Sevgi, bərəkət yayan müjdəçi çərşənbə
Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsidir.
İnsana, təbiətə həyat verən dörd ünsürdən biri də yeldir. Kainatın yaradılmasında əsas yer tutan dörd ünsürdən biri olan “yel” müxtəlif mifik qatları özündə əks etdirir. Türk mifologiyasında yel iyəsi/əyəsi küləyin qoruyucu ruhu kimi tanınır. Əski inamlarda da Yel Tanrı kimi qəbul edilir, yaxud hər hansı bir missiyanı yerinə yetirmək üçün dünyanı idarə edən qüvvə tərəfindən göndərilən varlıq kimi göstərilir. O, köməkedici, cəzalandırıcı funksiyaya sahibdir. Qədim etiqadlardan qaynaqlanan mənbələrdə “qara nəhr”də yatmış dörd cür külək - ağ yel, qara yel, xəzri, gilavar Yer üzünə çıxır. Hərəsinin də öz donu olur. Bu donların rəngləri də mifik dünyagörüşündən qaynaqlanır. Ağ yel ağ libasda, qara yel qara libasda, xəzri göy libasda, gilavar qırmızı libasda təsvir edilir.
Qədim dövrlərdə bürkülü havalarda külək istəyən insanlar Yel Atanı köməyə çağırır, ondan imdad diləyir, hətta buna görə mərasimlər təşkil edir, rituallar həyata keçirirmişlər. Mövsüm nəğmələri məhz bu cür mərasimlərdə oxunan folklor nümunələridir. Bu nümunələrdə, əsasən, mifoloji qat özünü göstərir. Bunlardan da biri “Yel baba” nəğməsidir:
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Dən toplanıb dağ olsun,
Yel babamız sağ olsun.
Əkin-biçin zamanı oxunan bu nəğmədə antopomorfikləşdirilmiş Yel baba obrazı və onun təriflənməsi ön planda tutulur.
Azərbaycan mifik təfəkküründə yel yol göstərən, bələdçi funksiyasını yerinə yetirir. Yel baba yolunu azan insanların qarşısına çıxır, onlara yolu tapmaqda köməkçi olur. O, azanlara yumaq ip verərək bu vasitə ilə onları düz yola çıxarır:
İp yumağın səridi,
Təri zəhmət təridi,
Havaya isti gəldi,
Suyun buzu əridi.
Türk mifoloji təfəkküründə “yel” ünsürü bir çox canlının, xüsusilə atın törəyişində özünəməxsus rol oynayır. Bu baxımdan şifahi xalq ədəbiyyatının örnəkləri olan nağıllarda, dastanlarda “yel atları”, “yel qanadlı atlar”ın adının keçməsi təsadüfi hal deyil.
Təsəvvüf ədəbiyyatında “Səba” adı ilə verilən, ruhani aləmdən əsən külək Allahdan kamil insanların qəlbinə dolan ruhani nəfəsdir ki, bəşərin öz əslinə qovuşmasına vasitəçi olur.
“Qurani-Kərim”də isə yelin Allah tərəfindən göndərildiyi qeyd edilir, külək müjdəçi adlandırılır. “Nəml” surəsinin 63-cü ayəsində oxuyuruq: “Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə müjdəçi kimi göndərən kimdir? Məgər Allah’la yanaşı başqa bir tanrımı var?! Allah Ona şərik qoşduqlarından ucadır!”.
Yel çərşənbəsi “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi də tanınır. Qədim zamanlardan bu çərşənbədə yellə bağlı nəğmələr, bayatılar oxunar, Yel babanın şərəfinə xüsusi mərasimlər, ayinlər keçirilərmiş.
İnanca görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan taxıl bitkiləri götürməzlər. Sovurulandan sonra ilk buğda götürənin oğlu olar. Yel çərşənbəsi günü digər çərşənbələrdə olduğu kimi, tonqallar qalanır, süfrələr bəzənir. Evlərdə plov, əsasən də, südlü plov, bulğur aşı bişirilir. Süfrəyə dənli bitkilərdən hazırlanmış çərəzlərdən, quru meyvələrdən və şirniyyatlardan ibarət xonçalar qoyulur. Evlərdə təmizlik işlərinə başlanır, səməni cücərdilir, bəzi evlərdə isə azca boy atmış səməninin belinə qırmızı qurşaq bağlanır. Bu ərəfədən başlayaraq bayram üçün yeni geyimlər alınır.
Yel çərşənbəsində xüsusi ayinlər də icra olunur. Bu çərşənbədə söyüd ağacının altından keçərlər ki, niyyətin qəbul olsun. Yel çərşənbəsində Yel dağına ziyarətə gedərlər.
Xalq arasında yellə bağlı inanclar üstünlük təşkil edir. Bəzi bölgələrdə külək bərk əsərkən evin ilk övladı sonbeşik uşaqla canamazı (namaz qılınan parça) əncir ağacına bağlayaraq söyləyir:
Mən anamın ilkiyəm,
Ağzı qara tülküyəm,
Xəzri, yat, gilavar, yat...
Külək, sürmə at,
Gəl, ələkdə yat!
Bu şeir parçası bəzi bölgələrdə son misraları dəyişməklə dolunun dayandırılması üçün də oxunur. Yel çərşənbəsində isə yel əsmədikdə “küləkçağırdı” mərasimini icra edirlər.
İnanca görə, Yel çərşənbəsində vədə küləkləri Xızır Nəbinin əmri ilə məhəbbət qanadına çevrilir, ürəkdən-ürəyə əsərək, sevgini aləmə yayır. Məhz bu çərşənbədə oğlanlar qız seçməyə çıxarlarmış. İnama görə, həmin gecə Xızır Nəbi sevgililərə “abi-kövsər” suyu içirib, buta verir. “Səni ağ yelə tuş olasan”, “Üstündən ağ yellər əssin” kimi alqışlarımızın da bu inancdan doğduğunu desək, yanılmarıq. Hətta inanca görə, Yel çərşənbəsində ata-ananın xeyir-duası olmadan qaçırılan qıza xeyir-duanı əli butalı Xızır Nəbi verir. Bu çərşənbədə qəfəsdəki quşların satın alınıb “Azat-bezat, məni cənnətdə gözət” deyərək, havaya buraxılması da inanclarımızdandır. Bəzi hekayələrimizdə bu motiv öz yerini tutur. Xahiş, arzu yazılan çərpələnglərin göyə buraxılması bu çərşənbənin ayinlərindəndir. Xızır Nəbi ilə təmasda olmaq üçün icra olunan “Yelləncəkdə yellənmə” mərasimi də bu çərşənbənin rituallarındandır.
Yellə bağlı atalar sözləri də çoxluq təşkil edir: Yelə verdiyin düşmənə qismət olar. Yel əsməyincə yarpaq tərpənməz. Yelə qoşulan çox uzağa getməz. Yel aparan yelinki, yerdə qalan mənimki. Yelin işi elnən deyil, külnəndi. Küləklə yatanın cin atı olar. Yelin zarafatı qovmaqla başlanır. Ağac körpə оlanda qara yeldən qоruyarlar.
Bu cür atalar sözləri əsasən inanclarla bağlı yaranır.
Səhər Hidayət qızı Orucova
Filologiya elmləri doktoru, professor
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri