Ölkədə dövlətçiliyin daha da möhkəmləndirilməsi, cəmiyyətdə demokratik baxışların bərqərar olması, bütün sahələrdə inkişaf və tərəqqinin etibarlı təminatında savadlı, bilikli, intellektual gəncliyin rolu danılmazdır. Əhalisinin 22,1 %-ni gənclərin (14-29 yaş) təşkil etdiyi (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Azərbaycan gəncləri – 2022: Statistik məcmuə, s. 3) ölkəmizdə dövlətin uğurla həyata keçirdiyi gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına təkan verərək, savadlı gənclərin dövlət quruculuğuna, iqtisadi inkişafa fəal cəlb edilməsi, onların cəmiyyətdə özlərini təsdiq etməsində müstəsna rol oynayır. Gənclər siyasəti milli siyasətin prioritet məsələlərindən birinə çevrilmişdir, gənclərin problemləri ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Azərbaycanda gənclər siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”, – deyən Ulu Öndər sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Bu vəzifənin icrası məqsədi ilə 1994-cü il iyulun 26-da müstəqil Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynayan dövlət qurumu - Gənclər və İdman Nazirliyi yaradılmış, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafının, təhsili və peşə yönümünün, mütəşəkkil formada yetişdirilməsinin, dövlət quruculuğunda fəal iştirakının təmin edilməsi, gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində lazımi tədbirlər görülmüş, müxtəlif dövlət proqramları hazırlanmış və uğurla həyata keçirilmişdir.
1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun keçirilməsi ölkədə müstəsna əhəmiyyətə malik hadisə olmuşdur. Ulu Öndər Heydər Əliyevin iştirak etdiyi Forum ölkəmizin qarşısında duran vəzifələrin reallaşmasında gənclərin fəal iştirak etməyə hazır olduqlarını göstərmiş və gənclərlə işin ciddi şəkildə canlanmasına səbəb olmuşdur. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika Forumunun keçirilməsi, 1997-ci ildə Ulu Öndərin təşəbbüsü ilə 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, müvafiq dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və genişmiqyaslı fəaliyyət proqramının təsdiq edilməsi dahi şəxsiyyət və müdrik siyasi xadim Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi qayğının təzahürü idi.
Ulu Öndərin uzaqgörənliyi və iradəsi sayəsində gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılması təmin olunmuşdur. 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların fərdi qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur. Bu siyasət gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı geniş məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci elm, təhsil, mədəniyyət, incəsənət, idman və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması və gənclərə dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)", 2011-ci il iyulun 7-də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2015-ci ilin 26 yanvarında “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”, 2017-ci ilin 15 sentyabrında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Bu rəsmi dövlət sənədlərinin əsas məqsədi ölkəmizdə gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etməkdən, bu istiqamətdə yeni çağırışları və perspektivləri müəyyən etməkdən ibarətdir.
Bu gün uğurla inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq qüdrətini artıran dövlətimizin qarşısında hər bir vətəndaş üçün açıq görünən hədəflər durur. Son illərdə ölkədə aparılan kadr islahatları, gənclərin dövlət strukturlarında məsuliyyətli vəzifələrə təytinatı müasir dövrdə ölkəmizdə dərin bilikli və yüksək bacarıqlı gənc kadrlar korpusunun formalaşmasında, yüksək təhsil göstəriciləri olan gəncləri cəlb etməklə idarəçilik sistemində beynəlxalq təcrübənin öyrənilməsi və innovativliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ölkənin kadr potensialında aparılan gəncləşmə siyasəti bu gün, bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də öz bəhrəsini verməkdədir. Ali təhsil almış gənclərə göstərilən yüksək etimad müxtəlif ixtisaslar üzrə elmi biliklərə yiyələnən tələbələrin stimullaşdırılması baxımından xüsusilə əhəmiyyətlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il Azərbyacanda “Könüllülər ili” elan edilməsi xalqımızın əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız köməklik kimi nəcib ənənələri yaşatdığını nəzərə almaqla, bu ənənələrin gənc nəslə aşılanmasına, gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq olunmasına şərait yaratmışdır. Bu gün tələbə-gənclər arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəallığının artırılmasına, hərtərəfli stimullaşdırılmasına yönəlmiş dövlət dəstəyi tələbə-gənclərin bu sahəyə marağını davamlı olaraq yüksəltməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, eləcə də ölkə başçısının 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi gənclərin qarşısında yeni üfüqlər açır.
Bu gün yüzlərlə gənc dünyanın nüfuzlu universitetlərində dövlət hesabına təhsil alır, aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanı genişləndirilir. Azərbaycanın ali təhsil müəssisələrində ölkəmizin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına başlanılıb. Əmək bazarının tələbatı uyğun peşə və ixtisaslar üzrə yüksəkixtisaslı kadr potensialı formalaşdırılır. İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv gənclər müəyyən edilərək istehsalata cəlb olunur, onlara məsul vəzifələr tapşırırlır.
Azərbaycan dövlətinin gənclər siyasətinə ölkəmizin ilk və ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti də öz töhfəsini verməkdədir. Professor-müəllim heyətinin ümdə məqsədi gənclərin savadlı, dərin bilikli və yüksək bacarıqlı, geniş dünyagörüşünə malik, vətənpərvər və dövlətçilik ənənələrinə sadiq vətəndaş kimi formalaşması, Azərbaycanın parlaq gələcəyini təmin edə biləcək yüksəkixtisaslı peşəkar kadrlar yetişdirməklə ölkəmizin intellektual insan kapitalını zənginləşdirməkdir.
Bu gün Universitetdə tələbə gənclərin hərtərəfli inkişafı, müasir tələblərə uyğun ali təhsil almaları, əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı kadr kimi yetişmələri, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi, fəal vətəndaş mövqeyinin formalaşdırılması və möhkəmləndirilməsi, ictimai həyatda təşəbbüskarlıqlarının stimullaşdırılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər bir şərait yaradılmışdır.
Universitetdə gənclərin innovativ potensialı və təşəbbüskarlığının dəstəklənməsi, intellektual fəaliyyətə daha geniş cəlb edilməsi, təhsilə, elmə, mədəniyyət və incəsənətə, yeni texnologiyalara marağının artırılması, nailiyyətlər əldə etmək imkanlarının artırılması, onlarda müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, tələbə-gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, informasiya texnologiyaları vasitəsilə innovativ düşüncənin təşviq edilməsi, onların sosial-məişət problemlərinin həlli istiqamətində davamlı və ardıcıl addımlar atılır, məqsədyönlü tədbirlər həyata keçirilir.
Böyük tarixə və zəngin ənənələrə malik Bakı Dövlət Universiteti öz tələbələri və məzunları ilə fəxr edir. Vətən müharibəsində əzəli torpaqlarımızı düşmən tapdağından azad edib xalqımıza Zəfər sevinci yaşadanlar, müqəddəs şəhidlik zirvəsinə ucalanlar, savaş meydanında can qoymuş və qan axıtmış qəhrəman əsgər və zabitlərimiz sırasında Universitet gəncləri az olmamışdır. Bu gün tələbə-gənclərimiz ölkədaxili və beynəlxalq layihələrdə, olimpiadalarda fəal iştirak edir, müsabiqələrdə qalib olurlar.
Bu gün Universitetdə təhsil alan, elmi biliklərə və təhsilə böyük həvəsləri, ictimai fəallıqları, milli-mənəvi dəyərlərə sadiq, Azərbaycançılıq ideyasına bağlı vətəndaşlıq mövqeyi ilə hər birimizə qürur hissi yaşadan gənclərimiz dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacaq, gələcək fəaliyyətləri ilə müstəqil Azərbaycanın parlaq gələcəyini təmin edəcəklər.