiqat mühitində təhsil-elmi tədqiqat-istehsalat üçlüyü çərçivəsində multidissiplinar biliklərə malik tədqiqatçılar kimi yetişməsinə xidmət edir. Mərkəzin Rəqəmsal araşdırmalar, Ekoloji kimya və ətraf mühit, Nanoaraşdırmalar, Sənaye kimyası kimi laboratoriyalarında, Biotibbi materiallar ICESCO kafedrasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, BP Azerbaijan, SOCAR kimi tanınmış şirkətlərin birbaşa sifarişləri əsasında müqavilə əsaslı layihələr yerinə yetirilir. Layihələrdə tələbələr və gənc tədqiqatçılar bilavasitə elmi-tədqiqatlara cəlb olunur.
Tələbələrdə təhsil-elm-innovasiya təfəkkürünün inkişaf etdirilməsi, tələbə ideyalarının həyata keçirilməsi üçün yaradılmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi fakültə Tələbə Elmi Cəmiyyətləri ilə bilavasitə birgə çalışır. İstedadlı, elmi tədqiqata və mühəndis-yaradıcılıq fəaliyyətinə marağı olan tələbələr Mərkəzə cəlb olunur, müxtəlif sahələr üzrə - elektronika, mühəndislik, proqramlaşdırma və s. kimi sahələr üzrə STARTUP laliyəhələrini hazırlamağa imkan verir.
2023-cü ildə “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında BDU-nun “BSU Creativity Workz” komandası “Driver’s Eye” layihəsi ilə I yerə və “Humantek” komandası “Ağıllı damla sulama sistemi” layihəsi ilə III yerə, 2024-cü ildə “TEKNOFEST-2024”də “ESST-6” komandası “E-tarım sulama” layihəsi ilə III yerə layiq görülmüşdür. 2023-cü ildə “BSU Creativity Workz” komandası “Driver’s Eye layihəsi ilə Türkiyənin Ankara şəhərində keçirilmiş və 10 kateqoriya üzrə 2419 komandanın qatıldığı "TEKNOFEST-2023 - Girişim" yarışmasında “Ulaşım və Mobilite Teknolojileri Ön Kuluçka” kateqoriyasında və 2024-cü ildə “DAIGNOSIS” komandası Çin Xalq Respublikasının Xian şəhərində keçirilmiş "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasında qalib olmuşdur. 2024-cü ildə İstanbul şəhərində keçirilmiş “EV Charge Show" – Dünya Elektromobil Şarj Stansiyası İstehsalçılarının Qlobal Görüş Platformasında BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanmış “SuperCapBack” layihəsi "E-mobillik innovasiya ve startap yarışması"nın finalına 220 komanda arasından vəsiqə qazanan 8 komandadan biri olmuşdur. Layihə əsasında BDU və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə tərəfdaşlığı ilə elektromobillərin bərpa olunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən EkoEnerji Məntəqəsi qurulmuşdur.
BDU-nun 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, 5 elmi-tədqiqat mərkəzi, 21 elmi-tədqiqat laboratoriyası, Elmi Kitabxana və tədris-təcrübə bazasında mövcud olan 1000-dən çox müxtəlif təyinatlı cihaz, material və avadanlıqlar (atom qüvvət və optik mikroskoplar, nüvə maqnit rezonansı, skanedici elektron mikroskopları, müxtəlif tipli rentgenstruktur difraktometrləri, spektroflüorimetrlər, müxtəlif dalğa uzunluğu oblastlarını əhatə edən spektrometrlər, kimyəvi reaktivlər, reaksiya avadanlıqları, bioloji inkubasiya kabinləri, mexaniki qurğular, maqnit və elektrik sahə cihazları, kalorimetrlər, termoqravimetrlər, temperatur və sahə ölçü cihazları, ekoloji tədqiqatlar üçün nəzərdə tutulmuş cihazlar, pH-metrlər, xromotoqraflar, ossilloqraflar və 400-dən çox texnoloji avadanlıqlar, ölçü cihazları və s.)
BDU-nun əməkdaşları, tələbələri, magistrantları və doktorantları, həmçinin əməkdaşlıq çərçivəsində və Respublikanın elmi-tədqiqat institutları, ATM-lərinin və digər müvafiq qurumların əməkdaşlarının istifadəsində istifadəsindədir. BDU-nun elmi-tədqiqat institut, mərkəz, laboratoriya və kafedralarında mövcud olan istiqamət və sahələr üzrə elmi tədqiqatlarda müxtəlif proqramlarla və internetə çıxışla təchiz olunmuş 1000-dən çox kompüter və İT avadanlıqlarından istifadə edilir.
Elmi tədqiqatların təşkilində Elmi Kitabxananın resurslarından səmərəli istifadə olunur. Kitabxana fondunda Azərbaycan, rus, Şərq və Avropa dillərində 2 milyon nüsxədən artıq çap məhsulu, 20000-dən çox elektron məhsul mövcuddur. BDU-da Clarivate Analitics şirkətinin Web of Science bazasına və InCites qiymətləndirmə sisteminə açıq çıxış mövcuddur. BDU daxilindən EBSCO, IOP, BIONE, OED (Oxford Universitetinin nəşrləri), ALL-RUSSIAN MATEMATICAL PORTAL, Cambridge University Press Journal, Springer, Springer Nature və s. elektron bazalarına çıxış mövcuddur. Elmi Kitabxananın fondunda Azərbaycan dilində 357483 nüsxə, rus dilində 1655371 nüsxə və ingilis dilində 22985 nüsxə ədəviyyat mövcuddur. BDU, həmçinin 2004-cü ildən Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunda təmsil olunan Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun Respublika üzrə koordinatorudur.
BDU-da əməkdaşların, gənc tədqiqatçıların və tələbələrin vaxtaşırı olaraq dünya miqyasında tanınmış universitetlərə, tədqiqat institutlarına və sənaye yönümlü elmi-tədqiqat mərkəzlərinə, beynəlxalq simpozium, konfrans və vorkşoplara ezamiyyələri təşkil olunur, BDU ilə belə elmi qurumlar arasında elm və təhsil istiqamətində əməkdaşlıq müqavilələri imzalanır, müxtəlif proqramlar (Erasmus+, Cost, Daad, Marie Curie Actionsç Fulbright, Mevlana və s.) əsasında müəllim-tələbə mübadiləsi həyata keçirilir, BDU-da mütəmadi olaraq beynəlxalq konfranslar, ustad dərsləri, elmi seminarlar, təlimlər və s. təşkil olunur. Ezamiyyətlər elmi tədbirlər, birgə-elmi tədqiqatlar, yeni cihazlar üzrə təlimlər, yay və ya qış elmi məktəbləri, birgə qrant layihələri üzrə işçi görüşlər, seminarlar, elmi istiqamət üzrə ixtisasartırma və s. kimi sahələri əhatə edir.
Hal-hazırda BDU-da 200-ə yaxın doktorant və dissertanta Türkiyə, ABŞ, Almaniya, Fransa, İspaniya, İtaliya, Yaponiya, Portuqaliya, İsveç, Rusiya, Belarus, Ukrayna və s. kimi ölkələrin tanınmış alimləri 2-li rəhbərlik edir.Son 5 ildə BDU-nun əməkdaşları tərəfindən yerli və beynəlxalq donorlardan (Avropa Birliyi (FP7, HORIZON-2020, Erasmus+), TÜBİTAK (TÜBİTAK, AMEA-TÜBİTAK, EİF/AEF-TÜBİTAK), Ukrayna Elm-Texnologiya Mərkəzi (STCU), Azərbaycan Elm Fondu, Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN), Almaniyanın DAAD proqramı, Halle-Vitterberq Universitetinin, TEMPUS proqramının, BMT-nin Əhali Fondunun (UNFPA), Birləşmiş Nüvə Tədqiqatları Mərkəzinin, Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) və digərləri) elmi-tədqiqat sahəsində 100-dən çox qrant alınmışdır. Bu layihələr çərçivəsində Türkiyə, Estoniya, Portuqaliya, Rusiya, İsveçrə, İngiltərə, Macarstan, Finlandiya, Almaniya, Qazaxstan, Litva, Niderland, Rumıniya, Turkmənistan, Danimarka, Yunanıstan, İtaliya, İspaniya, Belarus, Çex Respublikası, Ukrayna və Özbəkistan alimləri ilə əməkdaşlıq edilmiş, elmi nəticələr üzrə nüfuzlu jurnallarda məqalələr dərc olunmuş, müxtəlif cihaz və avadanlıqlar alınmış, elmi-təcrübə ezamiyyətləri, tələbə-müəllim mübadiləsi və elmi tədbirlər təşkil olunmuşdur.
BDU-da doktorantura səviyyəsində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 120-dən çox ixtisasda yüksəkixtisaslı kadr hazırlığı aparılır. Universitetdə müxtəlif ixtisaslar üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən 300 nəfərdən çox professor və 800 nəfərdən çox dosent çalışır.