Bakı Dövlət Universitetinin (BDU) nəşri olan “Bakı Universiteti” qəzetinin əsası 1929-cu ildə qoyulmuşdur. “Student – Jurnalist” adı ilə nəşrə başlayan qəzet 1947-ci ildən müntəzəm nəşr olunur. 1990-cı ilə qədər “Lenin tərbiyəsi uğrunda” adı ilə Azərbaycan və rus dillərində işıq üzü görüb. 1991-ci ildən “Bakı Universiteti” adı altında dərc edilir. Azərbaycanda ilk ali məktəb mətbu orqanıdır. Qəzet həm də ölkəmizdə ilk sahə qəzeti kimi qiymətləndirilir.
Qəzetə müxtəlif illərdə Rəsul Rüstəmov, İsrafil Cahangirov, Yusif Yusifov, Seyfulla Əliyev, Nüsrət Bağırov, Aslan Aslanov, Vəli Məmmədov, Eldar Əliyev, Ağamusa Zeynalov və s. kimi tanınmış publisistlər redaktorluq etmişdir. “Bakı Universiteti” yarandığı gündən bugünədək daim Universitetin ənənələrinə bağlı olmuş, tarixən Universitetinin elm və təhsil fəaliyyətini, xüsusilə tələbə həyatını, təhsil sistemimizin inkişaf sürətini, kadr hazırlığı siyasətini və s. ətraflı işıqlandırmışdır. Hətta sərt sovet senzura qadağaları dövründə belə “Bakı Universiteti” milli və ictimai maraq prinsiplərindən, Universitetdə hazırlanan kadrların milli ruhda tərbiyəsinə diqqətdən çəkinməmişdir.
Hazırda “Bakı Universiteti” qəzeti BDU-nun müəllim və tələbələri arasında öz oxucu kütləsi olan mətbu orqan, professor-müəllim heyətinin və tələbələrin əsas tribunalarından biridir. Hər bir sayı maraqla qarşılanan qəzet müxtəlif mövzulu yazılarla ayda bir dəfə oxucularının görüşünə gəlir.
2019-cu ildən yeni tərtibatla rəngli çap olunan qəzet BDU-nun ictimaiyyətlə əlaqələrinin inkişafı və informasiya təminatında əhəmiyyətli rol oynayır. Universitetin təhsil, elm, ictimai həyatı, beynəlxalq əlaqələri, həyata keçirilən layihələri haqqında həm ölkə, həm də Universitet oxucularının məlumatlandırılmasında fəal iştirak edir. Qəzetdə tədris prosesi, dərslik və dərs vəsaitlərinin təhlili, elmi fəaliyyət, elmi-tədqiqat laboratoriyalarının, mərkəzlərin, elmi kitabxananın fəaliyyəti, həyata keçirilən sosial layihələr, beynəlxalq əməkdaşlıq sahəsində yeniliklərlə bağlı, Universitetin ictimai həyatı, eləcə də tələbə həyatı və s. haqqında müntəzəm məlumatlar verilir. Universitetin professor-müəllim heyəti, görkəmli alimləri mütəmadi olaraq publisistik yazılarla çıxış edirlər. Son illərdə tədris prosesinin təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində atılan addımlar, fakültələrdə, kafedralarda, tələbə evində aparılan abadlıq və yenidənqurma işləri və s. qəzetin səhifələrində geniş işıqlandırılır.
Qəzetin məzmununun yüksək səviyyədə olması ilə yanaşı, onun tərtibatı da müasir poliqrafik icra baxımından seçilir.
2020-ci ildən qəzetin nəşrinə BDU-nun Jurnalistika fakültəsinin tələbələri cəlb olunmuşdur. Qəzetin nömrələrinin hazırlanmasında və tərtibatında, nəşriyyat-redaksiya proseslərində tələbələr yaxından iştirak edir.