Şükranlıq, xeyirxahlıq, bərabərlik bayramı
Bu gün insanların ruhunu və mənəviyyatını saflaşdıran, onları humanizmə, birlik və bərabərliyə dəvət edən müqəddəs Ramazan bayramıdır.
Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayını məcazi mənada "on bir ayın sultanı" adlandırırlar. Ramazan ayı mənəviyyatı möhkəmləndirən, dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir.
Ramazan ayı insanları xeyirxah əməllərə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aylardandır.
Mübarək Ramazan ayında müsəlmanlar Uca Yaradan qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmək fürsəti əldə edir, mənəvi kamilliyin və savab əməllərin sevincini yaşayırlar.
Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynayıb. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir.
Ramazan bayramı insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır. Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Savab, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, Allahın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq təlqin edir, mili-mənəvi birlik, humanizm, səbr, dözüm, yardımsevərlik aşılayır.
Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.
Mübarək Ramazan bayramı dövlətimizə sülh, firavanlıq, xalqımıza ruzi-bərəkət gətirsin. Oruc və dualarınız həmişə Tanrı dərgahında qəbul olsun!
Ramazan bayramınız mübarək!