Humanitar məsələlər və gənclər siyasəti şöbəsi Azərbaycanın ali məktəbləri arasında ilk dəfə Bakı Dövlət Universitetində (BDU) 2020-ci ildə yaradılmışdır. Şöbə Universitetdə humanitar məsələlərin tənzimlənməsi, dövlət gənclər siyasətinin həyata keçirilməsi və onun tələbələrə aşılanması, Ümummilli Lider Heydər Əliyev irsinin və azərbaycançılıq ideyasının öyrənilməsi və təbliği, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin təbliği, eləcə də milli maraqlara və dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan tələbə-gənclərin ölkədə gedən proseslərdə həm iştirakçı, həm də ondan bəhrələnən sosial qrup kimi formalaşdırılması istiqamətində fəaliyyət göstərir.
Tələbə gənclərin vətənpərvərlik ruhunda, innovativ düşüncəli və bilikli mütəxəssislər kimi yetişdirilməsi istiqamətində tərbiyə işini, bu sahədə səmərəliyinin artırılmasını, təhsilalanlar arasında demokratik dəyərlərin təşviqini həyata keçirir. Tələbə təşkilatları ilə birgə tələbə-gənclərin Universitetin və ölkənin ictimai həyatına daha fəal qoşulmasını təmin edir. Təhsilalanlarla ideoloji işin gücləndirilməsi, onlarda elmə böyük həvəs oyadılması, tələbələrin ictimai həyatda iştirakının təşviq edilməsi, əmək fəaliyyətinə hazırlanması məqsədilə tələbə təşkilatları ilə sıx əməkdaşlıq edir, onlara lazımi texniki və metodiki köməklik göstərir.
Dövlət gənclər siyasəti sahəsində dövlət proqram və layihələrində Universitetin tələbə gənclərinin iştirakını təşkil edir, Universitet əməkdaşlarının, tələbələrin ictimai əhəmiyyətli təkliflərini dəstəkləyir. BDU-da fəaliyyət göstərən tələbə təşkilatları, eləcə də struktur bölmələrlə birgə, humanitar, sosial-mədəni sahələrin inkişafı, gənclər siyasəti sahəsində, gənclərin vətənpərvərlik, mənəvi və əxlaqi tərbiyəsi istiqamətində kompleks tədbirlər həyata keçirir.
Əməkdaş və tələbələrin ölkə miqyaslı sosial layihələrə, könüllülük hərəkatına, professor-müəllim heyətinin ölkədə elmi maarifləndirmə işinə fəal qoşulmasına dəstək göstərir. Tələbə gənclərin ictimai həyata fəal cəlb edilməsi, onlarda hüquqi və siyasi mədəniyyətin, fəal vətəndaşlıq mövqeyinin formalaşması, sağlam həyat tərzinin aşılanması, vətənpərvərlik, beynəlmiləlçilik hisslərinin inkişaf etdirilməsi, zərərli vərdişlərə qarşı mübarizə istiqamətində işlər aparır.
Şöbə hər il təsdiq olunan “Tədbirlər planı” əsasında Universitetin 16 fakültəsi, struktur bölmələri, 2 elmi-tədqiqat institutu, BDU-nun Qazax filialı, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi, BDU Həmkarlar İttifaqı Təşkilatı və tələbə təşkilatları ilə birgə müxtəlif mövzularda tədbirlər –dəyirmi masalar, sərgilər və konfranslar, müsabiqələr, yarışlar, disputlar, təqdimatlar və s. təşkil edir, ölkədə uğurla həyata keçirilən gənclər siyasətinə müvafiq olaraq tədbirlər həyata keçirir.
Eyni zamanda BDU-da gənclər siyasətinin tələbələrə aşılanması, əməkdaşların sosial problemlərinin həlli, tələbə-gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində Universitetin tələbə təşkilatları ilə birgə layihələr həyata keçirir. İdmanın inkişaf etdirilməsi və kütləviliyinin artırılması istiqamətdə əməkdaş və tələbələr arasında fiziki tərbiyənin təşviq edilməsi və idmana həvəsin artırılması istiqamətində müxtəlif idman yarışları təşkil edir.
.