Ümumi müddəalar:
- “Bakı Dövlət Universitetinin 2021-2030-cu illər üzrə elmi-tədqiqat Strategiyası” (bundan sonra - Strategiya) Bakı Dövlət Universitetində (bundan sonra - BDU) elmi-tədqiqat fəaliyyətinin təşkili, həyata keçirilməsi, elmi nəticələrin yayılması, təbliği, tədris prosesinə inteqrasiyası və tədqiqatçılıq sahəsində bacarıq və vərdişlərin fasiləsiz olaraq inkişaf etdirilməsinin ümumi yanaşmalarını, əsas prinsiplərini və mexanizmlərini əks etdirir.
- Elmi-tədqiqat fəaliyyəti BDU-nun prioritet istiqamətlərindən biridir və mövcud kadr hazırlığı istiqamətlərində fundamental və tətbiqi tədqiqatlar əsasında təlim-tədris və tərbiyə prosesinin fasiləsiz təkmilləşdirilməsini təmin edir.
- Strategiya prioritet istiqamətlər üzrə elmi-tədqiqatların səmərəliliyinin artırılması, uzun illər ərzində yaranmış elmi məktəblərin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə yanaşı yeni elmi məktəblərin formalaşdırılması, BDU-nun elmmetrik göstəricilərinin yüksəldilməsi üzrə qarşılıqlı əlaqədə olan kompleks tədbirləri əhatə edir.
- Strategiya BDU-nun strateji idarə edilməsinin tərkib hissəsidir və aşağıdakı digər sənədlərlə birgə baxılır: missiya, strateji inkişaf proqramı, akademik siyasət, BDU-da keyfiyyətin təmin olunması sahəsində siyasət və s.
- Strategiya elmi-tədqiqat və təlim-tədris arasındakı milli və Universitetdaxili əlaqələri əks etdirir.
- Strategiya BDU-nun bütün müvafiq struktur bölmələrinin iştirakı ilə həyata keçirilir.
- Strategiya rəsmi sənəddir və geniş ictimaiyyətə çatdırılır.
- Strategiya hazırlanarkən Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu; Elm haqqında Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası; Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi; 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı; BDU-nun Nizamnaməsi; BDU-nun Strateji İnkişaf Planı (2021-2030-cu illər); Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və s. sənədlərə istinad edilmişdir.
- Strategiya nəzarətdə saxlanılır və tələblərin dəyişməsinə uyğun olaraq yenidən işlənilir.
- Strategiya BDU-nun Elmi Şurasında müzakirə edilərək qəbul olunur və BDU-nun rektoru tərəfindən təsdiq olunur.
Elmi-tədqiqat sahəsində BDU-nun siyasəti, missiyası və gələcəyə baxışı:
- Dövlətin elm siyasətinə uyğun olaraq, BDU elmi-tədqiqat fəaliyyətinə və innovasiyaların tətbiqinə cəmiyyətin və dövlətin maraqları çərçivəsində şəxsiyyətin hərtərəfli inkişafı üçün ölkənin elmi-tədqiqat və istehsalat müəssisələri ilə qarşılıqlı əlaqədə həyata keçirilən vahid proses kimi baxır. Elmi tədqiqatların səmərəliliyini və yüksək keyfiyyətini BDU-nun fəaliyyətinin ən vacib prioritetlərindən biri hesab edir. BDU elmi-tədqiqat sahəsində siyasətinin formalaşmasını strateji idarəetmənin əsaslarından biri kimi nəzərdə tutur.
Strategiyanın əsas məqsədləri:
- Strategiyanın və onun reallaşdırılması istiqamətində BDU-nun elmi və innovativ fəaliyyətinin əsas məqsədləri aşağıdakılardır:
- elm, təhsil və istehsalatın inteqrasiyası, tədris prosesi ilə elmi tədqiqatın vəhdətinin təmin edilməsi, tədris prosesində tədqiqat və innovasiya komponentinin genişləndirilməsi əsasında ali təhsilli mütəxəssislərin və yüksək ixtisaslı elmi kadrların hazırlanma keyfiyyətinin yüksəldilməsi;
- müasir standartlara uyğun innovativ elmi mühitin formalaşdırılması;
- elmi və elmi-pedaqoji potensialın inkişaf etdirilməsi;
- təşkilati strukturun və elmi infrastrukturun müasirləşdirilməsi;
- innovativ tədqiqat layihələrinin dəstəklənməsi üçün maddi-texniki bazanın genişləndirilməsi və modernləşdirilməsi;
- ölkədə elm, texnika və texnologiyanın inkişafının prioritet istiqamətləri çərçivəsində fundamental və tətbiqi tədqiqatların səmərəliliyinin artırılması;
- elmi-tədqiqat sahəsində BDU-nun yüksək rəqabətqabiliyyətliliyinin təmin ediməsi, elmi-tədqiqat işlərinin keyfiyyətinin beynəlxalq səviyyəyə qaldırılması;
- ölkənin davamlı sosial-iqtisadi inkişafına elmi dəstəyin verilməsi.
BDU-nun elmi fəaliyyətinin inkişafının əsas vektoru ənənəvi olaraq klassik universitet üçün xarakterik olan fundamental tədqiqat sahələrinin qorunub saxlanılması, eyni zamanda fənlərarası, fakültələrarası, regionlararası və beynəlxalq tətbiqi tədqiqat layihələrinin artırılması, yeni perspektivli elmi istiqamətlərin müəyyənləşdirilməsi və dəstəklənməsindən ibarətdir.
Elmi-tədqiqatın prinsipləri:
Elmi-tədqiqatın səmərəliliyi və əldə edilən nəticələrin keyfiyyətinin yüksəldilməsi aşağıdakı prinsiplərin gözlənilməsi ilə əldə edilir:
determinizm – bütün hadisələrin müəyyən səbəblərin təsiri ilə şərtlənməsini təyin edir, başqa sözlə, gerçəkliyin bütün hadisələrinin səbəb-nəticə əlaqələrini nəzərə alır;
ardıcıllıq və sistemlilik – bütün hadisələrin bütöv bir sistemin daxili əlaqəli komponentləri kimi şərh edilməsini tələb edir;
inkişaf – gerçəkliyin bütün obyekt və hadisələrinin davamlı dəyişməsinin, çevrilməsinin və inkişafının, onların bir forma və səviyyədən digərinə keçidinin tanınmasını nəzərdə tutur.
Bu tədqiqat prinsipləri universal, elmi xarakter daşıyır, elmi fəaliyyətin bütün sahələrində tətbiq oluna bilər. Elmin gələcək inkişaf perspektivləri bu prinsiplərin uğurlu tətbiqi ilə bağlıdır. Bununla belə, hər bir elm sahəsi ümumelmi prinsiplər əsasında özünəməxsus metodologiyasını, tədqiqat metodlarını işləyib hazırlayır, bu metodların mahiyyəti müvafiq elm sahəsinin məzmununun spesifikliyi ilə diktə olunur.
Ümumelmi prinsiplərlə yanaşı, bir çox elm sahələrində məqsədyönlülük, obyektivlik və tətbiqə istiqamətlilik də əsas prinsiplər kimi qəbul edilir.
Fəaliyyət istiqamətləri:
“BDU-nun Strateji İnkişaf Planı”nda (2021-2030-cu illər) qeyd edildiyi kimi, BDU-nun elm-təhsil müəssisəsi kimi inkişafının ən mühüm hissəsi olan uğurlu elmi fəaliyyətin təşkili professor-müəllim heyəti və tədqiqatçıların bilik, bacarıq və tədqiqatçılıq səriştəsinə əsaslanır. Bu baxımdan BDU-da aparılan elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
- BDU-da akademik heyət və alimlərin, habelə tələbə, magistrant və doktorantların inkişafına təkan verən ən yüksək səviyyəli elmi mühit və tədqiqatların aparılmasına şərait yaratmaq;
- beynəlxalq standartlara cavab verən və rəqabətədavamlı tədqiqatlar aparmaq;
- faydalı təcrübə qazanmaq məqsədi ilə mövcud elmi-tədqiqat institutlarını, mərkəzlərini və laboratoriyalarını yenidən qurmaq və dövrün tələblərinə uyğun olaraq yenilərini yaratmaq;
- Respublikanın və xarici ölkələrin yüksək reytinqli ali məktəb və tədqiqat mərkəzləri ilə, o cümlədən beynəlxalq elmi təşkilatlarla elm və innovasiyalar sahəsində sıx əlaqələr yaratmaq, yüksək səviyyəli beynəlxalq əməkdaşlıq və intensiv elmi təcrübə mübadiləsi aparmaq.
Elmi-tədqiqatın iştirakçıları və infrastruktur:
BDU-da elmi-tədqiqatın əsas iştirakçıları aşağıdakılardır:
- təhsilalanlar (magistrantlar, doktorantlar (dissertantlar), buraxılış işi yerinə yetirən və elmi fəaliyyətə cəlb edilən bakalavrlar);
- kafedralarda çalışan professor-müəllim heyəti;
- elmi-tədqiqat qurumlarında çalışan elmi işçilər;
- inzibati idarəetmə bölmələrində çalışan əməkdaşlar;
- müqavilə əsasında tədrisə və elmi fəaliyyətə cəlb olunanlar;
- BDU-nun əməkdaşlıq etdiyi yerli və xarici elm və təhsil müəssisələrinin birgə layihələrdə iştirak edən nümayəndələri.
BDU-da elmi-tədqiqatlar kafedralarda, BDU-nun elmi-tədqiqat institutlarında, mərkəzlərində və laboratoriyalarında, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində, o cümlədən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində (Center of Excellence) və bu Mərkəzin nəzdində yeni yaradılmış sənayeyönümlü elmi-tədqiqat laboratoriyalarında aparılır.
Zəruri hallarda bir sıra prioritet istiqamətlər üzrə tədqiqatlar aparmaq, yeni texnologiyalarla tanış olmaq və təcrübə qazanmaq məqsədilə BDU-nun əməkdaşları və doktorantları Respublikanın, regionun və xarici ölkələrin aparıcı elm və təhsil mərkəzlərinə qısa və uzunmüddətli elmi ezamiyyətə və stajkeçməyə göndərilir.
Elmi fəaliyyətin təşkili və həyata keçirilməsi Elmi fəaliyyətin təşkili və İnnovasiyalar Mərkəzi tərəfindən koordinasiya olunur.
Elmi-tədqiqat sahəsində vəzifələr:
Strategiyada nəzərdə tutulan məqsədlərə nail olunması, tədqiqat fəaliyyətinin optimallaşdırılması və səmərəli idarə olunması üçün aşağıdakı vəzifələr yerinə yetirilir:
- rəqabətqabiliyyətli elmi-tədqiqat və təcrübə-konstruktor sektorunun formalaşdırılması, tədqiqat nəticələrinin istifadəsi üzrə institutların inkişafı;
- tədqiqat və inkişaf sektorunun regionun təhsil, elmi-tədqiqat və istehsalat müəssisələri ilə qarşılıqlı əlaqəsini təmin edən səmərəli innovasiya mühitinin inkişafı;
- kafedraların, professor-müəllim heyətinin, tələbələrin nəşr fəaliyyətinin göstəricilərinin yüksəldilməsi; xarici dillərdə sitatların və nəşrlərin sayının artırılması;
- elmi-pedaqoji işçilərin, doktorantların, magistrant və tələbələrin milli və beynəlxalq elmi-tədqiqat proqramlarında, müsabiqələrdə, qrantlar üzrə tədqiqatlarda iştirakının intensivləşdirilməsi;
- yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi, doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığının keyfiyyətcə yeni səviyyəyə qaldırılması;
- fəlsəfə və elmlər doktoru dissertasiyaları üzərində çalışan əməkdaşların elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi;
- Respublikanın ali təhsil müəssisələrində və elmi-tədqiqat mərkəzlərində aktual elmi problemlər üzrə elmi təcrübə keçmək üçün şəraitin yaradılması;
- elmi və pedaqoji işçilərin akademik mobilliyinin stimullaşdırılması (xarici elmi təcrübələr, xarici ölkələrin universitetlərində mühazirələr oxumaq və s.);
- alimlərə, xüsusən gənc alimlərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırmalar aparmaq üçün imkanların yaradılması;
- beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, nüfuzlu xarici elmi mərkəzlərlə ortaq elmi tədqiqat proqramlarının hazırlanması, birgə tədqiqat laboratoriyalarının təşkil edilməsi, beynəlxalq elmi layihələrdə tədqiqatçıların iştirakının təmin edilməsi;
- elm, təhsil və istehsalatın inteqrasiyasının təmin edilməsi, biznes nümayəndələri, müəllimlər, gənc alimlər və təhsilalanlar üçün kommunikasiya platformalarının yaradılması;
- elm-təhsil-istehsalat əlaqəsinin tətbiqi və elmi nəticələrin kommersiyalaşdırılması prinsiplərini əsas götürərək sənaye və istehsalat ilə əlaqələrinin genişləndirilməsi;
- yeni innovativ məhsulların və həll variantlarının hazırlanması, tapılması, işlənilməsi və maliyyələşdirilməsinin daha çevik şəkildə aparılması üçün texnologiyaların transferi mexanizminin optimallaşdırılması;
- yeni texnologiyaların transferi və gənc tədqiqatçılara onlarla işləmək bacarığının aşılanması;
- əməkdaş və tələbələrin elmi-tədqiqat sahəsində əldə etdiyi nəticələrin elmi sferada və iqtisadiyyatın real sektorunda tanıdılması;
- kommersiya yönümlü elmi ideyaların və nəticələrin artırılması;
- əməkdaş və tələbələrinin intellektual fəaliyyəti əsasında innovativ layihələrin formalaşdırılması və reallaşdırılması;
- ixtira səviyyəsində olan elmi tədqiqatların Respublikada və xarici ölkələrdə qorunması işlərinin mexanizminin təkmilləşdirilməsi;
- elmi məktəblərin qorunmasına və varisliyin təmin edilməsinə nail olunması, elmin müvafiq sahələri üzrə böyük məktəblər yaratmış alimlərin təcrübəsindən geniş istifadə edilməsi;
- elmin idarə edilməsi, elmi-tədqiqatların təşkili, əlaqələndirilməsi və maliyyələşdirilməsi proseslərinin təkmilləşdirilməsi məqsədilə zəruri islahatların aparılması;
- informasiya texnologiyaları sahəsində tədqiqatların genişləndirilməsi, elmin informasiya təminatının gücləndirilməsi;
- elmi ekspedisiyaların və çöl tədqiqatlarının müasir səviyyədə aparılması üçün müvafiq maliyyə təminatının və maddi-texniki bazanın yaradılması;
- innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, texnoloji mərkəzlər, biznes inkubatorları şəbəkəsinin yaradılması və genişləndirilməsi;
- elm sahəsində sahibkarlıq fəaliyyəti və rəqabət üçün şəraitin yaradılması;
- elmi və elmi-texniki fəaliyyətin, elmi işin, proqram və layihələrin ekspertizasının aparılmasında, sosial-iqtisadi nəticələrin proqnozlaşdırılmasında və qiymətləndirilməsində alimlərin iştirakının təmin edilməsi;
- elm və innovasiyalar sahəsində nüfuzlu alimlərin ustad mühazirələr oxuması və seminarlarda çıxışlar etməsi məqsədilə dəvət edilməsi, onların tələbə və müəllimlərlə sıx əlaqələrinin yaradılması yolu ilə elm və innovasiyasiyalar sahəsində gələcəyə baxışın təmin edilməsi və mütəmadi olaraq yenilənən hədəflərin müəyyən edilməsi;
- əməkdaşların və təhsilalanların elmi əsərlərinin beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (Web of Science, SCOPUS və s.) daxil olan nəşrlərdə dərc olunmasına təşviq edilməsi;
- elmin kütləviləşdirilməsi və elmi nailiyyətlərin təbliği.
Elmi-tədqiqat sahəsində qiymətləndirmə meyarları:
- Elmi-tədqiqat sahəsində Strategiyanın qəbul olunması və təsdiqlənməsi.
- Elmi işçilərin, professor-müəllim heyətinin və təhsilalanların elmi-tədqiqat sahəsində Strategiyanın formalaşdırılmasında və həyata keçirilməsində iştirakı.
- Təhsil proqramlarının keyfiyyətinin təmin olunması siyasətinin həyata keşirilməsində təhsil, tədris və elmi-tədqiqatın qarşılıqlı əlaqəsinin dərəcəsi.
- Elmi-tədqiqat fəaliyyətində obyektivliyin və düzgünlüyün təmin edilməsi, bütün səviyyələrdə elmi saxtakarlığa qarşı prinsipiallıq.
- Elmi əsərlərin (elmi məqalə, monoqrafiya, dissertasiya və s.) yoxlanılması üçün lisenziyalı “Antiplagiat” proqramının tətbiqi.
- Sistemli monitorinq, səmərəliliyin qiymətləndirilməsi, informasiyaların təhlili əsasında elmi-tədqiqat strategiyasının həyata keçirilməsinə yenidən baxılması.
- Dövlətin elm siyasətində, cəmiyyətin və əmək bazarının dəyişən ehtiyac və tələblərinə uyğun olaraq elmi-tədqiqat strategiyasına yenidən baxılması.
- Maraqlı tərəflərin dövri olaraq elmi-tədqiqat sahəsində strategiyanın həyata keşirilməsi sahəsində görülən işlər haqqında məlumatlandırılması.
Strategiyanın həyata keçirilməsi mexanizmləri:
- Təhsilalanların mənimsədikləri ümumi nəzəri biliklər onların tətbiqə istiqamətləndirilməsi ilə müşayiət olunmalıdır. Tədqiqat və inkişaf bütün professor-müəllim heyətinin, elmi işçilərin, magistrantların, doktorantların və əksər tələbələrin işinin əsas hissəsinə çevrilməlidir.
- Strategiyanın həyata keçirilməsi üçün aşağıdakılar tələb olunur:
-
- fənlərarası tədqiqatlar da daxil olmaqla, fundamental və tətbiqi tədqiqatların spektrinin genişləndirilməsi;
- əməkdaşların və struktur bölmələrinin elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi mexanizminin təkmilləşdirilməsi;
- yüksək elmi göstəricilərə malik struktur bölmələrinin və əməkdaşların stimullaşdırılması (maddi həvəsləndirmə mexanizminin təkmilləşdirilməsi, perspektiv elmi layihələrin rəqabətli maliyyələşdirilmə sisteminin tətbiqi və s.);
- şəbəkə inteqrasiyasının inkişafı (strateji tərəfdaşlarla qarşılıqlı əlaqənin yeni formalarının axtarışı; dövlət müəssisələrinin və özəl şirkətlərin innovativ inkişaf proqramlarının formalaşdırılmasında və həyata keçirilməsində iştirak; sonradan onların bazasında fəaliyyət göstərən elm-təhsil-istehsalat komplekslərinin formalaşdırılması məqsədi ilə kafedraların filiallarının yaradılması; iri beynəlxalq elmi və təhsil layihələri üzrə müsabiqələrdə iştirak; beynəlxalq elmi-praktik konfransların təşkili və s.);
- tədqiqat mərkəzlərinin və laboratoriyaların inkişafı yolu ilə elmi-tədqiqatların maddi-texniki bazasının möhkəmləndirilməsi.
-
- Strategiyanın həyata keçirilməsi subyektləri professor-müəllim və inzibati idarəetmə heyəti, alimləri, doktorantları, magistrantları, tələbələri, habelə əməkdaşlıq edilən dövlət müəssisələri, elmi təşkilatlar və istehsalat müəssisələridir.