İdman-Sağlamlıq Mərkəzi

Bakı Dövlət Universitetinin İdman-Sağlamlıq Mərkəzi İdman klubunun bazasında 2020-ci ildə yaradılmışdır. Mərkəzin əsas vəzifəsi Universitet əməkdaşları və tələbə- gənclərə yüksək mənəvi, iradi və fiziki keyfiyyətlər, milli əxlaqi dəyərlər aşılamaq, onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə, onları əməyə və vətəni müdafiəyə hazırlamaq, sağlam, müasir, hərətərəfli  şəxsiyyət kimi formalaşdırmağa kömək göstərməkdir.

Müasir dövrün fəal və bacarıqlı mütəxəssislərinin yetişdirilməsində sağlam həyat tərzi və idmanın böyük rolu vardır. Bunu nəzərə alaraq BDU-da əməkdaş və tələbələrin idmanla sistemli məşğul olması, asudə vaxtlarının səmərəli təşkil edilməsi, idmançıların mütəmadi məşqlər etməsi üçün bütün şərait yaradılmışdır. Mərkəzdə əməkdaş və tələbələrdən ibarət  şahmat, voleybol, futbol, basketbol, həndbol, badminton və digər idman növləri üzrə komandalar formalaşmışdır. Komandaları yüksək ixtisaslı məşqçilər hazırlayır. BDU-nun əməkdaş, qız və oğlan tələbə komandaları müntəzəm məşqlər edir, BDU üzrə və respublika səviyyəsində keçirilən yarış və müsabiqələrdə Universiteti layiqincə təmsil edirlər. Bunun nəticəsidir ki, 2019-2020-ci tədris ilinin sentyabr-oktyabr aylarında Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Yasamal rayon YAP təşkilatının təşkilatçılığı ilə keçirilən futbol, voleybol, badminton və şahmat növləri üzrə turnirlərdə BDU-nun ayrı-ayrı komandaları yüksək nəticələr göstərmişdir. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə tələbələr arasında keçirilən şahmat üzrə ölkə çempionatında BDU-nun tələbələri 3-cü yer, Azad Təhsil işçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən Ali məktəb tələbələri arasında futzal çempionatında BDU-nun komandası 1-ci yer, YAP Yasamal rayon təşkilatının keçirdiyi BDU-nun yaranmasının 100 illiyinə həsr olunmuş futbol turnirində BDU-nun futbol komandası 3-cü yer, Yasamal rayonu üzrə keçirilən şahmat turnirində BDU-nun tələbələri 2-ci yer, respublika ali məktəblər arası şahmat birinciliyində 3-cü yer, YAP Yasamal rayon təşkilatının keçirdiyi BDU-nun yaranmasının 100 illiyinə həsr olunmuş müəllimlər arasında şahmat turnirində BDU-nun komandası 3-cü yeri qazanmışdır. BDU-nun 100 illiyinə həsr olunmuş idmanın 4 növü üzrə ümumi komanda hesabında BDU komandası 1-ci yerə layiq görülmüşdür.

Mərkəz tələbələrdə idmana marağı daha da stimullaşdırmaq, onları ölkədə bədən tərbiyəsi və idman hərəkatına daha fəal qoşulmağa təşviq etmək üçün müntəzəm idman yarışları təşkil edir, tələbə komandaları ölkə turnirlərinə qatılır.