BDU-nun beynəlxalq əlaqələri

Bakı Dövlət Universitetinin (BDU) BDU-nun 2021-2030-ci illəri əhatə edən “Universitet-5.0” hədəfli Strateji İnkişaf Planınında (SİP)  və BDU-nun Elmi Şurasının 2021-ci il 28 dekabr tarixli iclasında müzakirə edilərək (Protokol №12) təsdiq edilmiş “Baki Dövlət Universitetinin beynəlmiləlləşmə siyasəti” (bundan sonra - Siyasət) sənədində  qarşıya qoyulmuş başlıca məqsədlərdən biri ölkədə lider universitet mövqeyini qoruyub saxlamaqla yanaşı regionda elm-təhsil üçün dünya səviyyəli bir platformaya çevrilməkdir. Yaşadığımız müasir dövrdə beynəlmiləlləşmə universitetlərin mühüm strateji hədəflərindən biri hesab olunur. Bu baxımdan da, BDU özünün qlobal əhatə dairəsini genişləndirməyə, tələbələrin beynəlxalq imkanlardan faydalanma perspektivlərini artırmağa və universitet cəmiyyətinin mədəni müxtəlifliyini və dünyaya inteqrasiyasını təşviq etmə istiqamətinə xüsusi önəm verir.

Elm və təhsil sahəsində beynəlmillələşmənin xüsusi əhəmiyyət kəsb etdiyi müasir zamanda beynəlxalq əlaqələr universitetlərin inkişafının və beynəlxalq imicinin əsas göstəricilərindən hesab olunur. Bu baxımdan BDU-da beynəlxalq fəaliyyət dairəsinin genişləndirməsi, akademik əməkdaşlıq imkanlarının artırılması, dünyanın tanınmış aparıcı təhsil ocaqları ilə, beynəlxalq assosiasiyalarla əlaqələrin qurulması və beynəlxalq reytinqlərdə iştirakın təmin olunması istiqamətində mütəmadi olaraq işlər görülür.
Sözügedən fəaliyyətin inkişafı və genişlənməsi istiqamətində, Universitetin beynəlmiləlləşməsi eləcə də, BDU haqqında informasiyanın getdikcə daha geniş beynəlxalq ictimaiyyətə çatdırılması və nüfuzunun daha da artırılması məqsədi ilə beynəlxalq əlaqələr BDU-da dörd əsas strateji inkişaf xətti üzərində həyata keçirilir:

  • Bütün fakültələrdə beynəlxalq mobillik proqramları üzrə ciddi hədəflər müəyyən etmək və BDU-nun beynəlxalq birgə dərəcə və ikili diplom proqramları portfelini genişləndirmək.
  • Coğrafi prioritetləri nəzərə alaraq xarici tələbə potensialına yönəlik effektiv və məqsədyönlü addımlar atmaqla daha çox əcnəbi tələbənin cəlbinə nail olmaq.
  • Müasir beynəlxalq təcrübənin BDU-da tətbiqi məqsədi ilə xarici universitetlər və beynəlxalq təşkilatlarla tədris proqramlarının inkişafı və elmi-tədqiqat qrant layihələrinin icrası üzrə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmək.
  • Nüfuzlu beynəlxalq reytinqlərdə daha da yüksək mövqe əldə etməklə regionda və dünyada BDU-nun etimadını daha da artırmaq.

Bu strategiyada qlobal miqyasda baş verən dəyişikliklər mütəmadi olaraq nəzərə alınır, çevik qaydada addımlar atılır. Eyni zamanda ictimai etimad və nüfuzun qorunmasına, diplomatik nümayəndəliklərlə əməkdaşlığa, yeni xarici əlaqələrin qurulmasına, beynəlxalq əməkdaşlıq çərçivəsində elmi tədqiqat istiqamətlərinin artırılmasına da xüsusi diqqət yetirilir. Beynəlxalq imkanların müəyyənləşdirilməsi və istifadəsi, universitetin beynəlxalq fəaliyyət dairəsinin daim təkmilləşdirilməsi, daxili və xarici məlumatlandırma vasitəsilə təlim-tədris, tədqiqat-inkişaf və təcrübə-bilik mübadiləsinə də ayrıca diqqət yetirilir.

Qeyd edək ki, bu sözügedən strateji yanaşma beynəlxalq miqyasda nüfuzumuzu daha da inkişaf etdirmək istəyimizin əsas göstəricisidir. Qlobal miqyasda daim baş verən dəyişiklikləri nəzərə alaraq, tez və çevik hərəkət edə bilməyimiz, ortaya çıxan beynəlxalq imkanların müəyyənləşdirilməsi və istifadəsi, beynəlxalq fəaliyyət dairəmizin daim təkmilləşdirilməsi baxımından bu strateji yanaşma xüsusi əhəmiyyət kəsb edir və daxili və xarici məlumatlandırma vasitəsilə təlim-tədris, tədqiqat-inkişaf və təcrübə-bilik mübadiləsinə xüsusi diqqət ayırmağımızı labüd edir. Bu starteji yanaşma həmçinin, bütövlükdə BDU-da son dövrlərdə aparılan innovativ islahatların bir hissəsidir və Universitetin yüksək səviyyəli tədqiqat və təhsil mərkəzi kimi ölkədə və beynəlxalq miqyasda imicinin yüksəldilməsini təmin edilməsinə xidmət edir.

Elm və təhsilimizin inkişaf etmiş ölkələrin səviyyəsinə qaldırılması üçün müasir dünyada mövcud olan bütüb imkanlar nəzərdən keçirilir. Ölkəmizin mənafeyinə, xarici və daxili siyasət prioritetlərinə uyğun olan proqram və əməkdaşlıqlara üstünlük verilir. Beynəlxalq şirkətlərdə tələbələrimiz üçün təcrübələrin təşkili, universitetimizin kitabxana resurslarının rəqəmsal və xarici dillərdə dərc olunmuş ədəbiyyatlarla zənginləşdirilməsi işi də diqqət mərkəzindədir. Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin və tələbələri müxtəlif beynəlxalq tədris və akademik mübadilə proqramlarında müvəffəqiyyətlə iştirak edir və təhsil, elmi və texnikanın dünya təcrübəsinin Azərbaycana gətirilməsi və tətbiqini həyata keçirirlər.



BAKI DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLMİLƏLLƏŞMƏ SİYASƏTİ SƏNƏDİ