BDU-nun professoru Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş "Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları" mövzusunda elmi sessiya keçirilib.
Tədbirin moderatoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikası tarixində özünəməxsus yeri olduğunu bildirib. Qeyd edib ki, Qulu Məhərrəmlinin adı Azərbaycan televiziyası ilə qoşa çəkilir. Ölkədə onun verilişləri ilə böyüyən bir neçə nəsil var. Televiziya tənqidçisi, jurnalistika bilicisi kimi Qulu Məhərrəmli bu gün də diqqət mərkəzindədir.
BDU rektoru Elçin Babayev yubilyarı təbrik edib, ölkədə “telejurnalistika”, “televiziya tənqidi” deyəndə ilk olaraq yada məhz Qulu Məhərrəmlinin düşdüyünü bildirib: “Qulu Məhərrəmli istedadlı jurnalist, gözəl alim, maraqlı insan, təcrübə ilə nəzəriyyəni uğurla bir araya gətirən əsl pedaqoqdur. 1991-ci ildən BDU-da çalışan Qulu Məhərrəmli Universitetimizin dəyərli professorudur. O, həm də ictimai fəaliyyəti ilə seçilir, Jurnalistika fakültəsindən Azərbaycan Mətbuat Şurasında təmsil olunan iki əməkdaşımızdan biridir”.
Son illər BDU-da aparılan islahatlar çərçivəsində Jurnalistika fakültəsində əsaslı keyfiyyət dəyişikliyinin yarandığını deyən Elçin Babayev gənc jurnalistlərin yetişməsində və əmək bazarının tələblərinə uyğun peşəkar kadr kimi formalaşmasında Qulu Məhərrəmli kimi alimlərin böyük rolunun olduğunu diqqətə çatdırıb.
Sonra professor Qulu Məhərrəmlinin elmi-pedaqoji və jurnalistika fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov Qulu Məhərrəmlinin Azərbaycanda televiziya məktəbinin simalarından biri olduğunu bildirib: “Ünsiyyət mədəniyyəti, jurnalist etikası, audiovizual nitq – bunlar bu gün də aktualdır. Biz bütün bu keyfiyyətləri Qulu Məhərrəmlidən öyrənmişik. Qulu Məhərrəmli jurnalistikada sağlam dəyərlərin təməlini qoyanlardan biridir”.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Qulu Məhərrəmlinin publisistikası”, Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Qulu Məhərrəmlinin polifonik yaradıcılıq yolu”, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova “Azərbaycanda televiziya tənqidinin çağdaş durumu”, Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev “Jurnalistika təhsili və müasir dərslik problemi” mövzularında məruzələr ediblər.
Sonda söz yubilyara verilib. Professor Qulu Məhərrəmli elmi-pedaqoji və jurnalist fəaliyyətinə verilən dəyərə görə təşəkkür edib.
Elmi sessiyanın sonunda BDU rektoru Elçin Babayev professor Qulu Məhərrəmliyə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və 70 illik yubileyi münasibətilə Fəxri Fərman təqdim edib.