BDU rektoru İstanbulda Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclasında iştirak edir
Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (Azerbaycanlı Bilim İnsanları Derneği - ABİD) ilk ümumi iclası İstanbulda öz işinə başlayıb. Toplantı Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və ABİD-in birgə təşkilatçılığı ilə keçirilir.
ABİD-in ilk ümumi iclasının açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, TADEF-in sədri Ədalət Turan, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından millət vəkili Şamil Ayrım, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, ABİD-in rəhbəri və Bilkənt Universitetinin professoru Əmirulla Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və digərləri çıxış ediblər.
BDU rektoru Elçin Babayev çıxışında Türkiyədə çalışan azərbaycanlı alimlərin belə bir dərnək yaratmasının yalnız fərdi uğurların deyil, həm də kollektiv nailiyyətlərin artırılmasına, elmi əlaqələrin dərinləşməsinə və milli hədəflərimizin həyata keçirilməsinə xidmət edəcəyinə əminliyini bildirib: “ABİD-in yaradılması həm elmə, həm təhsilə, həm də milli birliyimizə xidmət edən mühüm təşəbbüsdür. Bizim hədəfimiz bu platformadan səmərəli istifadə edərək, Azərbaycan və Türkiyənin elm və təhsil sahəsindəki uğurlarını və əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdır. BDU elmin, təhsilin və innovasiyaların inkişafı naminə belə təşəbbüsləri daim dəstəkləyir”.
Rektor vurğulayıb ki, müasir tələblərə cavab verən elmi təşkil modelini formalaşdıran BDU-nun 105 illik tarixi ərzində elmi tədqiqatlar sahəsində əldə edilən ənənəvi uğurlar bu gün yeni yanaşmalarla zənginləşdirilir. Universitetdə innovativ sahələr üzrə ixtisaslaşmış elmi mərkəzlər yaradılır. Elmi nəticələrin istehsalata tətbiqi və cəmiyyətlə effektiv inteqrasiya məqsədilə BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi ilə yanaşı, gənclər üçün Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi və digər strukturlar fəaliyyət göstərir. Görülən işlərin nəticəsidir ki, BDU hazırda dünya reytinqlərində sürətlə irəliləyir, TOP-1000 universitet sırasında qərarlaşıb.
Rektor diaspora alimlərini BDU ilə yaxından əməkdaşlığa dəvət edib, bunun Türkiyə və Azərbaycanın elmi intellektual potensialının artırılmasına xidmət edəcəyini diqqətə çatdırıb.
Rektor ABİD-in fəaliyyətinin dəstəklənməsi ilə bağlı bir sıra təkliflər də irəli sürüb.