Universitetin bağlanmasından bir il sonra Azərbaycan SSR sovet və partiya rəhbərliyi belə bir addımın doğru olmadığı qənaətinə gəldi. Respublikaya universitet təhsilli yüksək ixtisaslı mütəxəssis kadrlar və elmi işçilər lazım idi. Respublika rəhbərliyinin belə bir fikrə gəlməsinə ÜİK(b)P MK-nın 1931-ci ilin aprelində qəbul etdiyi “Universitetlərin başlıca vəzifələri haqqında” qərarın böyük təsiri olmuşdu. Qərarda ali məktəb sistemində universitet təhsilinə ehtiyac olmadığı haqqında əvvəllər hakim fikrin yanlış olduğu, universitetlərin bu sahədə aparıcı rol oynaması ideyası etiraf edilirdi. Ali Pedaqoji İnstitutun rəhbərliyinin MK-nın mədəniyyət və təbliğat şöbəsinə, həmçinin Azərbaycan SSR Xalq Maarif Komissarlığının kollegiyasına “Azərbaycan Dövlət Universitetinin təşkilinə dair Ali Pedaqoji İnstitutdan təkliflər” adlı məktubunda universitetin açılmasının sosializm quruculuğu prosesinin daha yaxşı tədqiq edilməsi ilə yanaşı, yüksək dərəcəli elmi-pedaqoji kadrların hazırlanması üçün zəruriliyi önə çəkilmişdi.
Nəhayət, 1934-cü il mayın 25-də Azərbaycan SSR XKS “Azərbaycan Dövlət Universitetinin açılması haqqında” qərar qəbul etdi. Qərara əsasən, ümumi elmi fənlər üzrə yüksək dərəcəli mütəxəssislər, habelə müəllimlər hazırlamaq üçün 1934-cü il sentyabrın 1-də Fizika-riyaziyyat, Biologiya, Kimya və Tarix fakültələrindən ibarət olan universitet fəaliyyətə başladı. Yeni açılmış Universitetin rektoru vəzifəsinə Məmmədkazım Ələkbərov təyin edildi. Universitet bərpa edildikdən sonra orada çalışan müəllimlərin, o cümlədən azərbaycanlı müəllimlərin sayı ilbəil artırdı, 1935-ci ildə Universitetdə 22-si azərbaycanlı olmaqla, 52 nəfər müəllim çalışırdı. 1938/39-cu tədris ilində isə müəllimlərin sayı, təxminən, 3,5 dəfə artaraq, 180 nəfərə, azərbaycanlıların sayı isə əvvəlki illərə nisbətən 4 dəfədən bir qədər çox artaraq, 91 nəfərə çatmışdı. Namizədlik və ya doktorluq dissertasiyaları müdafiə edən müəllimlərin sayı xeyli artmışdı. Universitetə həm respublikanın müxtəlif elmi-tədqiqat müəssisələrindən, həm də kənardan yüksək elmi adı olan mütəxəssislər dəvət olunurdular. Nəticədə, akademik heyətin tərkibində əsaslı keyfiyyət dəyişikliyi baş vermişdi. Əgər 1935-ci ildə 52 müəllimdən 10-u professor, 14-ü dosent, 10-u müəllim, 13-ü assistent idisə, 1938/39-cu tədris ilində 180 nəfər müəlim arasında 21 professor, 31 dosent, 37 dosent vəzifəsini icra edən, 63 müəllim, 28 assistent fəaliyyət göstərirdi. Tələbələrin arasında azərbaycanlıların sayı ilbəil artsa da, bu proses olduqca ləng gedirdi. SSRİ-nin bütün ali məktəblərində olduğu kimi, Universitetdə də tədris fəaliyyəti Kommunist Partiyasının və sovet hökumətinin ali məktəb məsələlərinə dair normativ sənədləri ilə tənzimlənirdi.
XX əsrin 30-cu illərinin repressiyaları Bakı Dövlət Universitetindən də yan keçmişdi. Həmin illərdə Azərbaycan xalqı, faktiki, millətin intellektual sərvətini təşkil edən parlaq simalardan, bütöv bir nəsildən məhrum edildi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında mənəvi bağların kəsilməsi siyasəti idi. Respublikanın bu qabaqcıl elm və təhsil müəssisəsindən 100 nəfərdən çox professor, elmi işçi və müəllim, 20 nəfərə kimi tələbə əsassız yerə istintaqa cəlb edilərək qorxudulmuş, təqib edilmiş, sürgünə göndərilmiş və ya güllələnmişdi. Universitetə müxtəlif illərdə rəhbərlik etmiş Tağı Şahbazi (1926-1929), Müseyib Şahbazov (1929), Maqsud Məmmədov (1929-1930), Məmmədkazım Ələkbərov (1934-1935), Balabəy Həsənbəyov (1935-1937) həbs edilərək güllələnmiş, Hüseyn Quliyev isə (1937) həbs edilərək, 5 il müddətinə sürgünə məhkum edilmişdi. Universitetin digər rəhbər işçiləri, o cümlədən elmi katib, partiya təşkilatının katibi, Həmkarlar Təşkilatının sədri, Elmi kitabxananın müdiri, Şərq və Tarix fakültələrinin dekanları, 6 kafedra müdiri də repressiyaya məruz qalmışdılar.
Tağı Şahbazi |
Bəkir Çobanzadə |
Əziz Qubaydulin |
Balabəy Həsənbəyov |
Hüseyn Quliyev |
Hüseynəli Biləndərli |
Abbas Yusifov |
Tahir Abdullayev |
Universitet tarixinin ən çətin illərindən olan 1937-ci ildə Universitetin rektoru görkəmli ictimai-siyasi xadim, Azərbaycan təhsil sistemində xüsusi yeri olan Əziz Məmmədkərim oğlu Əliyev olmuşdur. Repressiyalar zamanı aldığı zərbələrə baxmayaraq, bütün potensialını respublikanın dinc quruculuq işlərinə yönəltmiş Universitet II Dünya müharibəsi illərində ənənəvi fəaliyyətini davam etdirməklə yanaşı, bütün gücünü həm də tamamilə yeni bir vəzifənin – ölkənin və bəşəriyyətin qəddar və amansız düşməndən müdafiəsinə yardım etmək üçün səfərbər etməli olmuşdu. Təsis olunduğu gündən etibarən müxtəlif siyasi-ideoloji amillərin hökmü altında fəaliyyətini quran Universitetin tarixində II Dünya müharibəsi illəri xüsusi yer tutur. Ölkənin müdafiəsi ilə əlaqədar yaranmış yeni və mürəkkəb vəzifələr, ciddi çətinliklər və sərt sınaqlarla üzləşən Universitetin professorları, müəllimləri, əməkdaşları və tələbə gəncləri ilk günlərdən fədakarlıq nümayiş etdirmişdilər.
Müharibənin ilk günündə Universitetin rektoru Cəbrayıl Ələsgərov, 1940/1941-ci tədris ilinin məzunları, tələbə və müəllimlərin bir çoxu könüllü olaraq ordu sıralarına qoşulmuşdu. Ümumilikdə, müharibə illərində Universitetin tələbə və müəllim kollektivindən 1385 nəfəri ordu sıralarına səfərbər olunmuşdu. Onlardan 159 nəfəri akademik işçi, 23 nəfəri aspirant, 1141 nəfəri isə tələbə idi. Universitet kollektivinin orduya səfərbər olunan üzvlərindən 200 nəfəri qadın idi. Universitetin professor-müəllim və tələbə heyətinin kütləvi hərbi-müdafiə işlərində iştirakı da genişlənmişdi.
Universitetin professor-müəllim heyəti müzakirələr zamanı (1940) |
Dosent Cümşüd Zülfüqarlı Qeyri-üzvi kimya laboratoriyasında (1940) |
Mürəkkəb hərbi şəraitlə əlaqədar, Azərbaycan SSR-in bir neçə ali məktəbi müvəqqəti olaraq Universitetə birləşdirilmişdi – 1941-ci ilin oktyabrında Azərbaycan KP MK və Azərbaycan SSR XKS-nin birgə qərarı ilə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, daha sonra Qiyabi Pedaqoji İnstitut, 1941-ci ilin sonlarında K.Marks adına Xalq Təsərrüfatı İnstitutu, həmin ilin dekabrında Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu və Xarici Dillər Müəllimlər İnstitutu. Bu birləşmələr nəticəsində xeyli genişlənən Universitetin tərkibində yeni fakültələr təşkil olundu: İqtisadiyyat, Hüquq, Xarici dillər, Bədən tərbiyəsi. Universitetə bir neçə ali məktəbin birləşdiyinə görə onun inzibati və tədris binaları, yataqxanaları bir-birindən, təqribən, 2 km uzaqlıqda yerləşirdi. Əvvəllər 7 binada yerləşən Universitet müharibə dövründə hərbi zərurət səbəbindən bir neçə binanı müvəqqəti olaraq hərbi orqanlara vermişdi.
II Dünya müharibəsinin ağır şəraitinə baxmayaraq Universitetin professor-müəllim kollektivi Azərbaycanda ali təhsilin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməmişdi. Bu illərdə universitet tarixinin ən mühüm hadisələrdən biri Azərbaycan tarixi kafedrasının yaranması oldu. Mövcud çətinliklərlə yanaşı, Geologiya-coğrafiya fakültəsi, Filologiya fakültəsinin tərkibində Şərq şöbəsi, Yaxın Şərq xalqları tarixi, Yaxın Şərq dilləri, Fəlsəfə kafedraları yaradılmışdı. Əsas diqqət müdafiə xarakterili elmi-texniki problemlərin həllinə və sovet vətənpərvərliyinin artırılmasına yönəlmişdi. Müharibə dövründə Universitet özünün professor-müəllim kadrlar ilə təmin edilməsini, əsasən, həyata keçirə bilmiş, hətta sonra Azərbaycan Elmlər Akademiyasının təşkilində xüsusi xidmətlər göstərmişdi. Universitet müharibənin ağır sınaqlarından şərəflə çıxmaqla yanaşı, düşmən üzərində qələbəyə də önəmli töhfələr vermişdi. Universitet alimləri tərəfindən müharibə illərində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin sırasında Yusif Məmmədəliyevin tədqiqatı daha böyük əhəmiyyət kəsb edir. Onun ixtira etdiyi aviasiya yanacağının əsas komponentinin istehsalının yeni metodu mühüm hərbi-müdafiə əhəmiyyəti kəsb edirdi və istehsala dərhal tətbiq edilməsi məqsədilə Bakıda həmin komponenti yeni metodla istehsal edən zavod inşa edilmişdi. Professor Abdulla Qarayev isə Naftalan neftinin yaraları sağaldan və ağrıkəsici vasitə qismində istifadəsinin metodikasını təklif etmişdi. Universitet alimlərinin ölkənin hərbi-müdafiə qüdrətinin artırılması və xalq təsərrüfatının inkişafı naminə əldə etdikləri elmi nailiyyətlər, yüzlərlə yüksək ixtisaslı mütəxəssis hazırlaması, respublikanın müdafiəsi işlərində fəal iştirakı və fədakarlığı ilə xalqın dərin rəğbətini qazanmış oldu. Bu isə Universitetin müharibədən sonrakı inkişafına təkan verdi.
Universitetin rektoru Abdulla Qarayev (sağdan 2-ci) (1947) |
Universitetə 1944-1965-ci illərdə Abdulla Qarayev, Cəfər Xəndan Hacıyev, Yusif Məmmədəliyev, Şəfayət Mehdiyev kimi dəyərli ziyalı, böyük təhsil və elm təşkilatçılarının rəhbərliyi bu ali təhsil ocağı üçün yeni inkişaf stimulu yaratdı. Onların Universitetə rəhbərlik etdikləri illərdə yüksək ixtisaslı mütəxəssis və elmi-pedaqoji kadrlar hazırlanmasına xüsusi diqqət yetirilirdi. Elmi məktəblərin formalaşması prosesində də nəticələr əldə edilir. Bu zaman Universitetin tədris və elmi yaradıcılıq prosesi, maddi-texniki bazanın gücləndirilməsi, xarici ölkələr üçün kadr hazırlığı prioritet məsələlər idi. Universitet əsas diqqəti kadr hazırlığının inkişafına, tələbə sayının və onların müvəffəqiyyət göstəricilərinin artırılmasına yönəltmişdi.
II Dünya müharibəsindən sonra bütün respublikada olduğu kimi, Universitetdə də təqib, təzyiq və repressiyalar baş vermişdi. Maraqlıdır ki, bu təhsil ocağında təkcə müəllim və tələbələr deyil, hətta kafedralar da repressiya qurbanı olaraq bağlanırdı.
Ön cərgədə soldan: Mikayıl Rəfili, Sabit Rəhman, Səməd Vurğun, Mir Cəlal, Süleyman Rəhimov. Arxa cərgədə sağdan: Əvəz Sadıq, Cəfər Cəfərov, Hidayət Əfəndiyev, Əli Vəliyev, Məmməd Rahim, Mehdi Hüseyn, Abdulla Şaiq və başqaları (1945) |
Professor Əlisöhbət Sumbatzadə Tarix fakültəsinin 2-ci kurs tələbələrinə mühazirə oxuyarkən (1950)
|
Etiraf olunmalıdır ki, xalqın daxilində ədalətsizliyə, milli ləyaqətin tapdalanmasına qarşı etiraz səsini ucaltmaq cəsarətinin, müstəqil dünyagörüşün formalaşmasında Universitet müəllimlərinin muhum rolu olmuşdur. Universitetin yetirmələri, sonralar respublikanın qabaqcıl elm, mədəniyyət xadimləri olmuş ziyalıları Xudu Məmmədov, xeyli müddət Universitetdə müəllim işləmiş Bəxtiyar Vahabzadə, Oqtay Eldəgəz, İsmayıl Şıxlı və başqaları, həmçinin bir sıra vəzifəli şəxslərin iştirakı ilə gizli “Milli Azadlıq Qərargahı” təşkil edilmişdi. Bu təşkilatda Yusif Məmmədəliyev, Nazirlər Şurasının o zamankı sədri Sadıq Rəhimov və başqa tanınmış şəxslər də fəaliyyət göstərirmişlər. Onlar müxtəlif vasitələrlə dövlət qurumlarında vəzifəli şəxslərin fəaliyyətini xalqın qan yaddaşının və milli mənafeyinin qorunub saxlanmasına yönəltməyə çalışmışlar. Bu illərdə ermənilərin Naxçıvan və Dağlıq Qarabağın Ermənistana verilməsi niyyətinin baş tutmamasında, digər amillərlə yanaşı, Azərbaycan ziyalılarının apardığı fəal işin də böyük əhəmiyyəti oldu. 1960-cu illərdə Azərbaycanda milli azadlıq uğrunda yeni mübariz bir nəsil yetişməkdə idi. Bu cəhətdən, Universitetin gəncləri xüsusilə fərqlənirdilər. Universitetin müəllimləri 1950-1960-cı illərdə xalqın soykökündən uzaqlaşmaması, qan yaddaşının qorunub saxlanması, elmi, intellektual potensialının artırılması sahəsində üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir, onlara bəslənilən ümidləri doğruldurdular.
Universitet binasının ümumi görünüşü(1953) |
Mayakovski adına Moskva teatrının aktyoru, SSRİ xalq artisti Lev Sverdlin Universitetin qonağıdır (ortada akademik Yusif Məmmədəliyev) (1955) |
Universitetin əsas binasının tikintisi (1963) |
Universitetdə yaranmış bu mühütün qorunmasında görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin böyük təsiri olur. Heydər Əliyev Azərbaycanda milli ruhun o dövrün ideologiyasının qəlibləri çərçivəsində nəinki tam sıxışdırılmasına yol verməmiş, əksinə, onu inkişaf etdirmək yolunda bütün imkanlardan maksimum yararlanaraq, milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsinə təkan vermişdir. Ölkədə milli ruhlu elm və mədəniyyət xadimlərinə qarşı təqib və təzyiqlərin olmasına baxmayaraq, Heydər Əliyev cəsarəti və sarsılmaz iradəsi sayəsində respublikada yaradıcı insanların sərbəst düşünməsi və fikrini azad ifadə edə bilməsi, Azərbaycanın dövlətçilik tarixində suverenliyin və müstəqilliyin təmin edilməsi üçün əlverişli şərait formalaşdırmışdır.
Bu proses ictimai şüurda izsiz qalmamış, elmi tədqiqatlarda, yeni elmi yanaşmalarda öz əksini tapmışdı. Bu səbəbdən də Bakı Dövlət Universitetinin inkişafinda böyük yüksəliş mərhələsi məhz bu dövrdə başlamışdır. Universitetin inkişafında onun mühüm rolu olmuşdur. Heydər Əliyev məzunu olduğu universitetə xüsusi qayğı göstərmişdir. Universitetin 10 illik yubileyindən sonra ilk dəfə yubileyi də onun təşəbbüsü ilə keçirilmişdir. Azərbaycanın elm və təhsil məbədinin 50 və 60 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi Universitetin tarixində mühüm hadisə oldu. Universitet yaranmasının 50 illiyi münasibətilə elmin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə 1971-ci il fevralın 11-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən Qırmızı Əmək Bayrağı ordeni ilə, 1980-ci il martın 13-də isə yaradılmasının 60 illiyi ilə əlaqədar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdu.
Azərbaycan KP MK-nın 1-ci Katibi Heydər Əliyev Universitetin 50 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirində çıxış edərkən (1969) |
Azərbaycan KP MK-nın 1-ci Katibi Heydər Əliyev Universitetin 50 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirində çıxış edərkən (1969) |
Azərbaycan KP MK-nın 1-ci Katibi Heydər Əliyev Universitetə Qırmızı Əmək Bayrağı Ordenini təqdim edərkən (1971) |
1970-1980-ci illərdə Universitetdə yeni inkişaf və tərəqqiyə nail olunması, fəaliyyətinin hərtərəfli genişlənməsi və təkmilləşməsi üçün geniş imkanlar meydana çıxdı. Bu, ilk növbədə, respublika rəhbərliyinin SSRİ tərkibində maksimum müstəqilliyə yönəlmiş səyləri və apardığı siyasəti nəticəsində mümkün olmuşdu. Məhz həmin illərdə Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris işinin yaxşılaşdırılması, elmin inkişafı, beynəlxalq əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradılmış, informatika-hesablama mərkəzi açılmış, yeni tədris binaları, laboratoriya və kafedralar, kitabxana, yataqxana və s. istifadəyə verilmişdi.
Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin mühazirəsi (1978) |
Heydər Əliyev Azərbaycanın çağdaş inkişafının məhz bu təhsil ocağının nailiyyətləri əsasında mümkünlüyünü qeyd edirdi. Ulu Öndər bu məsələyə dövlət siyasətinin prioritet istiqaməti kimi yanaşırdı. Buna görə də Universitet daim təhsilə göstərilən qayğının mərkəzində dayanırdı.
1969-cu il noyabrın 1-də Universitetin 50 illiyi münasibətilə indiki Şəhriyar klubunda keçirilən yubiley tədbirində ölkə rəhbəri Heydər Əliyevin iştirakı və ana dilində nitq söyləməsi təkcə Universitet kollektivi deyil, bütün Azərbaycan cəmiyyəti üçün milli ruhun oyanması istiqamətində bir dönüş anı oldu. Bu nitq totalitar sovet rejiminin o dönəmə qədərki repressiyaları və təqiblərindən əziyyət çəkən Universitet kollektivinin ürəyində ümid çırağı yandırdı, Universitetin həyatında yeni bir keyfiyyət mərhələsinin başlanğıcını qoydu.
Heydər Əliyev istedadlı azərbaycanlı gənclərin keçmiş SSRİ-nin qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına da xüsusi diqqət yetirirdi. 1980-ci illərin əvvəllərində hər il 1000-1400 azərbaycanlı gənc respublikadan kənarda ali təhsil almağa göndərilirdi. Bu gənclərin sırasında Universitetin tələbələri də var idi. Təhsilini başa vurub qayıdan gənclərin bir hissəsi universitetdə işlə təmin edilirdilər.
1980-ci ildə Universitetdə 64 ixtisaslaşma, 18 ixtisas üzrə kadrlar hazırlayan 12 fakültə, xarici vətəndaşların təhsili fakültəsi, ali və orta məktəb müəllimlərinin ixtisasartırma fakültəsi, hazırlıq şöbəsi, 89 kafedra, 4 problem laboratoriyası və ali məktəblərarası elmi-tədqiqat hesablama mərkəzi fəaliyyət göstərirdi. Bu zaman Universitetdə 13 mindən çox tələbə təhsil alırdı. Universitetin tədrisin keyfiyyətinin yaxşılaşdırılması və elmin inkişafı üçün mühüm işlər görülmüş, beynəlxalq əlaqələri genişlənmişdir. Bu məqsədlə yeni strukturlar yaradılmış, Universitetin Humanitar korpusu istifadəyə verilmişdir.
Bu dövrdə Universitet Azərbaycan xalqının ziyalı potensialının formalaşmasında əsas mərkəz idi. 1137 nəfərdən ibarət professor-müəllim heyətinin 116 nəfəri elmlər doktoru və professor, o cümlədən 7 nəfəri Azərbaycan EA-nın müxbir üzvü, 311 nəfəri dosent idi. Azərbaycan cəmiyyətinin bütün sahələrinin inkişafında böyük xidmətləri olmuş bu alimlərin arasında dövlət, elm və mədəniyyət xadimləri vardır. Akademiklər Məmməd Arif Dadaşzadə, Feyzulla Qasımzadə, İsmayıl Hüseynov, Əlisöhbət Sumbatzadə, professorlar, pedaqoji elmlər doktorları Əhməd Seyidov, Ağamməd Abdullayev, tarix elmləri doktoru Ədhəm Şahmalıyev, əməkdar elm xadimi Sara Aşurbəyli, maddi mədəniyyətimizin ilk tədqiqatçısı, Qobustan qaya rəsmlərini aşkar etmiş İshaq Cəfərzadə və başqaları Azərbaycan elminə əvəzsiz töhfələr vermişlər.
Eyni zamanda Universitetdə bir sıra struktur dəyişiklikləri aparılmış, Mülki proses və maliyyə hüququ (1985), Kimyanın tədrisi metodikası (1987), Riyazi kibernetika (1988), Folklor (1989), İdarəetmə nəzəriyyəsinin riyazi üsulları (1990), Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə, Ehtimal nəzəriyyəsi və riyazi statistika (1990) kafedraları, M.M.Hüseynov adına Arxeologiya və etnoqrafiya muzeyi (1986), «Qızıl səpinti yataqlarının proqnozu, axtarışı və qiymətləndirilməsi» (1989), Dünya azərbaycanlıları: tarixi demoqrafiya (1989), Azərbaycanın Maddi Mədəniyyət tarixi (1989) elmi-tədqiqat laboratoriyaları yaradıldı.
Azərbaycanda baş verən proseslərə baxmayaraq, ümumilikdə Sovet cəmiyyətində 80-ci illərin ortalarından etibarən başlayan siyasi proseslər iqtisadi, ictimai, sosial və mənəvi sahələrdə, həmçinin milli münasibətlərdə mövcud olan böhranlı vəziyyəti daha da dərinləşdirmişdi. Ölkənin iflasının qarşısını almaq üçün hakim Kommunist Partiyasının tədbirlərinin heç biri gözlənilən nəticəni vermədi, əksinə, “yenidənqurma” və “aşkarlıq” sovet imperiyasındakı bütün ziddiyyətləri daha qabarıq şəkildə gündəmə gətirdi. Onun iflasını sürətləndirdi, demokratik hərəkatın inkişafına güclü təkan verdi.
Bu illərdə həm respublikada, həm də Universitetdə mövcud olan qeyri-sabit və mürəkkəb vəziyyəti belə bir fakt da sübut edir ki, 1987-1991-ci illərdə Universitetdə rektor vəzifəsinə 3 dəfə yeni təyinat olmuşdu. Bu hal, təbii ki, Universitetdə tədrisin və elmi araşdırmaların ahəngdar iş ritminə mənfi təsirini göstərməyə bilməzdi. Lakin bütün bunlara baxmayaraq, hər zaman olduğu kimi, zəngin ənənələri, elm və təhsil sahəsində çalışan fədakar ziyalıları ilə seçilən Universitet bütün çətinliklərə sinə gərərək, yarandığı vaxtdan qarşısına qoyduğu tarixi missiyasını şərəflə davam etdirdi. Nəticədə Universitet Azərbaycan xalqının milli-azadlıq hərəkatının ön sıralarında yer aldı.
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının əməkdaşları: Famil Mehdi, Nəsir İmanquliyev, Akif Rüstəmov, Mahmud Mahmudov və Adıgözəl Qəmbərov (1987)
80-ci illərin sonlarında Dağlıq Qarabağda ermənilərin separatçı çıxışlarının gücləndiyi və indiki Ermənistan adlandırılan Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların zorla qovulduğu bir vaxtda respublika rəhbərliyinin laqeydliyi və bacarıqsızlığı Azərbaycanın hər bir vətənpərvər övladı kimi, Universitet əməkdaşlarını da ciddi narahat edirdi. Sovet ideologiyasının bütün təzyiq mexanizmlərinə baxmayaraq, Universitetdə azadlıqsevər, mübariz ruhlu insanlar kifayət qədər fəal idi. Məhz onların mübarizliyi sayəsində Universitet tələbələri həmin vaxtlar Bakıda keçirilən kütləvi mitinqlərin əsas fəallarından idilər. Bu gənclərin əsas amalı xalqımızın hüquqlarının tapdanmasına yol verməmək, erməni təxribatçılarının və onların havadarlarının məkrli planlarını ifşa etmək, respublikanın ərazi bütövlüyünü qorumaq idi. Auditoriyalarda Azərbaycanın müstəqilliyi, türk dünyası ilə əlaqələr və digər mövzular ətrafında müzakirələr gedirdi. 1988-ci ilin yanvarında Universitetin tələbələri soydaşlarımızın Ermənistandan zorla deportasiyasına qarşı ilk etiraz aksiyası keçirdilər. Universitet Quba rayonunda yerləşən tədris-istehsalat bazasını qaçqınların məskunlaşması üçün ayırdı. Onların ehtiyaclarını qarşılamaq məqsədilə “Yardım” adlı xüsusi hesab açıldı və kollektiv tərəfindən xeyli vəsait toplanıldı. Universitetin əsas tədris korpusunun qarşısında professor-müəllim və tələbə kollektivi müntəzəm izdihamlı mitinqləri ilə yanaşı professor və müəllimlər radio və televiziyada, mətbuatda mütəmadi çıxışlar edirdilər.
Respublikada yaranmış vəziyyətlə əlaqədar, hazırlıq görülsə də Universitetin 70 illik yubileyinin keçirilməsi mümkün olmadı. Universitetin Elmi Şurası çoxsaylı tələbləri nəzərə alaraq, 1989-cu il oktyabrın 27-də onun Bakı Dövlət Universiteti adlandırılması, yerləşdiyi küçəyə isə “Universitet” adının verilməsini qərara aldı. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 19 fevral 1990-cı il tarixli qərarı və Xalq Təhsili nazirinin 1 mart 1990-cı il tarixli əmri ilə Universitetin tarixi adı bərpa olundu.
Ölkəmizin azadlığı uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar hadisələrində Universitetin müəllim və tələbə kollektivinin üzvləri də təcavüzkar ordu hissələrinə qarşı müqavimət göstərənlərin ön sıralarında idi. Faciədən sonra da respublikada keçirilən kütləvi etiraz aksiyalarında Universitet kollektivi fəal iştirak edirdi.
Bütün bunlara baxmayaraq, elmə, təhsilə fədakar bağlılıq öz sözünü deyirdi. Təcrübədə özünü doğrultmayan marksizm-leninizm ideyaları və onlara əsaslanan ehkamlar cəmiyyəti böhranlı vəziyyətə saldığından, ictimai şüuru yeni dövrün tələbləri əsasında formalaşdırmaq, humanitar təhsil sistemini tamamilə yenidən təşkil etmək zərurəti yaranmışdı.
Çətinliklərə baxmayaraq, tədrisin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və idarəetmənin optimallaşdırılması məqsədilə islahatlar aparılırdı. Bu illərdə Universitetin Lənkəran və Şəki filialları, həmçinin dövrün tələblərinə uyğun kadr hazırlığı məqsədilə Tarix fakültəsinin bazasında Beynəlxalq münasibətlər və beynəlxalq hüquq, Sosial elmlər və psixologiya fakültələri (1991), bir sıra yeni kafedra və laboratoriyalar yaradıldı.
“Bakı Dövlət Universiteti. 100 ilin elm və təhsil məbədi” (Bakı, 2019)
kitabının materiallarından istifadə edilmişdir.