BDU-da “Yeni PM trendləri: Gələcəyin məhsul idarəçiliyi” mövzusunda seminar
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “ATL Academy”nin təlimçiləri Şahmar Həsənov və Şahruz Həsənli tərəfindən “Yeni PM trendləri: Gələcəyin məhsul idarəçiliyi” mövzusunda interaktiv seminar keçirilib.
Əvvəlcə “ATL Academy”nin fəaliyyət istiqamətləri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, “ATL Academy” texnologiya və layihə idarəçiliyi sahəsində təlim və bilik paylaşımı üzrə ixtisaslaşmış bir platformadır. Akademiya yerli və beynəlxalq təcrübəni bir araya gətirərək, gənc mütəxəssislərə və şirkətlərə rəqabət qabiliyyətli bacarıqlar qazandırmağı hədəfləyir. “ATL Academy” təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirmək, tələbələri real bazar bilikləri ilə təmin etmək və onlarda innovativ düşüncə tərzini formalaşdırmaq məqsədilə mütəmadi olaraq təlim və seminarlar təşkil edir.
İnteraktiv seminarda müasir məhsul idarəçiliyi (PM) sahəsində qlobal tendensiyalar, bazarın dəyişən tələbləri və rəqəmsallaşma dövründə layihə menecmentinin əhəmiyyəti kimi məsələlər müzakirə edilib. Real layihələr üzərindən nümunələr təqdim olunub, məhsulyönümlü düşüncənin əhəmiyyəti, müasir layihə menecerindən gözləntilər və innovativ idarəetmə alətləri barədə məlumat verilib.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.