Bakı Dövlət Universiteti müstəqillik dövründə

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul etdi. Müstəqilliyin ilk illərində cərəyan edən siyasi proseslər bütövlükdə respublikanın, o cümlədən Universitetin həyatına mənfi təsir göstərdi. Universitetdə tədris prosesinin ahəngi pozulmuş, təhsilin keyfiyyətində, elmi araşdırmaların aparılmasında geriləmə müşahidə edilməyə başlamışdı. Tələbələr arasında dərsdən yayınma halları artmışdı. Tələbə və müəllimlərin kütləvi şəkildə Qarabağ uğrunda gedən döyüşlərə qatılması, cəbhədəki ağır vəziyyət, şəhidlərin sayının artması, ümumən, ölkədəki gərgin siyasi proseslər Universitetə də təsir etmişdi. Professor-müəllim və tələbə heyəti cəbhə xətti ilə yanaşı, yaralılara, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə də hər cür yardım göstərirdilər. Digər tərəfdən, təhsil sahəsində neqativ hallar, maddi-texniki bazası olmayan çoxlu özəl universitetlərin yaradılması, ölkədə hökm sürən özbaşınalıq və xaos tədris prosesini dayanmaq həddinə çatdırmışdı.

Müstəqil Azərbaycan Respublikasının 1992-ci ildə qəbul olunmuş “Təhsil qanunu”nda ali təhsilin çoxpilləli (bakalavriat, magistratura) sistemə keçirilməsi ilə BDU-da 1993/1994-cü tədris ilindən etibarən ikipilləli təhsil sisteminə keçildi. Həmin il Bakı Dövlət Universitetinin (BDU) bakalavriat, 1997-ci ildə isə magistratura səviyyəsində ilk dərslər başladı. Dövrün tələblərinə uyğun olaraq 1992-ci ildən başlayaraq tədris ediləcək sosial-siyasi və iqtisadi elmlər sırasına fəlsəfə, fəlsəfə tarixi, dinşünaslıq, islamşünaslıq, etika, estetika, siyasi tarix, sosiologiya, politologiya, siyasi iqtisad və iqtisadi təlimlər daxil edildi. Çoxpilləli təhsil sistemi ilə əlaqədar universitetin strukturunda, fakültələrin təşkilində ciddi dəyişiklər edildi, yeni fakültələr, kabinet, kafedra və elmi tədqiqat laboratoriyaları fəaliyyətə başladı. 1992-ci ildən BDU-da ingilis bölməsi yaradıldı.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra təhsil sahəsində həyata keçirilən strateji xətt, digər təhsil ocaqları kimi, BDU-nun da gələcək inkişafını təmin etdi. Hər il Universitetə ayrılan vəsait və tələbə qəbulunun artırılması Universitetdə mühüm təhsil islahatlarının aparılmasına, kadr potensialının genişləndirilməsinə, maddi-texniki bazanın möhkəmləndirilməsinə, yeni strukturun formalaşdırılmasına imkan yaratdı. İntibah dövrünə başlayan BDU müstəqil dövlətin aparıcı ali məktəbi kimi mühüm elm və tədris mərkəzi funksiyasını bərpa etdi. Bu vəziyyət onun dünyanın qabaqcıl ali məktəbləri və elm mərkəzləri ilə əlaqələr qurmasına imkan yaratdı. Universitetdə təhsilin beynəlxalq standartlara uyğun təşkili müstəqillik dövründə də xarici ölkələr üçün kadr hazırlığı prosesinin davam etdirilməsinə səbəb oldu.

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanına uyğun olaraq, BDU-ya özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən ali təhsil müəssisəsi statusu verilmişdi.

Universitetin fəaliyyəti bağlı ən mühüm qiymətləndirilmələr onun yubileyləri zamanı aparılmışdır. Universitetin 75 (1994) və 80 illik (1999) yubileyləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı və şəxsən iştirakı ilə təntənəli şəkildə qeyd olunmuşdur. Hər yubiley tədbirindən sonra Universitetdə yeni islahatlar vüsət almışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Universitetin 75 illiyi münasibətilə Respublika sarayında keçirilən yubiley tədbirində çıxış edərkən (1994)

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın gələcək inkişafı ilə bağlı strategiyasını, habelə mədəniyyət, elm və təhsilin inkişafı siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Universitetə, onun müasir təhsil kompleksinə çevrilməsinə xüsusi diqqət və qayğı göstərir. Onun qayğısı ilə fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurmağa başlayan BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır.

Hazırda universitetdə təhsil dövlət strategiyası əsasında aparılan islahatlara uyğun həyata keçirilir. Dövlət proqramlarında təhsilin üzərinə düşən vəzifələr əsas xətt olaraq müəyyən edilir, təhsilin və elmin keyfiyyətinin artırılması üçün bütün sahələrdə inkişafın təmin olunması siyasəti yeridilir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Bakı Dövlət Universitetinin Fəxri doktoru diplomu təqdim olunarkən (2000)

2003/2004-cü tədris ilindən etibarən BDU-da tələbələrin biliklərinin qiymətləndirilməsinin çoxballı sisteminin tətbiqinə başlanıldı. BDU-da təhsil sisteminin təkmilləşdirilməsi, ali təhsilin keyfiyyətinin, tələbələr və müəllimlərin mobilliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də əsaslı işlər görüldü. 2005-ci il mayın 19-da Azərbaycan Bolonya prosesinə qoşulmuş və bu prosesin həqiqi üzvü olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2006-cı il 20 aprel tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə”yə uyğun olaraq, Universitetin bütün fakültələrində, tədricən, kredit sisteminin tətbiqinə başlanılmış və 2009-cu ildə tamamilə yekunlaşmışdır. 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Universitetin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı (2009)

Avropa Kredit Transfer Sistemi və Bolonya Bəyannaməsinin müddəalarına uyğun olaraq, BDU-da təhsil alan tələbə və magistrantların akademik mobilliyinin, ölkədaxili və xarici ölkələrin ali təhsil müəssisələrində sərbəst təhsil almaq hüququnun təmin olunması, təhsil aldıqları ali təhsil müəssisələrində fənlər üzrə qazandıqları kreditlərin ekvivalentliyinin müəyyən edilməsi və tanınması prosedurlarının rəsmiləşdirilməsi üçün fakültələrdə ixtisaslar üzrə proseslər xüsusi komissiyaların rəyi əsasında həyata keçirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev Universitetin 80 illik yubiley mərasimində (1999)

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Universitetin yeni tədris korpusunun açılış mərasimində  (2008)

 

Universitetin strukturunda ən mühüm hadisələrdən biri tədqiqat universitetinə çevrilməsi üçün atılan addımlardır. Bu baxımdan, ilk institutun açılmasından keçən uzun zamandan sonra (Tətbiqi-Riyaziyyat İnstitutu, 1991) Fizika fakültəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarının bazasında BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu yaradılması mühüm mərhələ oldu (2005).

Elmi tədqiqatların keyfiyyətinin artırılması və tədrisin yenidən qurulması məqsədilə idarəçilik strukturunda bir sıra dəyişikliklər və islahatlar aparılmışdır. “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” əsasında, BDU nəzdində “Gənc istedadlar” liseyi, Ekologiya və Torpaqşünaslıq fakültəsi, “Rus Mərkəzi”, Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyası, Nanoaraşdırmalar laboratoriyası, Barama Media Mərkəzi, Quba Tədris-Təcrübə və İstirahət mərkəzi, BDU-nun Qazax filialı, Jurnalistika fakültəsinin nəzdində müasir Tədris teleradio studiyası və onlarla digər qurumlar fəaliyyətə başladı. Struktur dəyişikliklərin davamı kimi, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Ekologiya və torpaqşünaslıq fakültəsinin Elm və Tədris Mərkəzi (2015), BDU-nun İctimai Nəzarət Şurası (2016) yaradıldı; Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı BDU-nun tabeliyinə verildi (2016).

Bu dəyişikliklərlə bərabər, elm və təhsilin dünya standartları səviyyəsinə yüksəldilməsi və inteqrasiyası məqsədilə də əhəmiyyətli işlər görülmüşdür. Müstəqillik illərində Azərbaycan təhsili və elminin inkşafına önəmli töhfələr vermiş BDU elmi-tədqiqat işlərinin səmərəliliyi baxımından beynəlxalq aləmdə də nüfuz qazanmışdır. Universitetin fakültə, kafedra və elmi strukturlarında (institut, mərkəz və laboratoriyalar) təbiət və humanitar elmlərin aktual problemlərinə dair mühüm nəzəri və təcrübi əhəmiyyət kəsb edən elmi-tədqiqat işləri aparılmışdır. Bu elmi-tədqiqat işləri aktuallığı ilə yanaşı, geniş istiqamətləri və prioritetləri ilə də fərqlənir. Bakı Dövlət Universiteti müxtəlif beynəlxalq layihələrdə və mübadilə proqramlarında (Avropa İttifaqının TEMPUS-TASİS, ERASMUS MUNDUS layihələri, türk dövlətlərini əhatə edən Mövlana və Orhun mübadilə proqramları və s.) aktiv iştirak edir. Elm və təhsilə artırılan diqqət nəticəsində Universitet alimlərinin beynəlxalq agentliklər tərəfindən indeksləşən nüfuzlu jurnallarda dərc etdirdikləri elmi məqalələrinin sayında ciddi artım yaranmışdır. Eyni zamanda, nüfuzlu beynəlxalq konfranslarda Azərbaycan elminin və Universitetdə yerinə yetirilən tədqiqatların dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görülür. Universitetin beynəlxalq agentliklər və nəşriyyatlarla (“Clarivate Analytics” agentliyi, “Elsevier” akademik nəşriyyatı və digər) əlaqələri əməkdaşlar üçün geniş imkanlar yaratmışdır.

2016-cı ildə BDU “Clarivate Analytics” agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elmin inkişafına görə" ən yüksək mükafatına, dünyanın tanınmış “Elsevier” akademik nəşriyyatı və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən Azərbaycanda ilk dəfə olaraq təsis edilən “SCOPUS Mükafatı”na layiq görülmüşdür. Bununla yanaşı, respublikada yeganə impakt faktorlu jurnal kimi BDU-da nəşr olunan “Tətbiqi və hesablama riyaziyyatı” jurnalı da “SCOPUS Mükafatı”na layiq görülmüşdür. Bunun davamı kimi 2018-ci ildə də BDU-ya və onun bir sıra əməkdaşlarına “Clarivate Analytics” agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatları təqdim edilmiş və universitetlər arasında “Web of Science”də əsas nəşr lideri - “Supermükafat” da Bakı Dövlət Universitetinə verilmişdi. Son illər Universitet alimləri tərəfindən beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən dərgilərdə çap etdirilən elmi əsərlərin və onlara edilən istinadların sayı ildən-ilə sürətlə artır ki, bu da kəmiyyət artımı ilə yanaşı aparılan tədqiqatların və əldə edilən nəticələrin aktuallığının və keyfiyyət göstəricisinin bariz sübutudur.

Beynəlxalq ali təhsil sistemində layiqli yer tutmağı qarşısına məqsəd qoymuş BDU son illərdə tədris prosesinə distant kommunikasiya texnologiyalarının daxil edilməsi, distant təhsil üzrə tədris-metodik materialların hazırlanması, müasir informasiya texnologiyaları əsasında avtomatik idarəetmə sisteminin («Elektron universitet») yaradılması, dünyanın qabaqcıl universitetlərilə təcrübə mübadiləsinin genişləndirilməsi, tanınmış əcnəbi alimlər, elm və təhsil xadimlərinin dəvət edilməsi, xarici tələbə və doktorant kontingentinin genişləndirilməsi üçün şərait yaradılması və digər müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində sistemli iş aparır.

Azərbaycanın təhsil sistemində həyata keçirilən islahatlardan biri də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə SABAH qruplarının yaradılması olmuşdur. Bunda başlıca məqsəd Azərbaycanın inkişafına töhfə verəcək savadlı, bacarıqlı, hazırlıqlı gənc mütəxəssislər yetişdirmək, yerli və beynəlxalq əmək bazarında rəqabətədavamlı səriştəli kadr hazırlığını həyata keçirməkdir. BDU-da SABAH qrupları 2014/2015-ci tədris ilindən fəaliyyət göstərir.

Universitetdə gedən bütün quruculuq prosesi və islahatların gedişində yeni strukturlar yaradılması ilə yanaşı, 2008-ci ildə yeni korpusun istifadəyə verilməsi mühüm hadisə oldu. Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş çıxış etməsi onun universitetin ölkənin elm və təhsilində oynadığı rolu yüksək dəyərləndirdiyinin təzahürüdür.

2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bakı Dövlət Universitetinə Publik Hüquqi Şəxs statusu verilib.

Universitetin 90 və 100 illik yubileyləri də təntənələ ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki tədbirdə iştirak etmiş, univetsitet kollektivi ilə görüşündə Universitetin xalqımız qarşısında tarixi missiyasını yüksək qiymətləndirmişdir.

Universitetin 100 illik yubilleyinə həsr olunmuş Məzun Forumu (2019)

Parisdə UNESCO-nun baş qərargahında Universitetin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim (2019)

 

BDU-nun 100 illik yubileyi münasibətilə respublikamızda və xarici ölkələrdə silsilə tədbirlər keçirilimişdir. Bu əlamətdar hadisə münasibətilə BDU-nun Qazax filialı, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Lənkəran Dövlət Universitetində və bir sıra digər elm və təhsil müəssisələrində elmi konfranslar və dəyirmi masalar təşkil edilmişdir. UNESCO (12.06.2019, Paris), ISESCO, universitetlərin beynəlxalq assosiasiyaları (28-29.05.2019, Buxarest. “İnter University Cooperation for Open Science” beynəlxalq konfransı), digər beynəlxalq təşkilatlar və qurumlar (10.09.2019, Vyana, Azərbaycan Mədəniyyət Mərkəzi) səviyyəsində qeyd olunmuşdur. Yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılmış, BDU-nun Yubiley markası istehsal edilmiş, BDU-nun 100 illiyi münasibətilə kitablar nəşr olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmiş, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə BDU-nun bir qrup əməkdaşına fəxri adlar verilmiş, orden və medallarla təltif olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Universitetin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı (2019)

BDU-ya dövlət qayğısı artdıqca, müasir təhsil islahatları aparıldıqca, yeni elmi uğurlar əldə edildikcə onun beynəlxalq nüfuzu da yüksəlmiş, dünya şöhrətli bir çox tanınmış şəxslər BDU-nun Fəxri doktoru adına layiq görülmüşdür. Universitet elminin və təhsilinin inkişafına göstərdiyi qayğıya, onun adını və şöhrətini yüksəklərə ucaltdığına, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinə görə BDU Elmi Şurasının 28 oktyabr 1994-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakı Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür.

Universitetin 90 illik yubileyi tədbirində isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunmuşdur. Türkiyə Cümhuriyyətinin prezidentləri Türqut ÖzalSüleyman DəmirəlAbdulla Gül, Türkmənistan Respublikasının prezidentləri Saparmurad Niyazov və Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov, Türkiyə Cümhuriyyətinin Baş naziri Məsul Yılmaz, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli politoloq Zbiqnev Bjezinski, Ukrayna Ali Radasının sədri Vladimir Litvin, Latviyanın Prezidenti Vayra Vike-Freyberq, dünya şöhrətli qazax yazıçısı Oljas Suleymenov, Rumıniya Prezidenti Trayan Basesku, M.V.Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçi, Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif və digər görkəmli dövlət və elm xadimləri BDU-nun Fəxri doktoru adına layiq görülmüşlər.

Azərbaycan tarixinə Vətən müharibəsi adı ilə daxil olan və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük  Zəfər yürüşü - Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti də Prezidentin yürütdüyü müdrik siyasət ətrafında bir yumruq kimi birləşmiş, Şanlı Qələbəyə öz layiqli töhfəsini vermişdir. Universitetin döyüşlərdə iştirak edən tələbə və məzunlardan 20 nəfəri şəhid olmuşdur.

 

“Bakı Dövlət Universiteti. 100 ilin elm və təhsil məbədi” (Bakı, 2019)

kitabının materiallarından istifadə edilmişdir.