Bakı Dövlət Universiteti bu gün

Bakı Dövlət Universiteti (BDU) yüksəkixtisaslı mütəxəssislər hazırlamaq, vətənimizin dünya elm və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ən əsas missiyasını bu gün də layiqincə yerinə yetirməkdə davam edir. Hazırda Universitetdə beş istiqamətdə – təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial fəaliyyətinin və beynəlxalq əlaqələrin daha da genişləndirilməsi istiqamətlərində əsaslı addımlar atır. Universitet Azərbaycan Respublikasının inkişafında iştirak edəcək, təlabat duyulan ixtisaslarda insan potensialı formalaşdırmaq, habelə texnoloji inkişafa xidmət etmək istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Müasir dövrün çağırışlarına uyğun modernləşən Universitet beynəlxalq standartlar səviyyəsində kadr hazırlığını həyata keçirir. Bu prosesin davam etdirilməsi nəticəsində Universitetin vahid Avropa elm və təhsil məkanına inteqrasiyası sürətlənir, beynəlxalq reytinqi və nüfuzunun yüksəlməsi, rəqabətə davamlılığ və inkişafı təmin edilir.
Təhsilin bütün səviyyələri (bakalavriat, magistratura, doktorantura) üzrə təhsil proqramları sənaye və biznes müəssisələrinin mütəxəssisləri ilə birgə hazırlanır və yenilənir. İstehsalat müəssisələrindən olan mütəxəssislər tədrisə və elmi fəaliyyətə cəlb olunur, ustad dərsləri və elmi seminarlar təşkil olunur. Bu cür əməkdaşlıq çərçivəsində əmək bazarının ehtiyac və tələbləri öyrənilir. Yeni ixtisaslar (ixtisaslaşmalar) müəyyən edilir, elmi-pedaqoji potensial nəzərə alınmaqla həmin ixtisaslar üzrə kadrlar hazırlanır.  “Code for Future” layihəsi üzrə “Code Academy” və “DevEducation” ilə tərəfdaşlıq çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə BDU tələbələrinə müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə biliklərinin artırılması üçün şərait yaradılmışdır.
Bu gün BDU məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında ən yüksək nəticələr göstərir, eyni za¬manda tələbələrimiz və lisey şagirdlərimiz beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerləri tuturlar. 
Universitetdə tətbiq edilən “Blackboard” – tədrisin idarə edilməsi elektron sistemi qısa zaman ərzində özünü doğrultmuşdur. Hazırda sistem üzərindən tələbələrin biliyinin qiymətləndirilməsi, dərslərin video-yazılışının aparılması, eyni zamanda, mobil tətbiq vasitəsilə məlumatların daha rahat əldə edilməsi, davamlı olaraq tələbələrin və müəllimlərin fəallığının təhlil olun¬ması prosesi uğurla həyata keçirilir.  
Universitetdə elmi fəaliyyətin səmərəli təşkili məqsədilə müəyyənləşdirilən strateji xətt sayəsində son dövrlər aparılan elmi-tədqiqat işlərinin məzmunu yenilənmiş, səviyyəsi artmış, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi istiqamətində əvvəlki illərlə müqayisədə daha müsbət nəticələr əldə edilmiş¬dir. BDU alimlərinin elmi-tədqiqat institutlarında, laboratoriyalarda və kafedralarda aldığı nəticələr mühüm hesabatlara daxil edilmiş, praktik əhəmiyyət kəsb edən işlər kimi yüksək dəyərləndirilmişdir. Ölkəmizdə konvergens-inno¬vativ biliklərə və praktiki vərdişlərə malik ali təhsilli mütəxəssislərə artan tələbatı nəzərə alaraq BDU istehsalat müəssisələri ilə olan mövcud əlaqələrini genişləndirmiş, fakültə, elmi-tədqiqat institut, mərkəz və laborato¬riyalarının elmi-tədiqat istiqamətləri BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planına uyğunlaşdırılmış, fundamental və tətbiqi istiqamətlərə üstünlük verilmişdir. 
2021-ci ildə ilk dəfə olaraq yaradılmış Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Center of Excellence) təhsil-elm-istehsalat əlaqəsinin tətbiqi və elmi nəticələrin kommer¬siyalaşdırılması prinsiplərini əsas götürərək sənaye və istehsalat ilə əlaqələri genişləndirmişdir. Mükəmməllik Mərkəzinin nəzdində Sənaye kimyası, Biomühəndislik, Mikrobiologiya və virusologiya, Astrokosmik və atmosfer tədqiqatları və Rəqəmsal araşdırmalar kimi yeni sənayeyönüm¬lü elmi-tədqiqat laboratoriyalarının yaradılması qurumun fəaliyyətini daha da gücləndirmişdir. Neft və qaz sənayesi üzrə bir sıra kommersiya əsaslı layihə müqavilələri imzalanmışdır. 
Tələbələrin elmi-tədqiqatlara daha geniş şəkildə cəlb edilməsi, onların elmi fəaliyyətinin təşviqi, ictimai fəallıqlarının artırılması və sosial layihələrinin dəstəklənməsi məqsədilə tələbə elmi cəmiyyətlərinin, tələbə təşkilatlarının, tələbə klublarının fəaliyyəti genişləndirilir. 2021-ci ildə yaradılan Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində elmi təşəbbüslərin, elmi araşdırmaların əsası qoyulur. Bunun nəticəsidir ki, Mərkəzdə çalışan tələbə, magistrant və gənc tədqiqatçıların İstanbulda keçirilən “TEXNOFEST-2023” Aviasiya, Kosmos və Texnologiya Festivalında təmsil olunan komandaları yüksək uğur qazanıblar – “BSU Creativity Workz” komandası “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəsi ilə festivalda I yerə, “Humantek” komandası isə “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə III yerə layiq görülüb.
Tələbələrdə yaradıcılığın formalaşması (kreativ¬lik) üçün qeyri-standart tapşırıqların birgə əməkdaşlıq və komanda şəklində həll olunması və öz fərdi biliklərini paylaşmaq bacarıqları¬nın aşılanması istiqamətində işlər aparılır, onlara elmi ideyaların reallaşdırılması, patentləşdirilməsi, tanıdılması və tətbiqi, sosial təşəbbüslərinin genişləndirilməsi istiqamətlərində təlimlər keçirilir, tədbirlər təşkil olunur. Sənayedə çalışan mütəxəssislərin tədrisə cəlb olunması, dünyanın müxtəlif ölkələrinin (Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, Qazaxıstan, Ukrayna, Yaponiya, Rumıniya, Almaniya, Macarıstan, Çex Respub¬likası və s.) elmi-tədqiqat institutla¬rında və universitetlərində çalışan mütəxəssislərin ustad dərsləri, mühazirələri təşkil olunur. 
Universitetin beynəlxalq əlaqələri ən müxtəlif platforma¬larda genişlənməkdə və inkişaf etməkdədir. Son dövrlər BDU ilə Türkiyənin Bilkənt, Ankara, İstanbul, Kafkas və digər universitetləri, İzmir Yüksək Texnologiya İnstitutu, Fransanın Lion-2 Universiteti, Alma¬niyanın Martin Lüter adına Halle-Vit¬tenberq Universiteti, Berlin Texniki Universiteti, Çinin Anhui Universi¬teti, Çex Respublikasının Cənubi Bohemia Universiteti, Özbəkistanın Daşkənd Dövlət Hüquq Universi¬teti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, Cənubi Koreyanın Kyunqvoon Universite¬ti, Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti, Atırau Dövlət Universiteti, Pakistanın Lahor Universiteti, İsrailin Holon Texnologiya İnstitutu, ABŞ-ın Linkoln Universiteti, Portuqaliya¬nın Tomar Politexnik Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti və digər universitetlər ara¬sında əməkdaşlıq sazişləri, baka¬lavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqra¬mına dair müqavilələr imzalanmış¬dır. 
BDU ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, Fransa, İsrail, İsveç, Qazaxıstan və s. kimi ölkələrin qabaqcıl universitet və institutları ilə bakalavriat, magistratura, doktorantura pilləsi üzrə 11 beynəlxalq ikili diplom proqramlarını tətbiq edir. BDU beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirir. BDU Azərbaycandan yeganə universitet olaraq Times Higher Education beynəlxalq reytinqinə təmsil olunur.
BDU-da beynəlxalq əlaqələrlə yana¬şı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Bu əlaqələr dövlət qurumları və özəl şirkətlərlə yaradılır, bilavasitə tədris prosesinin, elmi tədiqat fəaliyyətinin səmərəli təşkilinə, eləcə də məzunların işlə təmin olunmasına yönəldilir. Qa¬rabağ Dirçəliş Fondu, Baş Prokurorluq, Əqli Mülkiyyət Agentliyi, Vəkillər Kollegiyası, Əmlak Məsələləri Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), DOST Agentliyi, AzerGold, PAŞA Bank, “PAŞA sığorta”, “PAŞA Həyat Sığorta”, Mediasiya Şurası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, “Xəzər TV” MMC, “ARB 24” telekanalı və digər qurumlarla müvafiq memorandumlar, müqavilələr imzalanmışdır. Təsadüfi deyil ki, BDU-nun əlaqələrinin inkişafı nəticəsində son 2 ildə 30-a yaxın milli və beynəlxalq qrant və müqavilə əsasında layihə həyata keçirilib, 80-dən çox tələbə, doktorant, gənc tədqiqatçı layihələrdə təmsil olunur.
BDU ölkənin dövlət və qeyri-hökumət təşkilatları, ictimai birlikləri ilə birlikdə genişmiqyaslı sosial layihələr həyata keçirir. Sosial layihələrin əsas tərəfdaşlarından biri kimi, dövlət müəssisələrinin, elmi, mədəni, iqtisadi və digər institutlarının, yaradıcılıq birliklərinin ideya və təşəbbüslərinin təqdim və müzakirə etdiyi platformaya çevrilərək ictimaiyyətə humanitar-sosial proqramların, sosial təşəbbüslərinin təqdim olunması imkanları yaradır. BDU alimləri ölkənin ictimai həyatında fəal iştirak edir, professor-müəllim heyəti, nüfuzlu alimlər sosial tədqiqatlar aparırlar. ölkəmiqyaslı sosial layihələr həyata keçirir. 
Vətən müharibəsində müzəffər sərkərdəmiz, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun parlaq Qələbəsindən sonra BDU-da həyata keçirilən akademik layihəyələr uğurla həyata keçirilmişdir. “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” Azərbaycan və ingilis dillərində nəşr olunmuş və ictimaiyyətə təqdim edilmişdir. “Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyətinin təhlili” layihəsi çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Vətən müharibəsi yerli və xarici mediada”, “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları”, 2 cildlik "Azərbaycan Respublikasının tarixi (1991-2021)" kitabları nəşr olunmuşdur. 
Aparılan islahatlar, son dövrlərdə istifadəyə verilən müasir tipli yataqxana – 5 mərtəbəli, 220 yerlik “Tələbə evi”, “Kitab evi” və  Xarici Dil Mərkəzi, müasir dərslik və dərs vəsaitləri ilə təminat, əmək ba¬zarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmaların açılması, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramlarının həyata keçirilməsi və s. tədrisin, elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsinə, tələbələrin ictimai fəallığının artırılmasına, onların Azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə bağlı, əsl vətəndaş kimi formalaşmasına xidmət edir.