“Məhəmməd İqbalın urdu ədəbiyyatındakı yeri” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Məhəmməd İqbalın urdu ədəbiyyatındakı yeri” mövzusunda elmi seminar keçirilib.
Seminarın məruzəçisi, İran filologiyası kafedrasının baş müəllimi Aygün Aslan qeyd edib ki, Məhəmməd İqbal təkcə XIX-XX əsr Hindistan və Pakistan ədəbiyyatının, xüsusən bu ədəbiyyatın urdu qolunun mütəfəkkir şəxsiyyəti deyil, ümumşərq ədəbiyyatı kontekstində fərqlənən böyük sənətkardır. Orta əsrlər Şərq poeziyasının ənənələrinə sadiq olan Məhəmməd İqbal fars, ərəb, urdu, ingilis, alman dillərində əsərlər yazıb. O, Əfqanıstanda, Türkiyədə, Orta və Yaxın Şərq ölkələrində və Avropada olduqca məşhurdur. Təsadüfi deyil ki, ədibin ədəbi və fəlsəfi-estetik irsi Pakistan və İrandan sonra ən çox Türkiyədə öyrənilir, tədqiq edilir.
Aygün Aslan daha sonra müasir urdu ədəbiyyatını və buradakı son ədəbi prosesləri də geniş təhlil edib.
Seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.