BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin, Türkiyənin Bartın, Çankırı Karatekin və Kastamonu universitetlərinin İnformasiya və sənəd menecmenti bölümlərinin birgə təşkil etdikləri III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumunun iştirakçıları Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Türkiyə Respublikasının 10-dan çox universitetini və müvafiq qurumlarını təmsil edən qonaqları salamlayıb, BDU-nun ev sahibliyi ilə keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün dünyaya örnək olduğunu vurğulayan Kərim Tahirov kitabxana-informasiya fəaliyyəti sahəsində də əməkdaşlığın davamlı inkişaf etdiyini bildirib.
Türkiyənin Bartın, Kastamonu, 29 Mayıs universitetlərinin İnformasiya və sənəd menecmenti bölümlərinin rəhbərləri Ahmet Altay, Hasan Keseroğlu və Berrin Balkaş Yılmaz qardaş ölkədə olmaqdan məmnunluqlarını ifadə edib, elmi, mədəni əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyni vurğulayıblar.
Türkiyəli alimlərə Azərbaycan Milli Kitabxanasının iş prosesi barədə ətraflı məlumat verilib. Qonaqlar Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi, Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbələri, Açıq Kitabxana- Sərbəst mütaliə bölməsi, Uşaq bölməsi və uşaq istirahət guşəsinin fəaliyyəti ilə tanış olublar.