Bakı Dövlət Universitetinin təsis edilməsi və fəaliyyətə başlaması

Bakı Dövlət Universiteti (BDU) Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılsa da, onun təşəkkülü prosesi üçün zəruri olan ilkin milli-mənəvi şərtlər Azərbaycan xalqının bütün tarixi boyu formalaşmışdır. Əsas proses isə XX əsrin əvvəllərində başlamışdır.

1917-ci il Fevral inqilabından sonra Rusiyada yaranmış Müvəqqəti hökumət Tiflis Rus Universitetinin açılmasını gündəmə gətirdi və bunun üçün Ali Qadın Kurslarının professorlarından ibarət komissiya yaradıldı. Komissiyaya görkəmli alim, cərrah və pedaqoq, universitet yaradılmasında təcrübəsi olan professor Vasili Razumovski başçılıq edirdi. V.İ.Razumovski bu barədə yazırdı: “İşimizin sonuna yaxın Qafqaz Zaqafqaziya Respublikası (Zaqafqaziya Komissarlığı nəzərdə tutulur – red.) kimi Rusiyadan ayrıldı, gürcü, erməni və türklərdən (azərbaycanlılardan – red.) ibarət qarışıq hökumət yaradıldı. Xalq maarif naziri bakılı Xan Xoyski (Fətəli xan Xoyski – red.) idi. Gördüyümüz işlərdən istifadə edərək, Tiflisdə Rus Universitetinin təşkili təklifi ilə bu hökumətə müraciət etdik. Nazir bizi axıra kimi dinləyib, Qafqazda Rus Universitetinin yaradılmasına rəğbətini bildirdi, ancaq buna baxmayaraq, əlavə etdi: “Niyə bəs Tiflisdə? Tiflisdə Politexnikum var, indi gürcü universiteti... Bəlkə, universiteti Bakıda təşkil etmək daha məqsədəuyğundur?” Bizim tərtib etdiyimiz smeta ilə məlumat vərəqəsini nəzərdən keçirmək üçün götürdü və bu iş haqqında Nazirlər Şurasında məlumat verəcəyini vəd etdi”.

Həmin dövrdə Qafqazda cərəyan edən siyasi hadisələr məsələnin həllini mümkünsüz etdi. 1918-ci ilin mayında Zaqafqaziya Federativ Respublikasının dağılmasından sonra Tiflisdəki Ali Qadın Kursları Zaqafqaziya Universitetinə çevrildi. Tədrisin rus dilində aparıldığı bu universitetin ilk rektoru professor V.İ.Razumovski seçildi. Yarandığı ilk gündən universitet respublikalar arasındakı siyasi ziddiyyətlərlə və böyük maliyyə çətinlikləri ilə üzləşdi. Belə olan halda, yenicə açılmış universitetin Yekaterinodar (indiki Krasnodar), İrəvan və ya Bakıya köçürülməsi məsələsi gündəmə gəldi.

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının elan olunması Azərbaycan xalqının milli dövlətçilik tarixində misilsiz bir hadisə oldu. Azərbaycan Xalq Cümhuriyyətinin strateji hədəfləri, demokratik əsaslar üzərində qurulmuş milli-mədəni inqilabın əsas məqsədi əvvəlki nəsillərin ideallarını gerçəkləşdirmək və müsəlman-türk dünyası birliyində çağdaş Azərbaycanın milli ziyalı nəslini yetişdirməkdən ibarət idi. Soykökünə bağlı olan bu nəsil, həm də Avropa mədəniyyətini mənimsəmiş, hərtərəfli hazırlıq görmüş müstəqil və demokratik düşüncəli, vicdanlı ziyalı ordusu təşkil etməyi qarşısına bir vəzifə olaraq qoymuşdu. Cümhuriyyət hökuməti universitetin Bakı şəhərində açılmasına çalışırdı. Bu dövrdə Azərbaycanın qabaqcıl ziyalıları və ictimai xadimləri öz mütərəqqi ideyalarının gerçəkləşməsi üçün ali məktəbin yaradılmasını zəruri sayırdı. Ali təhsilli milli kadrların yetişdirilməsi milli dövlətin sosial bazasının daha da möhkəmləndirilməsinə və onun sarsılmazlığına səbəb olacaqdı.

1919-cu ilin əvvəllərində Həmid bəy Şahtaxtinski Tiflis şəhərinə gedərək Cümhuriyyət Hökumətinin Zaqafqaziya Rus Universitetini Bakıya köçürmək təklifini bildirdi, yaxşı binalar, maddi təminat və s. vəd etdi. Zaqafqaziya Rus Universitetinin maddi problemlər səbəbindən Tiflisdə fəaliyyət göstərə bilməməsi Professorlar Şurasını qətiyyətli addım atmağa vadar etdi. 1919-cu il martın sonunda rektor V.İ.Razumovski Universitet Şurasının iclasında Bakıdan alınmış təkliflərin daha real, sanballı olmasını əsas tutaraq, məhz bu şəhərə köçməyi məqsədəuyğun hesab etdi. Şura üzvlərinin əksəriyyəti universitetin Bakıya köçürülməsinə razılığını bildirdi. Məsələnin qəti həlli üçün komissiya yaradıldı. Komissiyanın təklifi ilə rektor V.İ.Razumovski, tələbə təmsilçiləri və professorlardan ibarət nümayəndə heyəti Cümhuriyyət hökuməti ilə danışıqlar aparmaq və real vəziyyətlə yerində tanış olmaq üçün Bakıya göndərildi. V.İ.Razumovskinin yazdığı kimi, Bakıda danışıqlar zamanı “aydın oldu ki, Azərbaycan hökuməti Bakıda universitet olmasında ciddi şəkildə maraqlıdır, cəmiyyətin bütün zümrələrinin... əhvali-ruhiyyəsi universitetin dərhal açılmasına köklənib... Bizi başa saldılar ki, hətta Zaqafqaziya Rus Universiteti köçməsə də, Bakıda universitet yaradılacaqdır; ultimativ formada müddət də göstərilmişdi – 1 may”.

Vaxtında cavab almayan Azərbaycan hökuməti V.İ.Razumovskiyə teleqram göndərərək bildirdi ki, Bakıda yeni universitet açılır və hökumət ondan universitetin təşkilini öz üzərinə götürüb, bu məqsədlə komissiya yaratmasını xahiş edir. Teleqrafla verdiyi cavabında V.İ.Razumovski təklifi qəbul etdiyini və Zaqafqaziya Rus Universitetinin rektoru vəzifəsindən istefa verərək, komissiyanın təşkilinə başladığını xəbər verir. 1919-cu il mayın 19-da Milli hökumət Xalq Maarifi Nazirliyi nəzdində universitet komissiyasının təşkili haqqında 8 maddədən ibarət Əsasnamə qəbul etdi. Komissiyanın tərkibinə professor V.İ.Razumovski (sədr), professorlar N.A.Dubrovski, A.M.Levin, İ.Ş.Sitoviç və müəllim L.A.İşkov (üzvlər) daxil idi. Bir ay sonra komissiyanın tərkibi genişləndirilir. Komissiyanın əsas vəzifəsi Dövlət Universiteti haqqında qanun layihəsini, onun nizamnaməsini, ştat və smeta layihələrini hazırlayıb hökumətə təqdim etmək idi. Universitet komissiyası mayın 31-də Bakı Universitetinin açılması haqqında bəyannaməni, Bakı şəhərində universitetin təsis edilməsi haqqında qanun layihəsini və ona əlavə edilən izahlı qeydləri, universitetin nizamnaməsini, 1919/20-ci tədris ili üçün tərkibində Şərq şöbəsi olmaqla Tarix-filologiya fakültəsinin və Tibb fakültəsinin ştatlarını və smetasını hazırlayıb Xalq Maarifi Nazirliyinə təqdim etdi. Universitet komissiyası Maarif Nazirliyinə təqdim etdiyi qanun layihəsi əsasında universitetin təşkili, qurulması və avadanlıqla təchiz edilməsi üçün ona 3,5 milyon manat ayrılmasını xahiş etdi. Hökumət Maarif naziri Rəşid Kaplanovun müzakirəyə təqdim etdiyi sənədləri müsbət qarşıladı, yeni qurulmuş respublikada iqtisadi şəraitin çox çətin olmasına baxmayaraq, universitet üçün tələb olunan vəsaiti artırıb 5 milyon manata çatdırdı, müəllimlərin əmək haqqını isə nəzərdə tutulanın üçdə biri qədər artırdı. Komissiyanın vəzifələrinə universitet üçün ayrılmış iki binanın – Kommersiya məktəbinin və Birinci gimnaziyanın tədris ili başlayana qədər təhsil prosesinə uyğunlaşdırılması, auditoriyaların və laboratoriyaların avadanlıqlarla təchiz edilməsi, mebellərin, müxtəlif aparat və cihazların, kitabların və s. alınması da daxil idi.

Hökumət universitet komissiyasının Xalq Maarif Nazirliyi vasitəsilə təqdim etdiyi sənədlər toplusunu və qanun layihəsini iyulun 7-də geniş şəkildə müzakirə edib, müəyyən əlavə və dəyişikliklərlə qəbul etdi.

Hökumətin qəbul etdiyi sənədlər 1919-cu ilin iyul-avqust aylarında parlamentin qanunvericilik, büdcə-maliyyə komissiyalarında və parlamentdə təmsil olunan partiyaların fraksiyalarında geniş müzakirə edildi. Bu müzakirələr zamanı aydın oldu ki, ictimaiyyətin, hökumətin və parlamentin daxilində universitetin açılmasının əleyhdarları da vardır. Universitetin açılmasına qarşı çıxanların bir qismi belə hesab edirdi ki, tədrisin rus dilində aparılması buraya dəvət olunan rus professorlarına tələbələr arasında ruslaşdırma siyasəti aparmaq imkanı verəcəkdir. Onların fikrincə, bu alimlər tələbələrə elm öyrətməkdən daha çox, missionerlik fəaliyyəti ilə məşğul olacaq, çarizmin xristianlaşdırma və ruslaşdırma siyasətini həyata keçirəcəklər. Vəziyyətin belə olduğunu görən universitet komissiyasının sədri V.İ.Razumovski hökumətin və parlamentin nüfuzlu üzvləri, eləcə də ictimaiyyət arasında söz sahibi olan qabaqcıl ziyalılarla görüş keçirərək, onları əmin edir ki, universitetin yeganə məqsədi gənclərə elm öyrətməkdən ibarət olacaqdır.

 

Universitetin ilk möhürü

(Milli Azərbaycan Tarixi Muzeyində saxanılır, inventar №320, 1919)

 

 

Müsəlman Şərqində ilk Avropa tipli universiteti yaratmaq yolunda böyük maneələr olmasına baxmayaraq, milli hökumət və ziyalılar bütün çətinlikləri dəf edərək, bu işi uğurla başa çatdırdılar. Üç aylıq gərgin mübarizə 1919-cu il sentyabrın 1-də Parlamentin 70-ci iclasında Universitetin açılması haqqında qanunun qəbul edilməsi ilə başa çatdı. Bu qanunun qəbul olunmasında Azərbaycanın maarifpərvər ziyalılarının, vətənpərvər insanların xidmətini xüsusi qeyd etmək lazımdır. “Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi haqqında” adlanan bu qanun Universitetdə dörd fakültənin - Tarix-filologiya (Şərq şöbəsi olmaqla), Təbiət, Hüquq və Tibb fakültələri açılmasını nəzərdə tuturdu. Qanunun X maddəsinə əsasən, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunurdu. İctimaiyyətin narahatlığını nəzərə alaraq, qanunun II maddəsinin 2-ci bəndində bütün fakültələrdə türk (Azərbaycan – red.) dilinin məcburi fənn kimi tədris olunacağı qeyd edilirdi. Qanunun VIII və IX maddələri demokratik dəyərlər, hüquq bərabərliyi nöqteyi-nəzərindən xüsusi önəm daşıyırdı. Burada yazılırdı: “Zaqafqaziya və qeyri darülfünunların tələbə və taliblərini... Bakı Darülfünununun eyni kurslarına qəbul etməyə... ixtiyar verilir. Yeni tələbələr, istər erkək, istər qadın, ümumi əsaslar üzrə qəbul olunurlar”.

 

                                               

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakı Dövlət Darülfünunun təsisi haqqında qəbul edilmiş Qanun (1919)

 

Universitetin təsis edilməsi haqqında Qanunun qəbul edilməsindən bir neçə gün sonra Universitet komissiyasının iclasında onun rektoru və dekanları seçildi. Hökumətin 8 sentyabr 1919-cu il tarixli “Bakı Dövlət Universitetinin rektor və dekanlarının təsdiq edilməsi haqqında” qərarı ilə Vasili Razumovski rektor, İvan Şirokoqorov Tibb fakültəsinin, Nikolay Dubrovski isə Tarix-filologiya fakültəsinin dekanı təsdiq edildilər.

 

Universitetin ilk rektoru Vasili İvanoviç Razumovski (1857-1935)

 

Universitet komissiyasının axırıncı iclası 1919-cu il sentyabrın 15-də keçirildi. İclasda Müvəqqəti Şura və Universitet İdarə heyəti yaradıldı. Beləliklə, Universitetin və kafedraların əsas əməkdaşları komplektləşdirilmiş oldu. Sentyabrın 20-dən sonra çatışmayan işçiləri cəlb etmək üçün Vasili Razumovski və Nikolay Dubrovski Rostov-Don, Yekaterinoslav və Xarkovda bir sıra görkəmli alimlərlə görüşüb, Bakıya gəlmələri üçün onların razılığını aldılar. Universitet komissiyasının digər bir üzvü Boris Finkelşteyn isə ləvazimat, avadanlıq, ədəbiyyat və s. almaq üçün Avropaya göndərildi.

1919-cu il sentyabrın 29-da 5 fəsil və 72 maddədən ibarət olan Universitet Nizamnaməsi qəbul olundu. Nizamnamə Universitetin təşkilati quruluşunu, onun elm və tədris sahələrinin fəaliyyətini, professor-müəllim heyətinin vəzifə və hüquqlarını müəyyənləşdirirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən təsdiq olunmuş Qanun və Nizamnamə Universitet idarəçiliyinin təşəkkülündə mühüm rol oynamışdır. Universitetlə bağlı olan bu sənədlərin hər ikisində bu günümüz və tarixi keçmişimiz üçün önəmli olan bir məsələyə diqqət yetirmək vacibdir. Sənədlərin hər ikisində Universitetin statusu muxtariyyət səlahiyyətli elm-tədris müəssisəsi kimi müəyyənləsdirilirdi. Bu fakt, öz-özlüyündə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin həm mahiyyət, həm də xarakter etibarilə nə qədər demokratik və humanist dəyərlərə söykəndiyini və onlara hörmətlə yanaşdığını əks etdirirdi.

Qeyd etmək lazımdır ki, Universitetə muxtariyyət hüququ verilsə də, onun bu akademik azadlığı bir o qədər uzun sürmədi, sovet hakimiyyətinin ilk illərində (1920-1922) bu və ya başqa şəkildə qorunub saxlansa da, sonrakı illərdə ləğv olundu.

1919-cu il noyabrın 10-da Universitet Şurasının ilk iclası keçirildi. İclasda professor-müəllim heyətinin tərkibi təsdiq olundu, noyabrın 15-i Universitetdə ilk dərs günü elan olundu. Universitet Tarix-filologiya və Tibb fakültələri ilə fəaliyyətə başladı.

 

Universitetin Tarix-filologiya fakültəsinin 1919-cu ildə ilk dərslərinə başladığı binası.

1913-cü ildə tikilən bu binada əvvəllər Kommersiya Məktəbi yerləşib (1919)

Universitetin Tibb fakültəsinin yerləşdiyi ilk bina (1919)

 

1919/20-ci tədris ilində Universitetdə azad dinləyicilərlə birlikdə cəmi 1094 tələbə var idi: onlardan 877 nəfəri həqiqi tələbə, 217 nəfəri isə azad dinləyici idi. Tarix-filologiya fakültəsinə 604 nəfər (509 həqiqi tələbə), Tibb fakültəsinə isə 490 nəfər (368 nəfər həqiqi tələbə) qəbul olunmuşdu. Tələbələrin milli əlamətə görə bölgüsü aşağıdakı kimi idi: 297 nəfər azərbaycanlı, 366 nəfər yəhudi, 209 nəfər rus, 222 nəfər başqa millətlərin nümayəndələri (erməni, gürcü, polyak, alman və s.).

 

Universitetin Tibb fakültəsinin dekanı İvan İvanoviç Şirokoqorov (ortada) tələbə və müəllimlər arasında (1922)

 

Universitetdə ilk dərslər Tarix-filologiya fakültəsində noyabrın 15-də Nikolay Dubrovskinin ümumi tarixə dair mühazirəsi ilə başladı. Vasili Razumovski xatırlayırdı ki, böyük auditoriya tamamilə adamla dolu idi, burada tələbələrdən əlavə, çoxlu ziyalı, parlament üzvü, hökümət nümayəndələri və başqaları var idi. Bunun ardınca professor Lev Ziminin oxuduğu giriş mühazirəsi hamının böyük marağına səbəb oldu və ictimaiyyətə Universitetin açılması ilə necə böyük bir sərvətə sahib olduğunu nümayiş etdirdi.

 

 

Tarix-filologiya fakültəsi üzrə verilmiş ilk diplom (1922)

 

Tibb fakültəsində isə dərslər 1919-cu il noyabrın 20-də başlamış, ilk mühazirə Arkadi Oşman tərəfindən oxunmuşdu.

Bakı Dövlət Universiteti ştatda nəzərdə tutulduğundan iki dəfədən az - cəmi 44 nəfər akademik tərkiblə, o cümlədən 12 professor, 3 dosent və 1 privat-dosentlə fəaliyyətə baslamışdı. Universitetin akademik tərkibində azərbaycanlı müəllimlərin sayı 9 nəfər idi. Bunların sırasında sonralar dünya şöhrətli cərrah olmuş akademik Mustafa Topçubaşov və dosent, məşhur publisist və 1903-1905-ci illərdə Tiflisdə Azərbaycan dilində “Şərqi-Rus” qəzetini nəşr etdirən Məhəmməd aga Şahtaxtinski də var idi. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və dövlət xadimlərindən Məhəmməd Əmin Rəsulzadə və Rəşid bəy Kaplanov “Osmanlı ədəbiyyatı tarixi”ndən, nazir müavini Həmid bəy Şahtaxtinski isə rus dili və ədəbiyyatından mühazirələr oxumuşdular.

Bakı Dövlət Universitetinin açılması cəmiyyətin bəzi təbəqələrindəki fanatizm, cəhalət və nadanlığa qarşı mübarizə aparmış Azərbaycan demokratik mədəniyyətinin və onun xadimlərinin misilsiz qələbəsi idi. Universitetinin fəaliyyətə başlaması münasibətilə V.Razumovski yazırdı: "Azərbaycan öz maarif ocağını yaratdı, türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni məşəl yandı". “Azərbaycan” qəzetində çap edilmiş (17 noyabr 1919-cu il) “Darülfünunun açılması” başlıqlı yazıda isə deyilirdi: “...Yeni millət, yeni elm, yeni fəlsəfə demək isə, hər bir darülfünun da yeni bir məbəd olması icab edər... Azərbaycan darülfünunu, əlbəttə, bir türk Darülfünunudur, çünki türk milləti, türk Parlamanı, türk Hökuməti tərəfindən türk gəncliyi üçün açılmışdır. Darülfünunun həyat və məşğuliyyətə başlaması tarixi olan 15 noyabr yeni bir tərəqqi dövrünün açılmasının ibtidası olacaqdır...”

Dünya şöhrətli görkəmli dövlət və siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Cümhuriyyət xadimləri gərgin mübahisə və müzakirələrdən sonra həyatlarının bəlkə də ən böyük arzusuna çatdılar – müstəqil dövlətin müstəqil ali təhsil ocağını – Bakı Dövlət Universitetini yaratmağa nail oldular.

Özünün atdığı ilk addımlarla bəşəri dəyərlərə söykəndiyini sübut edən və Azərbaycanın təhsil sistemində demokratizm və humanizm ideyalarını təsbit edən Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində sovet işğalının və ideologiyasının qurbanı oldu. Bu tarixdən başlayaraq Cümhuriyyətin yadigarı olan Bakı Dövlət Universiteti öz varlığını qoruyub saxlasa da, uzun müddət keşməkeşli və məşəqqətli illərdən keçməli oldu.

“Bakı Dövlət Universiteti. 100 ilin elm və təhsil məbədi” (Bakı, 2019)

kitabının materiallarından istifadə edilmişdir.