Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru 2019-cu ildə yaradılmışdır. Azərbaycan ali məktəbləri arasında ilk dəfə Bakı Dövlət Universitetində yaradılan psixoloji yardım sektorunun məqsədi universitet əməkdaşlarının və tələbələrin peşəkar şəxsi inkişaf və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixoloji sağlamlığını qoruyub saxlamaq və gücləndirmək, tələbələrin öz qabiliyyətlərinin fərqinə varmasına yardımçı olmaqdır.
Sektorda təlim fəaliyyəti üçün əlverişli sosial-psixoloji və sosial-pedoqoji şərait yaradılmışdır. Psixoloji xidmət fəaliyyətinin ali təhsil sisteminin müasir prinsiplərinə müvafiq olması, psixoloji xidmətin ali məktəbdə elmi, tətbiqi və praktik aspektlərinin vəhdəti, bütün ali məktəb subyektlərinə münasibətdə diaqnostik, proqnozlaşdırılmış, idarəedici funksiyaların geçəkləşdirilməsi Psixoloji Yardım Sektorunun əsas təşkilati və fəaliyyət prinsipləridir.
Psixoloji Yardım Sektoru öz fəaliyyəti ilə professor-müəllim, inzibati-texniki və tələbə heyəti arasında qarşılıqlı anlaşma və qarşılıqlı hörmət atmosferinin yaranmasına töhfə verir. Bu fəaliyyət xüsusilə də pandemiya dövründə tələbələrdə yarana biləcək emosional və psixi böhranın qarşısının alınmasında əhəmiyyətli olmuşdur. Sektorda "Stress və stressin idarə olunması", "Depressiv vəziyyət", "Psixosomatik problemlər", "Cütlük münasibətləri", "Şəxsi inkişaf" mövzusunda təlimlərin keçirilməsi, "Əhval-ruhiyyə pozuntuları", "Yuxu pozuntuları", "Ailə konsultasiyası", "Həyəcan-təşviş pozuntuları", "Postravmatik stress və əlaqəli pozuntular", "Cinsi problemlər", "Cütlük konsultasiyası", "Zərərli vərdişlər" kimi xidmətlər göstərilir.
Sektoru müntəzəm olaraq əməkdaş və tələbələr arasında maarifləndirmə tədbirləri həyata keçirir. Xüsusi karantin rejimi dövründə evdə qalan tələbələrin, eləcə də əməkdaşların mənəvi-psixoloji vəziyyətini nəzərə alaraq rəsmi sosial media hesabları vasitəsilə onlara psixoloji dəstək göstərmişdir. Sektor pandemiya dövründə əməkdaş və tələbələrin 300-dən artıq fərdi müraciətinə baxmış, onların fərdi psixoloji problemlərinin aradan qaldırılmasına peşəkar yardım etmişdir.
.