Görkəmli hüquqşünas, nüfuzlu alim, peşəkar müəllim – Məsumə Məlikova
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikovanın 95 illik yubileyidir.
Azərbaycanda hüquqşünaslığın bir elm və ixtisas kimi formalaşmasının bünövrəsini qoyanlardan biri olan professor Məsumə Məlikova 70 ildən artıqdır Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Görkəmli alim Azərbaycanda dövlət və hüquq nəzəriyyəsi, hüquq tarixi, siyasi-hüquqi təlimlər tarixi elmlərinin inkişafına böyük töhfələr verib, hüquq elmini layiqincə təmsil edib. Hüquq elmləri doktoru alimlik dərəcəsi almış ilk azərbaycanlı qadın olan Məsumə xanım Məlikova böyük və mənalı ömür yolu keçib.
O, 22 noyabr 1929-cu ildə Bakı şəhərində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Elmə, biliyə həvəs, əməksevərlik, tələbkarlıq, dəqiqlik erkən yaşlarından onun xarakterinin əsas cizgiləri və sonrakı uğurlarının əsas açarı olub. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra elmi-pedaqoji sahəyə yüksək həvəsini və bacarığını görən fakültə rəhbərliyi onu Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlayıb. 1953-cü ildə BDU-nun aspiranturasına qəbul olunan Məsumə Məlikova elmi işini davam etdirmək üçün 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasına ezam edilib. Aspiranturanı bitirdikdən sonra 1958-ci ildə MDU-da “M.F.Axundovun ictimai-siyasi baxışları” mövzusunda namizədlik, 1973-cü ildə isə “XIX əsrin II yarısı–XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə edib.
Məsumə xanım Məlikovanın elmi və pedaqoji fəaliyyəti bir-biri ilə ayrılmaz vəhdət təşkil edir. Görkəmli alim 1958-1968-ci illərdə Hüquq fakültəsinin Dövlət hüququ kafedrasının müəllimi olub. Sonra Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası təşkil edilib. 1968-ci ildən Məsumə Məlikova bu kafedraya bacarıqla rəhbərlik edir. O, 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilmiş ilk hüquqşünas qadın alimdir.
Özünün çoxillik elmi-pedaqoji fəaliyyəti ərzində Məsumə Məlikova yüksək ixtisaslı mütəxəssislər hazırlayıb, ölkədə və ondan kənarda monoqrafiyalar, dərsliklər, kitablar, çoxsaylı elmi məqalələr müəllifi kimi tanınıb. Onun elmi əsərlərinin sayı 200-dən artıqdır. Çoxsaylı monoqrafiyaların, dərsliklərin və elmi məqalələrin müəllifi olan görkəmli alim məhsuldar, peşəkar, geniş dünyagörüşlü alim-tədqiqatçı kimi tanınıb. Onun elmi-tədqiqat fəaliyyətinin başlıca istiqamətlərinin içərisində hüquqşünaslığın iki mühüm sahəsini – ümumi dövlət və hüquq nəzəriyyəsinin və siyasi-hüquqi təlimlər tarixinin aktual problemlərinin tədqiqini xüsusi qeyd etmək lazımdır. Məsumə xanım Azərbaycanda milli siyasi və hüquqi təlimlər tarixi elminin banisidir, hüquq elminin bu sahəsində məktəb yaradıb və hüquqşünaslıqda yeni istiqamətin təməlini qoyub.
Professor Məsumə Məlikovanın Azərbaycanda hüquq elminin inkişafına verdiyi töhfələr təkcə bununla məhdudlaşmır. Bu sahədə mükəmməl, yüksəkixtisaslı kadr potensialının formalaşmasında, hüquq elminin dərinliklərinə bələd olan yeni mütəxəssislərin yetişdirilməsində də bir pedaqoq, elm ustadı kimi əvəzsiz xidmətlər göstərib. Görkəmli alim hüquq ədəbiyyatında ilk dəfə Azərbaycanda ideya cərəyanlarının tarixini, maarıfçilik ideologiyasının təşəkkülü və inkişaf qanunauyğunluqlarını, Azərbaycanın görkəmli maarifçilərinin siyasi-hüquqi baxışlarını tədqiq edib, ən qədim dövrlərdən XX əsrin başlanğıcınadək bu ideologiyanın dövrləşdirilməsi konsepsiyasını elmi cəhətdən əsaslandırıb. Onun “M.F.Axundovun ictimai-siyasi baxışları” (1958), “XIX əsr-XX əsrin başlanğıcında Azərbaycanda siyasi-hüquqi təlimlər tarixi” (1972) kitablarında, eləcə də “Nizami Gəncəvi və Azərbaycan maarifçiliyi” (1992) , “Azərbaycanın siyasi-hüquqi təlimlər tarixinin dərk edilməsində tarixilik və varislik prinsipləri” (2006), “Azərbaycanda maarifçiliyin tarixinin dövrləşməsi məsələsinə dair” (2008), “III-X əsrlərdə Azərbaycanda maarifçiliyin tarixi” (2009) və s. bu qəbildən olan əsərlərində Azərbaycan maarifçiliyinin siyasi və hüquqi ideyalarının, sosial tərəqqi, dövlətin, hüququn və şəxsiyyətin qarşılıqlı əlaqəsi problemlərinin ilkin tədqiqi aparılıb.
O, keçmiş SSRİ-nin ən nüfuzlu universitetlərində çalışan hüquqşünas alimlərlə birlikdə “Siyasi və hüquqi təlimlər tarixi” adlanan çoxcildli monoqrafiyaların üç cildində (I,II,III cildlər), eləcə də “Siyasi və hüquqi təlimlər tarixi” adlı dərsliklərdə (1965, 1971, 1991) bir neçə bölmənin müəllifi olub. 1985-ci ildə Moskvada çap edilmiş “Siyasi və hüquqi təlimlər tarixi” kitabının “Qədim dünya” adlanan I cildində, 1986-cı ildə “Orta əsrlər və İntibah dövrü” adlı II cildində, 1989-cu ildə “XVII-XVIII əsrlər”i əhatə edən III cildində, 1965 və 1971-ci illərdə “Siyasi təlimlər tarixi” dərsliyində, 1991-ci ildə “Siyasi və hüquqi təlimlər tarixi” dərsliyində bir neçə bölməni məhz professor Məsumə Məlikova yazıb. Həmin bölmələrdə Şərq mütəfəkkirlərinin siyasi və hüquqi baxışlarının tədqiqi, Azərbaycan mütəfəkkirlərinin əsərlərində, həmçinin dövrün ictimai həyatının hüquqi tənzimini nəzərdə tutan bir çox hüquqi aktlarda öz ifadəsini tapmış siyasi-hüquqi ideyaların araşdırılması və təhlili yer alıb.
Professor Məsumə Məlikova 1991-ci ildə nəşr edilmiş “Hüquq ensiklopedik lüğəti”nin tərtib edilməsində baş redaktor qismində böyük müəlliflər kollektivinə rəhbərlik edib və şəxsən özü 85-dən artıq elmi məqalənin müəllifi olub. Bununla yanaşı, o, “Sovet Hüquq Ensiklopediyası”nda “Avesta” adlı elmi məqalənin, habelə “Azərbaycan Sovet Ensiklopediyası”nda 30-dan artıq elmi-hüquqi məqalələrin müəllifidir.
Professor Məsumə Məlikova ilk dəfə olaraq Azərbaycan dilində “Dövlət və hüquq nəzəriyyəsi” (1979-cu ildə) adlı dərslik yazaraq nəşr etdirib. İlk ana dilli dərslik olmaq etibarilə bu kitab respublikamızın həyatında dövlət və hüququn nəzəri məsələlərini əhatəli surətdə özündə ehtiva edib, 1988-ci ildə isə onun ikinci – təkmilləşdirilmiş nəşri işıq üzü görüb.
Sovetlər Birliyi dönəmində hüquqşünaslıq ixtisası üzrə bütün İttifaq miqyasında Məsumə Məlikovanın təşəbbüsü ilə hüquq üzrə təhsilin tədris planına ilk dəfə milli siyasi və hüquqi təlimlər tarixi ilə bağlı fənn daxil edilib, 1984-cü ildə onun hazırladığı “Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi” (birgə müəllifliklə) monoqrafiyası dərc edilib. Qədim dövrlərdən XX əsrin başlanğıcınadək Azərbaycanda demokratik siyasi-hüquqi fikrin təşəkkülü və inkişafı prosesinin dərin təhlilini əks etdirən bu monoqrafiya ölkəmizdə hüquq elminin inkişafı, milli fikir tariximizin araşdırılmasında mühüm elmi nailiyyət sayılır.
Görkəmli alimin və onun rəhbərlik etdiyi məktəbin elmi tədqiqatları nəticəsində ölkəmizdə hüquq təhsili sahəsində tədris planına ilk dəfə olaraq “Azərbaycanın siyasi-hüquqi təlimlər tarixi”, “Azərbaycanın dövlət və hüquq tarixi”, “Müsəlman hüququnun əsasları” fənləri daxil edilib və həmin fənlərin tədrisi üçün müvafiq elmi baza yaradılıb.
Professor Məsumə Məlikovanın rəhbərliyi altında və bilavasitə onun müəllifliyi ilə rəhbərlik etdiyi kafedrada çoxsaylı dərslik, dərs vəsaitləri və elmi məcmuələr hazırlanaraq nəşr edilib. Bunların içərisində xüsusi olaraq “Hüquq nəzəriyyəsi” (2019, 2022, 2023), Azərbaycanın və xarici ölkələrin dövlət və hüquq tarixi sahələrinə dair “Xarici ölkələrin dövlət və hüquq tarixi” (qədim və orta əsrlər) (1997, 2005, birgə müəllifliklə), “Müasir dövlət və hüquq tarixi” (2003, birgə müəllifliklə) dərslikləri, “Qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycanın dövlət və hüququ” (2001, birgə müəllifliklə) dərs vəsaiti və “Qafqaz xalqlarının hüquq abidələrinin antologiyası. Azərbaycanın hüquq abidələri” (17, 18 və 19-cu cildlər, birgə müəllifliklə) elmi məcmuəsini göstərmək olar. M.Məlikovanın yazdığı “Azərbaycan Respublikasının Konstitusiyası və insan hüquqları” (1995), “Azərbaycanda hüquqi islahatlar və Konstitusiya Məhkəməsi” (1998), “Azərbaycan Respublikası qanunvericiliyinin konstitusiya-hüquqi əsasları” (2003), “Azərbaycan Respublikası qanunvericiliyinin proqnozlaşdırılma məsələləri” (2005), “Rəqəmsal texnologiyaların hüquqi sferaya tətbiqi probleminə dair” (2021), “Beynəlxalq və dövlətdaxili hüququn nisbəti və milli hüquq mənbələrinin sistemi” (2023) və s. kimi elmi əsərlərində ölkəmizdə hüquqi dövlət quruculuğu prosesini sürətləndirən və bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsinə xidmət edən yeni təkliflər irəli sürülüb.
Elmi kadrların hazırlanması işinə böyük töhfələr verən görkəmli alim yalnız ölkəmiz deyil, həmçinin xarici ölkələr üçün yüksək ixtisaslı elmi kadrlar hazırlığına böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında 30-dan artıq, o cümlədən Suriya, İordaniya, Fələstin, Vyetnam və s. ölkələr üçün hüquq üzrə fəlsəfə doktoru, 5 hüquq elmləri doktoru dissertasiya işi müvəffəqiyyətlə müdafiə edilib. Məsumə Məlikova hazırda da hüquq üzrə fəlsəfə doktoru və hüquq elmləri doktoru proqramı üzrə elmi rəhbərliyini davam etdirir.
Azərbaycanın milli hüquq sisteminin formalaşmasında və qanunvericiliyinin təkmilləşdirilməsində mühüm xidmətləri olan professor Məsumə xanım Məlikova Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını tərtib edənlərdən biri, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında respublikanın 1978-ci il və müstəqil Azərbaycanın 1995-ci il konstitusiyalarının, Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasının hazırlanması üzrə komissiyaların üzvü olub.
Məsumə Məlikova müstəqillik dövründə də dövlətimizin bir çox elmi təşkilatlarının fəaliyyətində gərgin əmək sərf edib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının yarandığı gündən 1998-ci ilədək iqtisadi, fəlsəfə və hüquqi elmlər üzrə Ekspert Komissiyasının sədri, Baş Prokurorluğun Elmi-məsləhət Şurasının və Ali Məhkəmənin analoji şurasının üzvü, AMEA-nın nəzdində Hüquq elmləri üzrə Problem Şurasının sədri, AMEA-nın ictimai elmlər bölməsinin bürosunun və AMEA-nın Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının hüquqşünaslıq bölməsinin üzvü kimi elmin müxtəlif sahələrinin təkmilləşdirilməsi yönümündə dəyərli tövsiyələrini verib.
Professor Məsumə Məlikovanın elmin və təhsilin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib, o, çoxsaylı fəxri adlar və təltiflərlə mükafatlandırılıb. Bu yüksək mükafatların içərisində görkəmli alimin layiq görüldüyü “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adını, “Şərəf nişanı” ordeni və “Şöhrət” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalını, “Əmək veteranı” medalını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fərqlənməyə görə” döş nişanını, Bakı Dövlət Universitetinin 75 illiyi münasibəti ilə “Xatirə medalı”nı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Xatirə” medalını və çox sayda fəxri fərmanları göstərmək olar. Məsumə xanım Məlikova 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Alimin yetişdirdiyi yüzlərlə yüksəkixtisaslı kadr hüquq elmimizin inkişafına, müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə öz dəyərli töhfələrini verməkdədir. Professor Məsumə xanım Məlikovanın zəngin həyat yolu, yüksək insani keyfiyyətləri bütün tələbələr, müəllimlər üçün örnəkdir.
Universitet rəhbərliyi və kollektivi görkəmli alim, BDU-nun canlı əfsanəsi, professor Məsumə xanım Məlikovanı 95 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı, hüquq elminin inkişafı istiqamətində yeni elmi yaradıcılıq uğurları arzulayır!