Tələbə poliklinikası

BDU-nun professor-müəllim heyətinə və tələbə kontingentinə Universitetin ərazisində yerləşən 30 nömrəli şəhər poliklinikası tibbi xidmət göstərir. 1990-cı ildə fəaliyyətə başlayan poliklinikanın əsas vəzifəsi Universitetin çoxminli müəllim və tələbə kontingentinə tibbi xidmət göstərmək, onların sağlamlıqlarının qorunmasıdır.

Poliklinikada 19 həkim, 18 orta tibb  işçisi çalışır.  Poliklinikada laboratoriya, terapiya, oftalmologiya, fizioterapiya, cərrahiyyə, stomatologiya və digər tibbi otaqlar mövcüddur.  Burada ultrasəs müayiəsi aparatı, fizioterapeviya avadanlıqları, stomotoloji və digər aparatlar vasitəsilə xəstələrin müayinəsi həyata keçirilir.  Poliklinikanın  laboratoriyasında biokimyəvi və klinik analizlər aparılır. Biokimyəvi analizdə revmatizm, triqliseridlər, xolesterin, şəkər, ALAT, ASAT, hormonlar, kliniki analizlərdə isə qanın ümumi analizi, hemoqlobin, EÇS, nəcis, sidik və leykositlər yoxlanılır. Həmçinin, laboratoriyada malyariya xəstəliyinin yoxlanılması da həyata keçirilir.

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində poliklinikanın tibbi kabineti təşkil olunub. Tibbi kabinetdə fəaliyyət göstərən həkim və tibb bacısı şagirdlər arasında mütəmadi tibbi müayinə işini həyata keçirirlər.

Poliklinika Bakı Baş Səhiyyə İdarəsi tərəfindən dərman məhsulları və lazımi tibbi ləvazimatlarla təmin olunur.

Poliklinikada aşağıdakı kabinetlər fəaliyyət göstərir:

  1. Terapiya
  2. Oftalmologiya
  3. Fizioterapiya
  4. Cərrahiyyə
  5. Stomatologiya
  6. Nevrologiya
  7. Revmotologiya
  8. Otorinolorinqologiya (LOR)
  9. Laboratoriya
  10. Ultrasəs müayinəsi (USM)
  11. Kardiologiya

Göz kabinetində gözün refreksiyasının təyini, görmə faizinin, eynəklərin təyin edilməsi, gözün bütün qişalarının təyini, gözdibi müayinə, gözdaxili təzyiqin ölçülməsi aparılır.

Stomatoloji kabinetdə dişlərdə karieslərin, pulpitlərin, peridontitlərin, diş əti xəstəliklərinin müalicəsi (parodontoz, qinqivit), dişdaşı ərplərin təmizlənməsi, dişlərin rentgen müayinəsi və ağardılması aprılır.

USM və EKQ-də qarın boşluğu, kiçik çanaq orqanları, qalxanabənzər və süd vəzilərinin müayinəsi, aşağı və yuxarı ətrafların dopleroqramması, üç kanallı elektrokardioqrafiya aparatı ilə ürəyin elektrokardioqramması həyata keçirilir.

Laboratoriyada kliniki analizlər, biokimyəvi analizlər, hemostaz sınaqlar, infeksiyalar və hormonların təyini aparılır.

Fizioterapiya kabinetində oynaq xəstəlikləri, artroz, artrit, bel fəqərələrinin radikuliti, varikoz damar genişlənməsi, haymorit, rinit, tonzillitin müayinə və müalicəsi aparılır, travmalar və bəzi cərrahi əməliyyatlardan sonrakı bərpa üçün fərqli prosedurlar həyata keçirilir.

Poliklinikanın əməkdaşları COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejimi dövründə BDU-nun əməkdaşları və tələbələri arasında maarifləndirici tədbirlərin keçirilməsində, eləcə də işə və təhsilə cəlb olunmuş əməkdaş və tələbələrin sağlamlıqlarının qorunması, tibbi müayinələrin aparılması və zəruri tədbirlərin görülməsində yaxından iştirak etmişdir. Bu məqsədlə poliklinikada iki xüsusi otaq ayrılmış və zəruri tibbi ləvazimatlarla təchiz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən BDU əməkdaşlarının vaksinasiyası prosesində poliklinika yaxından iştirak etmişdir.

BDU-nun müraciətini nəzərə alaraq TƏBİB poliklinikada səyyar vaksinasiya məntəqəsi yaratmış, 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunmuşdur. 

 

.