Müstəqil Azərbaycanı Zəfər yoluna çıxaran lider
Əziz və unudulmaz xatirəsi həmişə bizimlə olan, daim sonsuz sevgi və ehtiramla andığımız Ümummilli liderin əbədiyyətə qovuşduğu 12 dekabr gününü 20 ildir ki, xalqımız dərin kədər və sonsuz ehtiramla qeyd edir. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq əməlləri, müdrik qərarları, xalqımızın xoşbəxtliyi və dövlətimizin qüdrətlənməsi naminə apardığı titanik mübarizə çoxəsrlik tariximizə misilsiz liderlik örnəyi, vətəndaşlıq rəşadəti nümunəsi kimi əbədi həkk olunub.
Ulu öndər Heydər Əliyevin adını qədirbilən xalqımız haqlı olaraq müstəqil Azərbaycan dövləti ilə qoşa çəkir. Dahi rəhbərin dövlətimizin və xalqımızın taleyindəki tarixi rolu, xilaskarlıq missiyasının böyüklüyü zaman keçdikcə daha aydın görünür, qalib və qüdrətli ölkəmiz bu mənzərənin işığında inamla və qürurla böyük gələcəyə doğru addımlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev İli” elan edilmiş 2023-cü ildə Ümummilli liderin arzuları, ideyaları bütünlüklə gerçəkləşdi, Ulu öndərin müqəddəs ruhu bir daha şad oldu. Məhz “Heydər Əliyev İli”ndə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximizin yeni və parlaq səhifələri yazıldı – ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, konstitusiya quruluşumuz bütün ərazilərimizdə bərqərar edildi. Müzəffər Ali Baş Komandanın illərlə həsrətində olduğumuz tarixi torpaqlarımızda – Xankəndidə, Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə Azərbaycanın Dövlət bayrağını ucaltması “Heydər Əliyev İli”nə əlavə möhtəşəmlik gətirdi.
Dünya şöhrətli dövlət xadimi Heydər Əliyev elə bir fenomenal şəxsiyyətdir ki, zaman keçdikcə, onun zəngin irsi, ictimai-siyasi fəaliyyəti, ən mürəkkəb, ziddiyyətli şəraitlərdə verdiyi tarixi qərarlarının nəticələri tədqiqatçıların diqqətini dönə-dönə cəlb edir, müdrik rəhbərin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti daha dərindən öyrənilir. Hər dəfə də bu zəngin irsin, xalqın və dövlətin rifahına yönəlmiş misilsiz fəaliyyətin yeni nüansları, məqamları ortaya çıxır.
Ümummilli lider Heydər Əliyev çıxışlarının birində demişdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”. Bu çətin, eyni zamanda, şərəfli missiya Ulu öndərin xüsusi xidmət orqanlarında fəaliyyətə başladığı illərdən respublikamıza rəhbərlik etdiyi, müstəqil Azərbaycanın təməllərinin qurulmasına və nəhayət müstəqil dövlətimizin tərəqqisinə və inkişafına qədər olan böyük bir yolu əhatə edir. Azərbaycan xalqı xoşbəxtdir ki, həmin tarixi yolu millət atasının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizə, bu gün azad Qarabağımızda aparılan misilsiz quruculuq işlərinə qədər gətirib çıxardıb. Ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi, parlaq, xeyirxah əməlləri ilə aydınlaşdırdığı, işıq saldığı müqəddəs yol bu gün də davam edir.
Unudulmaz rəhbərin siyasətinin başlıca hədəfi Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək idi. Qalib və qüdrətli Azərbaycanın Prezidenti İlham Əliyev bu gün həmin missiyanı şərəflə yerinə yetirir, ölkəmizin birmənalı lider olduğu regionda əbədi sülhün bərpası üçün qətiyyətli səylər göstərir. Dahi rəhbərin insanpərvərlik, humanizm siyasəti uğurla davam etdirilir. Müstəqil dövlətin qurucusunun ölkəmizin və regionun sabitliyi naminə həyata keçirdiyi müdrik siyasətin davamlılığı təmin edilir.
Xalqımızın qüdrətli oğlu Heydər Əliyevin “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin çoxminli kollektivi, tələbələri də bu ali məktəbin dünya şöhrətli məzunu Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği sahəsində ardıcıl səylərini davam etdirir. Çoxminli kollektivimiz bütöv, qüdrətli, qalib, Qarabağı azad etmiş, Xankəndidə Zəfər Paradı keçirmiş Azərbaycanın vətəndaşı olmağın sonsuz fərəh və qürur hissini yaşayır.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi BDU kollektivinin üzərinə böyük məsuliyyət qoymuşdur. Ulu öndərin zəngin irsinin təbliğini, bu irsin gənc nəslə aşılanmasını özünün ali məqsədi hesab edən universitetimizin professor-müəllim heyəti, tələbələrimiz “Heydər Əliyev İli”ndə bu istiqamətdə səylərini daha da artırmışdır. Bu məqsədlə Bakı Dövlət Universitetinin Elmi Şurasında Tədbirlər Planı qəbul olunmuşdur. Tədbirlər Planında müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin misilsiz, çoxşaxəli fəaliyyəti ilə bağlı beynəlxalq elmi konfransların keçirilməsi, fundamental kitabların hazırlanması, xüsusi mühazirələrin və dərslərin təşkili olunması, müxtəlif müsabiqə və festivalların keçirilməsi və s. kimi mühüm tədbirlər öz əksini tapmışdır.
Universitetin və ölkəmizin nüfuzlu alimlərinin, ictimai-siyasi, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə təşkil olunan silsilə xüsusi mühazirələrdə, ustad dərslərində, dəyirmi masalarda tələbə gənclərə xalqımızı ağır sınaqlardan siyasi müdriklik və məharətlə, əzm və iradə ilə, dühasının və idrakının yenilməz gücü ilə çıxarmış, dövlət müstəqilliyinə, tərəqqiyə və dayanıqlı inkişafa qovuşdurmuş qüdrətli dövlət başçısı Heydər Əliyevin çoxşaxəli və zəngin fəaliyyəti, onun milləti, xalqı qarşısında misilsiz xidmətləri haqqında ətraflı məlumat verilir.
Xalqımızın və dövlətimizin ötən əsrin 70-ci illərindən başlayaraq əldə etdiyi bütün uğurlarının təməlində fenomenal şəxsiyyət Heydər Əliyevin müdrik siyasətinin, nurlu əməlləri və parlaq simasının dayandığı əsaslandırılır. Həyatının əsas məqsədi, başlıca amalı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi olan dahi rəhbər bütün mənalı ömrünü bu ali məqsədlərə nail olunmasına həsr edib, dövlətimizin möhkəmlənməsində, xalqımızın rifahının yüksəldilməsində misilsiz xidmətlər göstərib.
“Heydər Əliyev İli”ndə universitetin alimlərinin Ümummilli liderin fəaliyyətinin müxtəlif sahələrini özündə əks etdirən kitablar yazılması xüsusilə təqdirəlayiqdir. Universitetin nüfuzlu alimlərinin ərsəyə gətirdiyi bu nəşrlər bugünkü əhəmiyyəti ilə yanaşı, gələcək nəsillər üçün, elmi-tədiqiqatçılar üçün mənbə rolunu oynayacaq, Ulu öndərin irsinin, tarixi xidmətlərinin gələcək əsrlərə və nəsillərə ötürülməsinə öz töhfəsini verəcəkdir.
Bakı Dövlət Universitetində ən müxtəlif platformalarda tədbirlər, layihələr davamlı olaraq həyata keçirilir. Universitetin müəllimləri, tələbələrimiz ölkəmizin qüdrətlənməsi, müdrik dövlət xadimi Heydər Əliyevin inkişaf doktrinasının həyata keçirilməsi istiqamətində öz missiyalarını ləyaqətlə yerinə yetirirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş elmimizə və təhsilimizə xidmət göstərməkdən şərəf duyurlar.
Xalqına misilsiz xidmətlərinə, doğma Vətəninə sonsuz sevgisinə görədir ki, bu gün dahi şəxsiyyət Heydər Əliyev ölkəmizin hər bir yerində, onun hüdudlarından kənarda belə hər bir azərbaycanlı tərəfindən minnətdarlıqla anılır, əziz xatirəsi həmişə uca tutulur. Bu gün bütün uğurlarımızın və qələbələrimizin banisi, müstəqil Azərbaycanın memarı, dövlətçiliyimizin xilaskarı, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevi sevgi ilə, ehtiramla və sonsuz minnətdarlıq hissləri ilə yad edirik.
Əziz və unudulmaz Ümummilli liderimizə Allahdan rəhmət diləyir, banisi olduğu və bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə inkişafının ən yüksək mərhələsini yaşayan qüdrətli Azərbaycanımıza daha böyük uğurlar, qələbələr, zəfərlər arzulayırıq.
Əminik ki, müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin layiqli davamçısı, ölməz rəhbərin siyasi kursuna sədaqətin rəmzinə çevrilən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurları davam edəcək, ardıcıl qələbələrimiz, tarixi zəfərlərimiz sarsılmaz xalq-iqtidar biriliyinin sayəsində özünün yeni inkişaf mərhələlərini yaşayacaqdır.
Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru