Beynəlxalq qrant layihələri

Avropa İttifaqının Erasmus + KA2 Proqramı çərçivəsində maliyyələşdirilən Ali təhsil sahəsində potensialın artırılması layihələri BDU-ya Avropanın müxtəlif universitetləri ilə eyni bir layihədə yer almaq və qarşılıqlı təcrübə mübadiləsi reallaşdırmaq imkanı verir.

Erasmus + KA2 Proqramı çərçivəsində maliyyələşdirilən Ali təhsil sahəsində potensialın artırılması layihələrinin məqsədləri:

  • Ali təhsilin müasirləşdirilməsi, innovasiyası və əlçatanlığını dəstəkləmək;
  • Ali təhsilin keyfiyyətinin, onun əmək bazarının və cəmiyyətin tələblərinə uyğunluğunun artırılması, ali təhsilə çıxış imkanlarının bərabərliyinin təmin edilməsi, tədrisin təşkili və planlaşdırılması, ATM-in ümumi və operativ idarəçiliyi və müəssisələrin beynəlmiləlləşdirilməsi kimi məsələlərin həllini təmin etmək;
  • Yeni və innovativ təhsil proqramları hazırlamaqla səriştə və bacarıq səviyyəsini yaxşılaşdırmaq;
  • Birgə təşəbbüslər və qabaqcıl təcrübələrin bölüşülməsi vasitəsilə dünyanın müxtəlif regionları daxilində və onlar arasında regional inteqrasiya və əməkdaşlığa təkan vermək.

 

Avropa İttifaqının Jean Monnet proqramına daxil olan fəaliyyətlərin məqsədi dünyanın hər yerində Avropa İttifaqı (Aİ) ilə bağlı tədqiqatları dəstəkləmək və inkişaf etdirməkdir. Bu proqram müxtəlif sahələr çərçivəsində geniş spektrli hədəf qruplara ali təhsil səviyyəsində Avrointeqrasiya prosesi üzrə tədris və elmi tədqiqatların aparılmasında qabaqcıl təcrübələri təşviq edir.

Sözügedən proqramın məqsədləri aşağıdakılardır:

  • dünyanın hər yerində ixtisaslaşmış tədris mütəxəssisləri, təhsilalanlar və vətəndaşlar arasında Avrointeqrasiya sahəsində təhsili və tədqiqatları təşviq etmək;
  • Avrointeqrasiyanın tədqiqi sahəsində fəal olan assosiasiyaların fəaliyyətlərini dəstəkləmək;
  • Tədris və tədqiqatlarda innovasiyanı təşviq etmək.

Jean Monnet proqramı tədris və tədqiqat istiqaməti üzrə aşağıdakı komponentdən ibarətdir:

  • Jean Monnet modulları:Aİ ilə bağlı tədqiqatlar sahəsində qısamüddətli təhsil proqramları- hər tədris ili üçün ən azı 40 tədris saatı. Modullar Avropaşünaslıqla bağlı bir xüsusi sahəyə yönələ və ya çoxsahəli ola bilər. Qrantların maksimum məbləği üç il üçün 30 min avrodur.
  • Jean Monnet kafedraları:Universitet müəllimləri tərəfindən təqdim edilməklə, hər tədris ili üzrə minimum 90 saatlıq təhsil proqramları. Qrantların maksimum məbləği üç il üçün 50 min avrodur.
  • Jean Monnet Qabaqcıl Təcrübə Mərkəzləri:Bir və ya bir neçə universitet müəlliminə mövcud Jean Monnet kafedrasının rəhbərliyi altında bir və ya bir neçə ali təhsil müəssisəsində çoxsahəli strukturun yaradılması vasitəsilə Aİ mövzuları ilə bağlı kompetensiya, bilik və resurslar üçün əlaqələndirici mərkəz qurmaq imkanı verən bir fəaliyyət. Qrantların maksimum məbləği üç il üçün 100 000 avrodur.

BDU-nun Erasmus + KA2 proqramı çərçivəsində iştirak etdiyi Ali təhsil sahəsində potensialın artırılması layihələri  

Azərbaycan və Rusiyanın ali məktəblərində tədris, təlim və qiymətləndirmədə təhsilin daxili keyfiyyət təminatının gücləndirilməsi – IQAinAR    

Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişafı - DIRNA

 
  Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar - GEOCLIC

     
Azərbaycan və Rusiyanın ali məktəblərində tədris, təlim və qiymətləndirmədə təhsilin daxili keyfiyyət təminatının gücləndirilməsi (Enhancement of internal quality assurance of education in teaching, learning and assessment in HEIs of Azerbaijan and Russia) – IQAinAR - adlı qrant layihəsi Niderlandın Vittenborg Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə həyata keçirilir. Ali təhsil sahəsində potensialın artırılmasına xidmət edən sözügedən layihə çərçivəsində ali təhsil müəssisələrində daxili keyfiyyət təminatının təkmilləşdirilməsinə və inkişafına töhfə vermək, eyni zamanda yerli, regional və milli siyasət və stra­tegiyaların həyata keçirilməsi istiqamətində ali təhsil müəssisələrinin gücləndirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi universitet səviyyəsində tədris/tərbiyə keyfiyyətini artırmaq (müəllim ölçüsü – müəllimlərin peşəkar səriştələrini inkişaf etdirmək), öyrənmə keyfiyyətini artırmaq (tələbə ölçüsü - öyrənmək bacarığı, motivasiya, tələbələrin yumşaq və sərt bacarıqları), müəllimlər və tələbələrlə bağlı tədqiqatın keyfiyyətini yüksəltməkdir. Layihədə Azərbaycan, Niderland, İspaniya universitetləri tərəfdaş kimi iştirak edirlər. BDU layihənin assosiativ üzvüdür.  

Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişafı (Institutional Repositories Network in Azerbaijan) - DIRNA adlı layihə Elektron arxivin yaradılması ilə universitet tədqiqatçılarının nəşr etdirdiyi məqalə, kitab və digər elmi nəşrlərin qorunub saxlanmasına, həmçinin bu materialların beynəlxalq aləmə çıxarılmasına zəmin yaradır. DIRNA layihəsi keyfiyyətli elmi tədqiqatın üzə çıxması və idarə olunmasını təkmilləşdirir və tədqiqat nəticələrinə açıq çıxışı dəstəkləyir. Layihənin tərəfdaş universitetləri Jyväskylä Universiteti (Finlandiya), İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə), Università degli Studi dell’Aquila (İtaliya), Azərbaycandan olan tərəfdaşları isə Xəzər Universiteti, BDU, Azərbaycan Texniki Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universitetidir. Layi­hənin əsas məqsədi tərəfdaş ölkələrin təcrübəsi əsasında Azərbaycanın 8 ali təhsil müəssisəsində hamıya əlçatan institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsinin yaradılması və tədqiqat nəticələrinin idarə edilməsində universitetlərin tədqiqat potensialının artırılmasıdır. 

  Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar (New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems) – Geoclic adlı qrant layihəsi Qazaxıstan Respublikasının Əl-Fərabi Qazax Milli Universitetinin koordinatorluğu ilə həyata keçirilir. Ali təhsil sahəsində potensialın artırılmasına xidmət edən GEOCLIC layihəsinin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir. Layihədə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Rumıniya, Litva və Niderland Krallığının universitetləri tərəfdaş kimi iştirak edirlər. Layihə çərçivəsində BDU-nun Coğrafiya fakültəsində  tələbələrin təlim prosesi məqsədi ilə yeni bir laboratoriyanın təsis edilməsi və onun müasir avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur. (dronlar, GPS, Çöl tədqiqatı üçün geodezik avadanlıqlar, 3 ölçülü çap qurğusu, 3 ölçülü skaner, müasir proqram təminatları, peyk qəbulediciləri, müasir monitor və kompüterlər).
         

Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi - ITACA

   Tərəfdaş universitetlərdə mobil tətbiqlər və oyun dizaynı magistr proqramlarının hazırlanması - MAgNUS    
   

   
Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi (Innovative Training Centre to support a postgraduate 3rd cycle Advanced Course to face Environmental Emergency in Azerbaijan) - ITACA adlı qrant layihəsi İtaliyanın La Sapienza Universitetinin koordi­natorluğu ilə həyata keçirilir. Layihə Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların toplandığı və reabilitasiyası ilə məşğul olan yeni nəsil 3-cü dərəcə xüsusi ixtisaslaşmış magistr kadr­larının hazırlanması, təhsilinin təşkilinə həsr edilmişdir. Eyni zamanda, bu sahədə analiz aparan və çirkabların təmizlənməsi texnologiyası ilə məşğul olan yeni təlim mərkəzinin yaradılması və tədqiqatçı, sənaye səviyyəli post magistrlərin hazırlanması ilə məşğul olan Avropa şəbəkəsi standartlarına uyğun kadrların yetişdirilməsi nəzərdə tutulur. Layihədə Azərbaycan, İtaliya, Danimarka, İspaniya, Yunanıstan universitetləri tərəfdaş kimi iştirak edirlər. Layihə çərçivəsində Ətraf mühitin yaxşı­laş­dırılması üzrə magistraturadan sonrakı 3-cü dövr bir illik qabaqcıl kursun dizaynı və inkişafı, bu sahədə mövcud fövqəladə halların həlli üçün tətbiq ediləcək yeni texnologiyalar üzrə bilikli mütəxəssislər hazırlanır.   Tərəfdaş universitetlərdə mobil tətbiqlər və oyun dizaynı magistr proqramlarının hazırlanması (Developing Master programmes in Mobile Applications and Game Design at partner universities) - MAGnUS - adlı qrant layihəsinin dəstəyi ilə BDU-nun nəzdində müasir Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin tabeliyində Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılmışdır. La­bo­ratoriya ilk növbədə beynəlxalq tədqiqat potensialının, tələbələrin elmi-tədqiqat imkanlarının artırılmasına və ümumilikdə təhsilin keyfiyyətinin yük­səldilməsinə xidmət edir. Sözügedən qrant layihəsi İsve­çin Linköpinq Universitetinin koor­dina­torluğu ilə həyata keçirilir. Qrant layihəsi çərçivəsində əsas məqsəd­lərdən biri Bolonya prinsiplərinə uyğunluq gözlənilməklə Universitetdə informasiya texnologiyaları və ona yaxın fənlərin tədrisi ilə məşğul olan müəllimlərin, eləcə də BDU-da müvafiq ixtisas və ixtisaslaşmalarda təhsil alanların bilik və ba­ca­rıqlarının artırılmasıdır. Sözügedən layihə çərçivəsində BDU-da yeni “Mobil tətbiqlər və oyun dizaynı” magistr proqramı açılmışdır. Layihədə BDU ilə yanaşı İsveç, Birləşmiş Krallıq, Portuqaliya, Estoniya uni­versitetləri də tərəfdaş kimi iştirak edir.    

 

BDU-nun Erasmus+ Jean Monnet fəaliyyətləri çərçivəsində iştirak etdiyi layihələr 

 

“Green oriented studies in EU” (Avropa Birliyində “Yaşıl Araşdırmalar”)  

“EU approaches to nanomaterials - education and promotion-EUNANO”-(Aİ-nin nanomateriallara yanaşmaları - təhsil və təşviq)

 

BDU-nun Erasmus+ Jean Monnet fəaliyyətləri çərçivəsində modul səviyyəsində “Green oriented studies in EU” (Avropa İttifaqında (Aİ) “Yaşıl araşdırmalar”) layihəsinin məqsədi müasir dövrün ekoloji və iqtisadi çağırışlarına uyğun olaraq “yaşıl sahə"də əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yeni nəslinin hazırlanmasıdır. Layihə çərçivəsində BDU-nun Kimya və Biologiya fakültələrində 3 “yaşıl” fənn modulunun tətbiqi ilə yeni məzmunda təhsil proqramları hazırlanır. Layihə həmçinin Azərbaycan və Aİ arasında bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinə imkan verəcəkdir. Sözügedən layihənin müddəti 36 aydır.

 

BDU-nun Erasmus+ Jean Monnet fəaliyyətləri çərçivəsində digər layihəsi modul səviyyəsində “EU approaches to nanomaterials - education and promotion-EUNANO” – (Aİ-nin nanomateriallara yanaşmaları - təhsil və təşviq) layihəsidir. Bu qrant layihəsinin məqsədi BDU-nun nanomaterialların sintezi, tədqiqi və tətbiqi istiqamətində tədris proqramının zənginləşdirilməsi, tələbələrinin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, Azərbaycanda nanomaterialların təhlükəsizliyi məsə­lə­lərində AB-nin tənzimləmələri barədə məlumatlılığın artırılması və iki fənn üzrə tədris materiallarının hazırlanmasından ibarətdir. Sözügedən layihənin müddəti 36 aydır. Layihə çərçivəsində 2 yeni fənnin tədrisi nəzərdə tutulur.

BDU-nun Yapon fondu çərçivəsində iştirak etdiyi layihələr

 

 

20-ci, 21-ci və 22-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsi qrantları: Layihə Azərbaycan Respublikasında Yapon dilinin tədri­sinin səviyyəsinin yüksəldilməsi və genişləndirilməsinə xidmət edir. Layihə çərçivəsində tələbələrin müsabiqəyə hazırlaşması və iştirakı yapon dilinə böyük maraq və həvəs yaradır, eyni zamanda, tələbələrin müsabiqəyə hazırlaş-ması prosesi onlarda bilik qazanmaq uğrunda yarış əhval-ruhiyyəsi formalaşdırır. Statistik göstəriciləri nəzərə alaraq qeyd etmək olar ki, müsabiqədə iştirak edən tələbələrin demək olar hamısı sonradan Yaponiya universitetlərində təhsil almaq üçün Yaponiya Fondunun təhsil qrantını əldə edirlər.