BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən rektor Elçin Babayev Fizika fakültəsinin əsasının BDU-nun təsis edildiyi vaxtdan - 1919-cu ildə Tibb fakültəsinin nəzdində Fizika kafedrasının yaradılması ilə qoyulduğunu deyib. Bildirib ki, Fizika fakültəsinin məzunları içərisində görkəmli alimlərlə yanaşı, ölkəmizin inkişafında xüsusi əməyi olan dövlət xadimləri, ərazi bütövlüyümüzün qorunması uğrunda vuruşan qəhrəmanlarımız və şəhidlərimiz var. Dünya şöhrətli fizik, Nobel mükafatı laureatı Lev Landau, 1965-1970-ci illərdə BDU-nun rektoru olan Mehdi Əliyev, AMEA-nın sabiq prezidentləri Eldar Salayev və Mahmud Kərimov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov kimi tanınmış insanlar məhz Fizika fakültəsində təhsil alıblar. Fizika fakültəsi Azərbaycanın fizika üzrə elmi-pedaqoji kadr ehtiyaclarının ödənilməsində mühüm rol oynayan elm və təhsil mərkəzidir. Rektor fakültənin və Azərbaycan fizika məktəbinin formalaşması, məşhurlaşmasında böyük rolu olan alimlərin adlarını çəkib, onların ənənələrinin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Hazırda fakültədə 1191 tələbənin təhsil aldığını deyən rektor ən yüksək nəticə əldə edərək Fizika fakültəsinə qəbul olunan 4 tələbəni də təqdim edib.
Sonra Fizika fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Fizika fakültəsinin dekanı, dosent Bəxtiyar Paşayev bildirib ki, fakültə yarandığı gündən tədris və elmi fəaliyyətini günün tələblərinə uyğun qurub, bu da onun daim inkişafda olmasını təmin edib. Bu gün fakültədə fundamental təhsil verilir və dünya səviyyəli müasir elmi tədqiqatlar aparılır. Fakültə böyük elmi-texnoloji və kadr potensialına, elmin və texnologiyanın müxtəlif istiqamətlərində məqsədli kadr hazırlığını həyata keçirmək imkanlarına malikdir. Fizika fakültəsində əldə edilən bilik və bacarıqlar, qazanılan keyfiyyətlər fakültə məzunlarının müxtəlif sahələrdə fundamental və tətbiqi elm, yüksək texnologiyalı istehsalat və informasiya sistemləri sahələrində, dövlət idarəetmə orqanlarında, sənaye və maliyyə qurumlarında uğurla çalışmalarına zəmin yaradıb.
Optika və molekulyar fizika kafedrasının məsləhətçi professoru Niftalı Qocayev fakültənin Universitetin və ölkədə Fizika elminin inkişafına verdiyi töhfələrdən söz açıb. Fizika fakültəsinin bugünkü uğurlarına səbəb olan alimlərin hər zaman xatırlanacağını deyib.
Daha sonra fakültənin şəhid məzunu Şəhriyar Həbiblinin anası Təranə Həbibli oğlunun tələbəlik illərindən bəhs edib, xatirələrini bölüşüb.
Tədbir fakültənin müəllim və tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.