Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin (BDU HİK) yaranması Universitetin yaranması ilə təxminən eyni dövrə təsadüf edir. Bu baxımdan BDU HİK Azərbaycanın ali təhsil müəssisələri arasında ən qocaman həmkarlar təşkilatıdır.
Komitə əmək prosesində işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini qoruyan, öz üzvlərinin sosial rifahının və əmək şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən ictimai təşkilatdır. Təşkilat BDU-nun ən böyük ictimai təşkilatı olmaqla, öz sıralarında Universitetin professor-müəllim, inzibati və texniki-köməkçi heyətinin 3 min nəfərə yaxın üzvünü birləşdirir.
BDU HİK-in çoxşaxəli fəaliyyətinə əməkdaşlar üçün ictimai iaşənin keyfiyyətli və sərfəli qiymətlərlə təminatı, əmək intizamının möhkəmləndirilməsi, ehtiyacı olan üzvlərə diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və təşkili kimi vəzifələr də daxildir. HİK əməyin mühafizəsinə dair norma və qaydaların tələblərinin yerinə yetirilməsini, əmək qanunvericiliyinə əməl edilməsini diqqətdə saxlayır. Sosial, iqtisadi qanunvericiliyə əməl olunmasına, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik məsələlərinə nəzarətin həyata keçirilməsində iştirak edir.
Əməkdaşların sosial, hüquqi, mənəvi mənafelərini müdafiə etməklə yanaşı, Universitetin ictimai həyatında da fəal iştirak edir. Mədəni-kütləvi tədbirlər, yubiley mərasimləri, iməciliklər, ekskursiyalar, müsabiqə və turnirlər təşkil edir. Əməkdaşların istirahətlərinin səmərəli təşkili məqsədilə hər il respublikanın aparıcı turizm şirkətləri ilə ikitərəfli müqavilələr imzalayır.
BDU HİK əmək prosesində işçilərin ümumi mənafeyini qorumaqla yanaşı, öz üzvlərinin həyat və əmək şəraitinin yaxşılaşdırılması, onların maddi durumlarının yüksəldilməsi, tədris müəssisəsində və kənarda keçirilən mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir.
Təşkilatın qarşısında duran mühüm vəzifələrdən biri də əməkdaşların ictimai həyata, təsərrüfat fəaliyyətinə cəlb olunması, təlim-tərbiyə və təhsil prosesində onların potensialından geniş istifadə edilməsidir. Universitetdə fəaliyyət göstərən professor-müəllim və inzibati-texniki heyətin hüquqlarının qorunması, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görmək təşkilatın əsas vəzifələrindəndir.