BDU-da görkəmli riyaziyyatçı Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş II Respublika elmi konfransı keçirilir
Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş “Diferensial və inteqral operatorlar” mövzusunda II Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, Arif Babayev Universitetin Riyazi analiz kafedrasının təşkilatçısı və rəhbəri olub, qısa müddət ərzində sinqulyar inteqral tənliklər və məxsusi inteqrallar sahəsində güclü elmi məktəb yaradıb. Bu məktəb keçmiş SSRİ-də dörd məktəbdən biri sayılırdı. Onun rəhbərliyi altında onlarla gənc alim elmlər doktoru və namizədlik dissertasiyalarını müdafiə edib.
BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev görkəmli alimin həyat yolu və zəngin elmi fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, Arif Babayev 1934-cü il noyabırın 11-də anadan olub, BDU-nun Fizika-riyaziyyat fakültəsini bitirib. 1960-cı ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiyasını müdafiə edib, 1976-cı ildə AMEA-nın müxbir üzvü seçilib. O, BDU-nun Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979-1994) vəzifələrində çalışıb.
AMEA-nın müxbir üzvü, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, BDU-nun Ali riyaziyyat kafedrasının müdiri Misir Mərdanov, Riyazi analiz kafedrasının professoru Sadiq Abdullayev, Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə, Riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Arif Babayevin qızı Nigar Novruzova çıxışlarında görkəmli alimin elmi və pedaqoji fəaliyyətindən bəhs edib, onun riyaziyyatın böyük bilicisi, təbliğatçısı və təşkilatçısı olduğunu bildiriblər.
II Respublika elmi konfransında görkəmli alimin elmi irsi haqqında müzakirələr aparılacaq, riyaziyyatın müasir problemləri, bu sahədə yeni tədqiqatlar təqdim ediləcək.