İdman-Sağlamlıq Mərkəzi

Bakı Dövlət Universitetinin İdman-Sağlamlıq Mərkəzi İdman klubunun bazasında 2020-ci ildə yaradılmışdır. Mərkəzin əsas vəzifəsi Universitet əməkdaşları və tələbə- gənclərə yüksək mənəvi, iradi və fiziki keyfiyyətlər, milli əxlaqi dəyərlər aşılamaq, onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə, onları əməyə və vətəni müdafiəyə hazırlamaq, sağlam, müasir, hərətərəfli  şəxsiyyət kimi formalaşdırmağa kömək göstərməkdir.

Müasir dövrün fəal və bacarıqlı mütəxəssislərinin yetişdirilməsində sağlam həyat tərzi və idmanın böyük rolu vardır. Bunu nəzərə alaraq BDU-da əməkdaş və tələbələrin idmanla sistemli məşğul olması, asudə vaxtlarının səmərəli təşkil edilməsi, idmançıların mütəmadi məşqlər etməsi üçün bütün şərait yaradılmışdır. Mərkəzdə əməkdaş və tələbələrdən ibarət  şahmat, voleybol, futbol, basketbol, həndbol, badminton və digər idman növləri üzrə komandalar formalaşmışdır. Komandaları yüksək ixtisaslı məşqçilər hazırlayır. BDU-nun əməkdaş, qız və oğlan tələbə komandaları müntəzəm məşqlər edir, BDU üzrə və respublika səviyyəsində keçirilən yarış və müsabiqələrdə Universiteti layiqincə təmsil edirlər. Bunun nəticəsidir ki, BDU-nun komandaları respublika və rayon səviyyəli turnirlərdə ənəvi olaraq yüksək nəticələr göstərirlər.

Mərkəz tələbələrdə idmana marağı daha da stimullaşdırmaq, onları ölkədə bədən tərbiyəsi və idman hərəkatına daha fəal qoşulmağa təşviq etmək üçün müntəzəm idman yarışları təşkil edir, tələbə komandaları ölkə turnirlərinə qatılır.

İdman kompleksində tələbə komandalarının məşq etmələri, eləcə də respublika, rayon və universitet səviyyəli idman turnirlərinin keşirilməsi üçün stadion, hovuz, tennis zalı, müxtəlif idman qurğuları mövcuddur.