Respublika QİÇS-lə Mübarizə Mərkəzində BDU tələbələri ilə görüş
Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının “Avisenna” klubunun təşəbbüsü ilə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində görüş keçirilib.
Qurumun direktoru Famil Məmmədov Mərkəzdə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmuncatışmazlığı Virusunun (İİV) aşkarlanması, Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) müalicəsi istiqamətində görülən işlərdən, eləcə də burada qanunvericiliyin tələblərinə uyğun müayinə və müalicənin keçirilməsi üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, Mərkəzin lazımi avadanlıqlarla təchiz olunmuş şöbələri, müasir tələblərə uyğun laboratoriyası mövcuddur.
Görüşdə Mərkəzin Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyev “Azərbaycanda İİV infeksiyası/QİÇS-lə bağlı epidemioloji vəziyyət və mübarizə tədbirləri” mövzusunda təqdimat edib. Mərkəzin direktor müavini Günəş Cəfərova isə İİV qrupu xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə bağlı suallara aydınlıq gətirib.
Sonra tələbələr Mərkəzin laboratoriyasında müayinə prosesi ilə yaxından tanış olublar.