İqtisadiyyat və Humanitar Kollecdə soyqırım qurbanları anılıb
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru, professor Səhər Orucova çıxışında 1918-ci ilin mart soyqırımının bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın olduğunu deyib. Qeyd edib ki, bu dəhşətli soyqırım aktına hüquqi-siyasi qiymət Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb, martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Bu sahədə aparılmış araşdırmalar nəticəsində yeni faktlar və sənədlər toplanılıb. Ümummilli liderin siyasətini davam etdirən Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət ayırıb.
Kollecin tarix müəllimləri Aynur Əkbərova və Kərəm Quliyev ermənilərin törətdikləri soyqırımlarla bağlı faktları arxiv sənədləri əsasında tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Qeyd olunub ki, təkcə 1905-1909-cu illərdə erməni terror qrupları tərəfindən 200-dən artıq qanlı aksiya həyata keçirilib. 1905-1907-ci illər ərzində daşnak silahlı qüvvələrinin sayı 100 min nəfərə çatdırılıb. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min nəfərdən çox azərbaycanlını qətlə yetirib, evləri qarət edib, yandırıb. Təkcə Bakıda 30 min nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.
Sonra tələbələrin ifasında "Soya qayıdış" adlı tamaşa göstərilib, şeirlər səsləndirilib.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib.