BDU-nun Nəşr Evi

Bakı Dövlət Universitetinin Nəşr Evi (BDU-nun Nəşr Evi) BDU Elmi Şurasının 2023-cü il 18 tarixli iclasının qərarı ilə “Bakı Universiteti” nəşriyyatı və BDU-nun mətbəəsinin bazasında yaradılmışdır.

BDU-nun Nəşr Evi Universitet nəşrlərinin – dərslik, dərs vəsaiti və digər tədris vəsaitlərinin, elmi məcmuələrin, konfrans materiallarının, qəzet və jurnalların, monoqrafiyaların, həmçinin təbliğat-təşviqat, reklam-çap məhsullarının materiallarının nəşrini həyata keçirir.

BDU-nun nəşriyyat fəaliyyəti Universitetin təsis olunduğu dövrdən başlayır. 1919-cu ildə Universitet təsis olunarkən onun redaksiya-nəşriyyat şöbəsi yaradılmışdır. 1921-ci ildən çap edilən “Xəbərlər” və 1924-cü ildən nəşr olunan “Nəzəri və praktik təbabət” jurnalları BDU-nun ilk dövri elmi mətbuat orqanları olmuşdur.

BDU nəşriyyatının fəaliyyəti müxtəlif dövrlərdə obyektiv və subyektiv səbəblərdən bir neçə dəfə dayandırılsa da, Universitetin nəşriyyat fəaliyyətinə ehtiyac nəzərə alınaraq yenidən bərpa edilmişdir. Respublikada yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, onların dərslik, dərs vəsaitləri və digər tədris ədəbiyyatı ilə təchiz edilməsi məqsədilə Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan ali məktəblərinin tədris ədəbiyyatı ilə təminatını həyata keçirmək məqsədilə 1984-cü il yanvarın 24-də Universitetin Redaksiya-nəşriyyat şöbəsinin bazasında yeni nəşriyyatın – “Bakı Universiteti” nəşriyyatının yaradılması haqqında sərəncam vermişdir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra “Bakı Universiteti” nəşriyyatının fəaliyyəti yenidən qurulmuş, maddi-texniki bazası gücləndirilmişdir.

2019-cu ildə BDU-nun mətbəəsi yenidən qurulmuş, BDU ilə “BP-Azərbaycan” şirkəti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ən müasir kompüter, rəqəmsal-çap və poliqrafiya avadanlıqları ilə təchiz edilmişdir. Burada həm ofset, həm də rəqəmsal çap üsulu ilə yüksək dizayn və poliqrafik icra ilə nəşrlər hazırlanır.

Öz fəaliyyətində sürət və keyfiyyət göstəricilərini prioritet tutaraq Nəşr Evi istehsal etdiyi çap məhsullarının vaxtında və mükəmməl estetik tərtibatda hazırlanmasını diqqətdə saxlayır. Bununla yanaşı, nəşrlərin günümüzün tələblərinə uyğun olması istiqamətində yaradıcı işlər aparılır. İnkişafda olan poliqrafiya sahəsinin yeniliklərindən fəaliyyət istiqamətinə uyğun şəkildə istifadə edilir. Bu da nəşrlərin keyfiyyət əmsalının yüksəldilməsinə öz töhfəsini verir.

Hazırda Nəşr Evinin poliqrafik bazasında yüksək texnoloji proseslərin icrasına imkan yaradan 40-a yaxın poliqrafiya avadanlığı vardır.

Kompüter sahəsi informasiya texnologiyaları sahəsində istifadə olunan ən müasir kompüter və rəqəsal çap avadanlıqları ilə təchiz olunub. Burada əsasən nəşrlərin çapaqədərki prossesləri həyata keçirilir, dizayn və tərtibat işləri yerinə yetirilir.

İstehsal sahəsi ən müasir poliqrafiya avadanlıqları ilə təchiz olunaraq günümüzün tələblərinə cavab verən bazaya çevrilmişdir. Burada ofset, plotter və rəqəmsal çap avadanlıqları vasitəsilə yüksək keyfiyyətli çap işləri həyata keçirilir.

Cildləmə və qablaşdırma sahəsində yeni növ cildləmə, qablaşdırma avadanlıqlarından istifadə sayəsində kitab, jurnal, təbliğat-təşviqat materialları, reklam-çap məhsullarının və s. yüksək keyfiyyətlə cildlənməsi və qablaşdırılması həyata keçirilir.

.