Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bir qrup alimi BDU-nun Filologiya fakültəsinin qonağı olub
Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Pedaqogika kafedrasının əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Filologya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının fəaliyyəti ilə tanış olublar.
Səfər çərçivəsində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, pedaqogika elmləri doktoru, dosent Faroxat Mirzoyeva, professor Əzizə Muxsiyeva, professor Şairə Şadmanova, professor Muhayyo Baybayeva, professor Gülsənəm İbrahimova, dosent Malikə Umarova, dosent Hilalə Ruzmetova və dosent Firuzə Yoldaşeva öz elmi-pedaqoji fəaliyyətlərindən söz açıb, qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Filologya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva qonaqlara kafedranın tarixi, tədris və tədqiqat istiqamətləri, bakalavriat və magistratura səviyyələrində kadr hazırlığı haqqında geniş məlumat verib, təsəvvüf ədəbiyyatı ilə bağlı, xüsusilə Nizami Gəncəvi əsərlərinin metaforik dili, “Yeddi gözəl” poemasında alt sujetin açıqlanması, təriqət yolunun izahına dair fikir mübadiləsi aparıb.
Sonda qonaqlara kafedra əməkdaşlarının son illər nəşr etdirdikləri kitablar hədiyyə olunub.