Bakı Dövlət Universiteti sovet hakimiyyətinin ilk onilliyində

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı təsisatları, dövlət rəmzləri və digər atributlarını ləğv edən bolşeviklər ilk addımlarını atan Universitetdə təhsilin məzmununu da dəyişməyə başladılar. Sovet hakimiyyətinin ilk illərində bolşeviklərin sosializm quruculuğu planına uyğun olaraq, ölkədə “mədəni inqilab”ın həyata keçirilməsi nəzərdə tutulurdu. “Mədəni inqilab”ın ən başlıca vəzifəsi isə cəmiyyətdə yeni marksist-leninçi ideologiya formalaşdırmaq idi. Bu vəzifəni həyata keçirməkdə təhsil və elm ocaqlarına müstəsna önəm verilirdi.

Azərbaycanın mütərəqqi ziyalılarının milli mənəvi ruha söykənərək yaratdıqları Bakı Dövlət Universiteti ilə bağlı arzu və ümidləri sovet rejimi tərəfindən məhv edildi və Universitet tamamilə başqa bir siyasi quruluşun girdabına düşərək, təməli qoyulan gündən rəhbər tutduğu milli dəyərlərdən, qədəm qoyduğu demokratik yoldan uzaqlaşmaq məcburiyyətində qaldı. Bunlarla yanaşı, 1922-ci il dekabrın 6-da Universitetin adı dəyişdirildi və Azərbaycan Dövlət Universiteti adlandırıldı. 1924-cü il yanvarın 23-də isə ona bolşeviklərin rəhbəri Leninin adı verildi. Lakin bütün çətinliklərə baxmayaraq, Universitet ilk gündən üzərinə götürdüyü missiyanı sovet hakimiyyəti illərində də ləyaqətlə yerinə yetirdi. Tarixi proseslər təsdiq etdi ki, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti və dövrün mütərəqqi ziyalıları tərəfindən yaradılan Bakı Dövlət Universiteti bolşevik ideologiyasının təsiri altında da milli və ictimai tərəqqiyə dəstək olmuş, xalqımızın mənəvi-mədəni dəyərlərinin qaynaqlarından birinə çevrilmişdi. Sovet hakimiyyətinin hökm sürdüyü 71 il ərzində Azərbaycan xalqının təhsil üçün müraciət etdiyi ən nüfuzlu ali təhsil ocağı oldu.

İşğaldan qısa müddət sonra - 1920-ci il mayın 11-də ilk sovet xalq maarifi komissarı Dadaş Bünyadzadənin imzaladığı sərəncamda cəmiyyətin əsas mənəvi-ideoloji mərkəzlərindən birinə çevrilməkdə olan Universitetdə təlim-tərbiyə işinin yenidən təşkil ediləcəyi, sovet Rusiyası ilə əlaqə yaradılacağı, oradan müəllimlərin dəvət olunacağı bildirilirdi. 1920-30-cu illərdə Universitetə Rusiyadan, əsasən, Moskva, Peterburq, Kiyev, Kazan və Odessa ali məktəblərinin akademik heyəti və məzunları, elmi və pedaqoji sahədə yüksək nailiyyətləri olan alimlər dəvət edildilər. Sovet dövründə Universitetə gələn ilk alimlər Kazan Universitetindən idi. Tədricən, burada müxtəlif elm sahələrində güclü potensial formalaşdı.

1921-ci ildən başlayaraq Universitetdə akademik kadrların hazırlanması işinə diqqət artırılmış, bugünə qədər fəaliyyət göstərən müdafiə şuraları yaradılmışdı.

Universitetin ideya-siyasi istiqaməti, elmi fəaliyyəti və təlim-tərbiyə işi Azərbaycan xalqının deyil, bolşeviklər tərəfindən yaradılan “fəhlə-kəndli hakimiyyətinin” marağına uyğun, sinfilik və partiyalılıq prinsipləri əsasında qurulmağa başladı. Bu proseslərdə, bir tərəfdən, sovet ideologiyasına etiraz edən Universitet ziyalılarının bir hissəsi mühacirət etməyə məcbur olur, bir hissəsi isə ilk dövrdə bolşeviklərin yerli savadlı kadrlara kəskin ehtiyacı ilə əlaqədar çalışmağa davam edirdi. Digər tərəfdən Universitetə təzyiqlər güclənir, ideoloji “təmizləmə” işləri aparılırdı. Ziyalıların əsas hissəsi XX əsrin 30-cu illərindəki kütləvi repressiyaların qurbanı oldu. Bütün bu tədbirlərin əsas məqsədi yeni yetişən nəsli, respublikanın ixtisaslı kadrlarını sovet ideologiyası ruhunda formalaşdırmaq idi.

İlk on illikdə əsas xətt Universitetin akademik azadlığının məhdudlaşdırılması idi. Bu illərdə Universitetin Nizamnaməsi dörd dəfə (1920, 1922, 1923, 1926) dəyişdirildi. V.Razumovski işğaldan sonra Universitetə olan təzyiqlərə və Nizamnamənin dəyişdirilməsinə etiraz edərək, 1920-ci il mayın 26-da rektor vəzifəsindən istefa verdi. Həmin ilin noyabrında Moskva Universitetinin məzunu professor Sergey Davidenkov rektor seçildi. Lakin təzyiqlərə görə o da seçki müddəti sona çatan kimi 1923-cü ilin sentyabrında rektor işləməkdən imtina etdi. Həmin ildə Kazan Universitetinin Tarix-filologiya fakültəsinin məzunu və həmin vaxt Tarix-filologiya fakültəsinin professoru Aleksandr Qulyayev Universitetə rektor seçildi.

1923-cü ildə Azərbaycan Dövlət Universitetinin və Azərbaycan Texniki İnstitutunun bəzi fakültələrinin tələblərə uyğun fəaliyyət göstərmədiyi, təhsil planlarının islahatlara uyğun olmadığı, bir sıra fənlərin zamanın tələbləri ilə səsləşmədiyi əsas götürülərək, yenidənqurma prosesinin zəruriliyi gündəmə gəldi. Universitetin yeni rektoru Aleksandr Qulyayev məsələyə fərqli yanaşaraq, yüksək ixtisaslı mütəxəssislərin və elmi işçilərin hazırlanmasını əsas istiqamət olaraq irəli sürürdü. Başlayan islahatlar 1924-cü ildə İctimai elmlər fakültəsi ilə Təbiət-riyaziyyat fakültəsinin bazasında Pedaqoji fakültənin yaradılması və buna uyğun digər proseslərlə davam etdi. Bundan başqa, Universitet rəhbərliyindən Nizamnamənin yenilənməsi və təsdiq üçün Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə təqdim olunması tələb edilir. RSFSR universitetlərinin nizamnaməsi əsas götürülməklə, bütün ali məktəblər üçün vahid əsasnamə hazırlandı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə təsdiq edilmiş “Ali məktəblər haqqında” Əsasnamə Universitet Elmi Şurasının 28 sentyabr 1926-cı il tarixli qərarı ilə Universitetin nizamnaməsi kimi təsdiq olundu. Universitetin muxtariyyət hüququ ləğv edildi. Bu Nizamnaməyə görə, Universitetə rəhbərlik 3-5 nəfərdən ibarət idarə heyətinin əlində cəmləşdi və Azərbaycan üçün yeni olan ali təhsili idarəetmə orqanları – fənn komissiyaları, bölmə büroları və dekanlıqlar yaradıldı. Nizamnamə, həmçinin fakültə və şuraların səlahiyyətlərini məhdudlaşdırdı, rektorun, dekanın səlahiyyətlərini isə genişləndirdi. 1923-cü il nizamnaməsində Universitet yüksək ixtisaslı mütəxəssis və elmi tədqiqatçı hazırlayan elm-tədris mərkəzi kimi nəzərdə tutulmuşdu. 1926-cı il əsasnaməsinin hədəfi isə Universitetin fəaliyyətinin tədrisə yönəlməsi idi. Bu əsasnamə 1930-cu ilə qədər Universitetin fəaliyyətini tənzimləyən 5-ci nizamnamə oldu.

1926-cı ildə Universitetə ilk azərbaycanlı rektor – Tağı Şahbazi təyin olundu. Tağı Şahbazinin gəlişi ilə Universitetdə türk (Azərbaycan) dilində təhsilin genişləndirilməsi, fakültələrdə Azərbaycan bölmələrinin açılması və azərbaycanlı müəllimlərin işə cəlb edilməsi sahəsində xeyli iş görüldü. Tələbə və müəllimlər arasında yerli əhalinin nümayəndələrinin sayının artırılması məqsədilə Azərbaycan K(b)P MK-nın Rəyasət Heyəti xüsusi qərar verir. Eyni zamanda, Pedaqoji və Şərq fakültələrinin azərbaycanlaşdırılması nəzərdə tutulurdu. 1929-cu ilin yanvarında Universitetdə “Tələbə Müəllimlər” İnstitutu təşkil edildi və bununla yuxarı kurs tələbələrinə aşağı kurslarda dərs demək imkanı yaradıldı. Bu tədbirlər ana dilində təhsilin keyfiyyətinin və elmi-pedaqoji kadrların sayının artması ilə nəticələnirdi; məzunlar arasından potensialı olan gənclər Universitetdə saxlanılır, elmi-pedaqoji işə cəlb edilirdilər; ana dilində müxtəlif elm sahələrinə dair tədqiqat əsərləri, dərsliklər hazırlanırdı.

 

Universitetin ilk azərbaycanlı rektoru Tağı Şahbazi (1892-1938)

 

1929-cu ilin aprelinə olan məlumatda Universitetin 232 nəfər professor-müəllim heyətindən 123 nəfərin azərbaycanlı olduğu göstərilirdi. Fakültələr üzrə milli tərkibə nəzər saldıqda, Şərq fakültəsinin əməkdaşlarının 79%, Tibb fakültəsinin əməkdaşlarının 56%, Pedaqoji fakültənin Tarix-ictimaiyyat şöbəsinin əməkdaşlarının 45%, Təbiət-riyaziyyat şöbəsinin əməkdaşlarının 37%, Hüquq fakültəsi əməkdaşlarının 30%-nin azərbaycanlı olduğu məlum olur. Bu məlumat tədris edilən fənlər və elm sahələri üzrə dövrün milli potensialını əks etdirirdi. Həmin heyət növbəti illərdə milli kadrların hazırlanması, türk (Azərbaycan) dilində bir çox elm sahələrinin inkişafı üçün baza yaratdı.

 


Universitetin müəllimlərindən bir qrupu (1927)

 

1919-1929-cu illərdə Universiteti, təqribən, 1500 məzun bitirmişdir. Onların 1200 nəfəri tibb, qalanları digər ixtisaslar üzrə məzun olmuşdur. Cəfər Cabbarlı, Ədhəm Şahmalıyev, Hadı ƏliyevHənəfi ZeynallıƏşrəf HüseynovVəli XulufluMəmmədhəsən DadaşovFeyzulla QasımzadəHadi MirzəzadəSara AşurbəyliƏlisöhbət SumbatzadəMəmməd Arif Dadaşzadəİshaq CəfərzadəCümşüd ZülfüqarlıMirəli AxundovCəfər Xəndan və digər görkəmli elm və mədəniyyət xadimləri həmin dövrün məzunlarıdır. Onlar respublikanın elm və təhsil müəssisələrinin, müxtəlif istehsalat sahələrinin inkişafına mühüm töhfələr vermişdir.

 

Universitetin Filologiya fakültəsinin bir qrup tələbəsi. Ön cərgədə sağdan 2-ci: Cəfər Xəndan Hacıyev (1930)

Universitetin Tibb fakültəsinin 1929/1930-cu il buraxılışı (1930)

Universitetin Təbiət-riyaziyyat fakültəsinin 1930/1931-ci il buraxılışı (1931)

1929-cu ildə Universitetin yaranmasının 10 illiyi ümumrespublika səviyyəsində qeyd edildi. Yubiley komissiyasına Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyov sədrlik edirdi. Tədbirlər Bakıda, respublikanın digər şəhərlərində və qəzalarda keçirilirdi. Təntənəli yubiley tədbiri 1930-cu il yanvarın 12-də indiki Opera və Balet Teatrının binasında partiya, sovet təşkilatları və ictimaiyyətin nümayəndələrinin, rəsmi qonaqların iştirakı ilə qeyd edildi. Universitetin 10 illik yubileyi münasibətilə 6 nəfər müəllimə professor elmi adı, 3 professora Əməkdar elm xadimi fəxri adı verildi.

Yubiley münasibətilə mətbuatda Universitet barədə silsilə məqalələr dərc edilir, buradakı təhsil və elmi mühit, Universitetin vəzifələrinin sovet ideologiyasının tələblərinə uyğun olaraq icrası təhlil edilirdi. Yubiley dövründə Universitetin yenidən qurulması, fakültələrin yenidən təşkili və Universitetin genişlənməsi üçün planlar nəzərdə tutulduğu halda, aprel ayından Universitetin fakültələrinin ayrı-ayrı institutlara çevrilməsi məsələsi müzakirə olunmağa başladı.

Bu islahatlarda və Universitetə aid planlarda daha önəmli sahələr var idi. Bütün təzyiqlərə baxmayaraq, cəmiyyətdə mövqeyi, intellektual səviyyəsi çox yüksək olan milli ziyalıların qısa bir zamanda Universitetə toplaşması, milli şüur və mənliyini qoruyub saxlayan müəllim və tələbə heyətinin potensialı, xalqını – Azərbaycanın gələcəyini düşünən ziyalıların yetişməsi, azərbaycanlı müəllim və tələbələrin bir qisminin milli ideologiyanın əsas daşıyıcısı olması, buranın elm və maarifin əsas mərkəzlərindən birinə çevrilməsi fərqli baxışlı gücdən qorxan bolşevik rəhbərlərini ciddi narahat edirdi. I Türkoloji qurultay (Bakı, 1926) və latın qrafikasına keçid (1929) kimi əlamətdar hadisələrə ziyalıların müsbət reaksiyası da siyasi rejim üçün təhlükəli hesab edilirdi.

SSRİ-də universitetlərin bağlanması həm də siyasi rəhbərliyin həyata keçirdiyi “mədəni inqilab”ın tərkib hissəsi idi. Tədris müddətinin qısaldılması, tələbələrin sırasında fəhlə və kəndlilərin sayının kəskin şəkildə artırılması ilə bağlı görülən tədbirlər, xüsusilə, onlar üçün qəbul imtahanlarının formal mahiyyət kəsb etməsi Universitetdə təhsilin keyfiyyətinə mənfi təsir göstərirdi. Ənənəvi universitet təhsilinə üstünlük verən akademik heyət pedaqoji fakültələrin yaradılmasına açıq narazılıq bildirir, fakültələrin müəyyən elmlərin bazası əsasında ənənəvi təşkilindən uzaqlaşmasını Universitetin akademik səviyyəsinin aşağı düşməsi kimi qiymətləndirirdi.

1930-cu il iyulun 23-də SSRİ MİK və XKS ali təhsil sisteminin yenidən qurulması haqqında qərar qəbul etdi. Qərara əsasən, çoxprofilli ali məktəblərin əsasında ölkəyə qısa müddətdə zəruri sayda mütəxəssis verməyə qabil olan müstəqil sahə tədris müəssislərinin yaradılması planlaşdırılırdı. İlk olaraq, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 9 may tarixli qərarı ilə Tibb fakültəsi Tibb İnstitutuna çevrildi və 1930-cu il 19 noyabr tarixli «Azərbaycan SSR ali məktəb və ali texniki məktəblərini yenidən qurmaq, rayonlaşdırmaq və onları müvafiq təsərrüfat orqanlarına və xalq komissarlıqlarına vermək haqqında» qərarı ilə Universitetin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar (Azərbaycan Tibb İnstitutu, Azərbaycan Pedaqoji İnstitutu, Sovet Quruculuğu və Hüququ İnstitutu, Azərbaycan Ticarət Kooperasiya İnstitutu) yaradıldı. 

“Bakı Dövlət Universiteti. 100 ilin elm və təhsil məbədi” (Bakı, 2019)

kitabının materiallarından istifadə edilmişdir.